Rusiya Türkiyəyə yaxınlaşır Dünya

Rusiya Türkiyəyə yaxınlaşır

Prezidentlər bu il də görüşəcəklər

Cavid

Bu il Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın 2015-ci ildə Rusiyada görüşünün keçiriləcəyi bildirilib. "RİA Novosti" xəbər verir ki, bu barədə jurnalistlərə Türkiyənin Rusiyadakı səfiri Ümid Yardım deyib. Səfir qeyd edib ki, ötən il yüksək səviyyədə görüş Türkiyədə keçirildi: "Bu il ərzində də analoji görüş keçiriləcək".
Xatırladaq ki, V.Putin və R.T.Ərdoğanın görüşü ötən il dekabrın 1-də keçirilib. Həmin vaxt dövlət başçılarının təkbətək görüşü planlaşdırılandan təxminən 3 dəfə uzun çəkmişdi. Görüşdə Suriyada vəziyyətin nizamlanması və Ukraynadakı böhran da müzakirə edilib. V.Putin Türkiyəyə səfəri zamanı Qara dənizin dibi ilə yeni qaz kəmərinin tikiləcəyini bəyan etdi. Yeni qaz kəməri "Cənub axını" qaz kəmərinin əvəzinə çəkiləcək.
Rusiyanın son illərdə türkiyəyə yaxınlaşmasının səbəbi nədir?
Politoloq Ruslan İzzətli bildirib ki, Rusiya hazırda Türkiyə üçün bir xammal bazarıdır və türklər də bundan çox doğru istifadə edirlər. Politoloq Ərdoğan və Putinin növbəti görüşündə müəyyən siyasi mesajların olacağını vurğulayıb: "Bu gün Rusiyanın iqtisadi baxımdan kifayət qədər ciddi problemləri var. Növbəti baş tutacaq görüşdə "Cənub axını" ilə bağlı hər hansı bir irəliləyiş olmayacaq. Özəlliklə də yaxın 5-6 ildə bu layihənin reallaşacağı gözlənilmir. Putin əslində, bu görüşlə Türkiyə vasitəsilə Qərbə siyasi ismarıc göndərmiş olacaq. Eyni zamanda bu görüşdə bir sıra iqtisadi müqavilələrin imzalanması ilə münasibətlər daha da güclənəcək. Moskva Ankara vasitəsilə öz maraqları naminə iqtisadiyyatını gücləndirə biləcək. Çox güman ki, türkiyəli iş adamları tərəfindən Rusiyaya yatırımlar da gündəmdə olacaq. Qeyd edim ki, Türkiyə öz iqtisadi dövriyyələrini artırmaq üçün Qərbin sanksiyalarına tuş gələn Rusiyanın hazırkı vəziyyətindən öz məqsədləri üçün istifadə edəcək. Türkiyə - Rusiya iqtisadi yaxınlaşmasının güclənməsi, eyni zamanda, Ankaranın iqtisadi cəhətdən inkişaf etməsi Bakının da xeyrinədir. Münasibətlərin daha da yaxınlaşması Ankaranın Qarabağ mövzusundakı müsbət mövqeyinə heç zaman təsir göstərə bilməz. Regionun geosiyasi vəziyyəti, Ukrayna məsələsi, Rusiyanın AŞPA-dakı son durumu və ən nəhayət, Qarabağ mövzusu diqqət mərkəzində olacaq". Politoloq bildirib ki, nəinki Putin, eyni zamanda Ərdoğan da Qərbə önəmli siqnallar verərək öz siyasi maraqlarından çıxış edəcəklər: "Türkiyənin Qərbdən üz döndərib Rusiya ilə siyasi bağlantı qurması əlbəttə ki, ölkəyə heç bir xeyir vermir. Ancaq Rusiya ilə iqtisadi əlaqələrin daha da gücləndirilməsi və bir sıra layihələrə imza atılması təbii ki, Ankaranın maraqları çərçivəsindədir".
Onu da vurğulayaq ki, Ankara və Moskvanın iqtisadi münasibətləri istənilən səviyyədə olmasa da, bu əlaqələrin tarixinə nəzər salsaq, iqtisadi münasibətlərin son illərdə əvvəlkindən daha yaxşı olduğunu görə bilərik. Ötən ilin rəsmi statistik məlumatlarına əsasən, Türkiyənin tikinti şirkətləri Rusiyanın müxtəlif bölgələrində ümumi dəyəri 2 milyard 233 milyon dollar olan 33 layihə reallaşdırır. İki il bundan əvvəl isə Türkiyə tikinti şirkətləri Rusiyada ümumi dəyəri 2 milyard 914 milyon dollar olan 64 layihə həyata keçiriblər.
Digər tərəfdən, Türkiyə Statistika İnstitutunun (TÜİK) hesabatına əsasən, 2012-ci ildə Türkiyə Rusiyadan 26 milyard 625 milyon 286 min dollar, 2013-cü ildə isə 25 milyard 64 milyon 885 min dollar dəyərində məhsul idxal edib. Türkiyədən Rusiyaya ixrac isə 2012-ci ildə 6 milyard 680 milyon 777 min dollar, 2013-cü ildə isə 6 milyard 964 milyon 209 min dollar təşkil edib.
Bütün bunlarla yanaşı, Ankara və Moskva qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2020-ci ilə qədər 100 milyard dollara çatdırmağı planlaşdırırlar.
Ticarət sahəsində Ankaranın ən böyük tərəfdaşı məhz Moskva olmasına baxmayaraq, Türkiyə bu sahədə Rusiyanın tərəfdaşları sırasında yalnız 7-ci yerdədir.
Türkiyə-Rusiyanın iqtisadi münasibətlərinin artan xətlə inkişaf etməsi heç də siyasi maraqların üst-üstə düşməsi anlamına gəlmir.
Ankara və Moskva arasında fikirayrılığı əsasən Suriya böhranının həlli və Ukrayna məsələsindədir.
Buna baxmayaraq, tərəflərin iqtisadi maraqlarının daha üstün olduğunu və iki ölkənin bu sahədə əməkdaşlığının inkişaf edəcəyini söyləmək olar.
Ekspert Nazim Cəfərobun fikrincə isə ümumilikdə iki ölkə arasındakı münasibətlərdə enerji amilini təhlil edərkən aşağıdakı əsas məqamları xüsusi ilə qeyd etmək vacibdir: "Birincisi, soyuq müharibədən sonra Rusiya-Türkiyə münasibətlərində həm qlobal sistemin dəyişən xarakteri, həm regional, həm də daxili şərtlərin təsiri ilə mahiyyət dəyişikliyi baş verməkdədir. Bu dəyişim prosesini, müəyyən mərhələlər istisna olmaqla, tarixən kəskin rəqabət xarakteri daşıyan münasibətlərin çoxistiqamətli intensiv əməkdaşlığa çevrilməsi kimi qiymətləndirmək olar. Soyuq müharibədən sonra Rusiya və Türkiyənin xarici siyasətlərində ortaya çıxan yeni strateji konsepsiyalar iki ölkə arasındakı əməkdaşlıq prosesinin önəmini gücləndirib. Belə ki, Rusiya baxımından qlobal mənada çoxqütblü beynəlxalq sistemin təmin edilməsi və bu çərçivədə regional müstəvidə Avrasiyada Qərb təsirinin gücləndirməsinə mane olunması üçün Türkiyənin mövqeyi mühüm əhəmiyyət kəsb etməkdədir. Xüsusən son dövrlərdə "soyuq müharibə" ritorikasını tamamilə tərk edərək "360 dərəcə xarici siyasət" kursu tətbiq etməyə başlayan Türkiyə üçün isə Rusiya mühüm qlobal və regional əməkdaş rolunu oynamaqdadır. İkincisi, enerjinin iqtisadi və strateji önəmi həm Rusiyanın, həm də Türkiyənin strateji konsepsiyalarında bu amilə xüsusi önəm verilməsi zərurəti yaratmaqdadır. Rusiya baxımından, enerji amili həm öz iqtisadi tranformasiyasını maliyyələşdirmək, həm də geosiyasi maraqlarını həyata keçirmək baxımından strateji önəm daşımaqdadır. Xüsusilə Vladimir Putinin iqtidara gəlməsi ilə Rusiyanın qlobal və regional maraqlarının həyata keçirmədə enerji amili əsas strateji vasitələrinin başında gəlməyə başlamışdır. "Enerji supergücü" olma strategiyası kimi xarakterizə edilən bu yanaşma, qlobal önəmdə enerji ehtiyatlarına malik olan Rusiyanın dünyanın bütün bölgələrindəki enerji ehtiyatlarına təsir gücünün əldə edilməsində və bu ehtiyatların özünə sərfəli şərtlərdə beynəlxalq bazarlara çıxardılmasında mümkün qədər fəal olmanı şərtləndirməkdədir. Üçüncüsü, enerji amilinin Rusiya-Türkiyə münasibətlərində gündəmə gəlməsi yeni bir məqam deyil. Bu məsələnin tarixini bundan 30 il əvvəl, yəni 1984-cü ildə imzalanan SSRİ-Türkiyə Respublikası təbii qaz müqaviləsi ilə başlatmaq olar. Bu kontekstdə tərəflər arasında enerji məsələsinə dair kifayət qədər təcrübənin olduğunu və bu təcrübənin soyuq müharibə reallığında başladığını və sınaqdan çıxdığını demək olar. Dördüncüsü, Rusiya-Türkiyə münasibətlərində enerji mövzusu həm əməkdaşlıq, həm də rəqabət xarakteri daşımaqdadır. Bu münasibətlərdə əməkdaşlıq motivini dəstəkləyən nümunələr 1984 tarixli SSRİ-Türkiyə qaz və 1997 tarixli Mavi Axım kəməri müqavilələridir. Bundan əlavə Cənub Axını layihəsi və bəzən gündəmə gələn, ancaq Türkiyə-İsrail münasibətlərinin pisləşməsi ilə hazırda o qədər də aktual olmayan "Mavi Axın-2" layihəsi bu sıradan sayıla bilər. Rusiya ilə Türkiyə enerji əməkdaşlığının ən mühüm nümunələrindən biri kimi artıq inşa edilməyə başlanan Akkuyu Atom Elektrik Stansiyasını da unutmaq olmaz. İki ölkə arasında enerji rəqabətinin ən mühüm nümunələri isə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərləri və TANAP enerji layihələridir. Rusiyanın İranın nüvə proqramına verdiyi dəstəyinin də eyni zamanda bölgə tarazlığında Türkiyə əleyhinə şərtlər yaradan bir enerji layihəsi olduğunu da xüsusi qeyd etmək lazımdır".
Avropa Putinin ayağına gəldi
Avropa Komissiyası hesab edir ki, "Türk axını" layihəsi iqtisadi cəhətdən sərfəli deyil və ümid dirik ki, "Cənub axını" layihəsi ilə bağlı Moskva ilə danışıqlarımız bərpa ediləcək.
Bunu Avropa komissyasının sədrinin müavini Maroş Şeftoviç deyib. Onun sözlərinə görə, Türkiyəyə 50 milyard kubmetrə yaxın qaz lazımdır. Avropanın da bu həcmdə qaza ehtiyacı var.
"Bəs, bütün bu qazın hamısı niyə Türkiyəyə yönləndirildi? Bu çox baha-başa gələcək. Ona görə də "Cənub axını" layihəsi üzrə danışıqlar bərpa edilməlidir", deyə Şeftoviç bildirib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfəri zamanı həmkarı Rəcəb Tayyib Ərdoğan ilə birlikdə keçirdiyi mətbuat konfransında "Cənub axını" layihəsinin ləğv edildiyini, "Türk axını" layihəsinin həyata keçirələcəyini bildirib.