Krım Rusiyaya birləşdirildi Dünya

Krım Rusiyaya birləşdirildi

Obama ilə Putinin son danışığı da nəticəsiz qalıb
Arseni Yasenyuk: "Ukraynanı parçalamaq istəyənlər gec-tez Ukrayna və beynəlxalq qanunlar əsasında mühakimə olunacaqlar"

Cavid

Krımda keçirilən referendum nəticəsində əhalinin 96,77 faizi muxtar respublikanın Rusiyaya birləşməsinə səs verib. Bunu Krım Ali Şurasının referendumun təşkili üzrə komissiyanın rəhbəri Mixail Malışev deyib. Onun sözlərinə görə, Rusiyaya birləşməyə "hə" deyənlərin sayı 1 milyon 233 min 2 nəfər olub.
Avtomat lüləsi altında keçirilən referendumda "əhalinin fəallığı" isə 83 faiz olub. Daha öncə isə Krımın baş naziri Serqey Aksenov referendumu baş tutmuş hesab edildiyini demişdi.
Qeyd edək ki, Krımda referendum martın 16-da keçirilib. Dünən isə Sergey Aksenovun nəticələrlə bağlı olaraq Rusiyanın paytaxtı Moskva şəhərinə gedib.
Krım tatarlarının böyük əksəriyyətinin bu referendumda iştirak etmədiyini bildirən "Euronews" yerli mənbələrə isitnadən qeyd edib ki, mərkəzi şəhərlərə avtomobillərlə çox sayda seçici gətirilərək referendumda saxtakarlığa yol verilib.
Krımlı siyasətçi Ayder Muydaba Krımda keçirilən referendumun canlı mənzərəsini təsvir edib. Krımlı siyasətçi sosial şəbəkələrdə bu barədə yazır: "Saat 14:00-da yaşadığım beşmərtəbəli binadan çıxıram, qonşular mənə şübhə ilə baxır. Onların gözündə etibarsızlıq görürəm. 4 nömrəli məktəbin yanından keçirəm, bura seçki məntəqəsidir. Küçədə rus musiqisi səslənir. Məntəqənin girişində təxminən 5 insan var, spesifik "şişmiş üzlər" seçilir. Açıq görünür ki, bu gün referenduma hazırlaşmayıblar. Amma birdən polis bölməsindən əllərində səyyar səsvermə qutusu olan seçki komissiyasının üzvləri ilə bir polis çıxır. Və möcüzədir bu. Bizim kazak qadınlarımız. Dünənə qədər onlar özünümüdafiə üçün mübarizə aparırdılar. Bu günsə seçki komissiyasının üzvləridir.
Sonra bazara gedirəm. Baxmayaraq ki, bazar günüdür, amma bura həmişə camaatla dolu olardı. Bu gün isə sanki şəhər ölüb. Yalnız yoldan keçən bir neçə maşın gözə dəyir. Bankomatlar işləmir, nağd pul yoxdur.
Gimnaziyanın yanından keçirəm. Bura da seçki məntəqəsidir, yenə girişdə spesifik üzlər, eyni musiqi.
Pivə verilən yeməkxananın yanından keçirəm. Doğrudanmı səhv etdim, şəhər ölmədi? Burda bir neçə kişi və qadın qrupları gözə dəyir, əgər onları qadın adlandırmaq olarsa. Burda camaat sevinir.
Dairəni tamamlayıb məktəbin idman meydançasının yanından keçirəm. Səkidə oturmuş iki nəfər butulka ilə araq və pivə içir. Deməli, bayram elə bu tip insanlarındır.
Evə gəlirəm, televizoru açıram. Krım kanalı insanları referenduma çağırır. Kanalı dəyişdirirəm. Baxçasarayın Krım tatarlarının kompakt yaşadığı 6 mikrorayonunu göstərirlər. Mikrorayon qadınları referenduma getməyiblər. Əvəzində məscidə gedib Ukraynanın bütövlüyü üçün Allaha dua edirlər. Mənim üçün referendumun nəticəsi budur: şəhər bölünmüşdü. Bir qrup araq butulkasında, digər qrup məscidlərdə. Ölü bir gülüş var. Uşaqların gülüşü eşidilmir, öpüşən gənc cütlüklər, uşaqları ilə gəzən analar gözə dəymir".
Onu da bildirək ki, Krımın separatçı rəhbərliyinin təşəbbüsü ilə keçirilən referendum Avropa İttifaqına üzv 28 ölkənin heç biri tərəfindən qəbul edilməyib.
Avropa Şurası Venesiya Komissiyasi da bu referendumu qondarma hesab edib.
Böyük Britaniyanın xarici işlər naziri Ulyam Heyq də Krımdakı "referendum"u qeyri-legitim hesab etdiklərini deyib.
Krımdakı saxta referendum Fransa xarici işlər naziri Loran Fabius tərəfindən də müsbət qarşılanmayıb. O, açıqlama verərək deyib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət etməli və aqressiyaya son qoymalıdır.
Litva prezidenti Dalya Qribayskate bildirib ki, Krımda hərbi təzyiq vasitəsilə keçirilən referendum qondarmadır və bu addımı ilə Rusiya Ukrayna ərazilərinin ilhaq edilməsinə başladığına işarə vurur.
Digər bir məlumata görə, ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən telefon danışığı zamanı Krım Muxtar Respublikasındakı gərginlik və yarımadanın separatçı rəhbərliyinin təşəbbüsü ilə martın 16-da keçirilən referendum müzakirə olunub.
Telefon danışığında V.Putin diqqəti Ukraynadakı gərginliyin baş verməsi aspektlərinə yönəldib və bu ölkədə millətçi qüvvələrin hakimiyyətə təsir imkanlarının artmasından narahatlığını bildirib. V.Putin B.Obamanı Ukraynada yaşayan rusdilli əhalinin qarşılaşa biləcəyi təhlükənin mövcudluğuna da inandırmağa çalışıb.
O, Ukraynada ATƏT-in monitorinq missiyasının fəaliyyətə başlamasının vacibliyini də telefon danışığı zamanı vurğulayıb.
Daha sonra V.Putin Krım Muxtar Respublikasında keçirilən referendum və onun nəticələrinin beynəlxalq normalara uyğun gəldiyini də qeyd edərək, presedent olaraq, Kosovanı misal çəkib.
B.Obama isə Ukraynanın ərazi bütövlüyünə qarşı yönələn bu referendumun əleyhinə olduqlarını diqqətə çatdırıb: "Krımda keçirilən qondarma referendum Ukrayna Konstitusiyasının müddəalarını pozur. Bundan başqa Rusiyanın hərbi təzyiqi ilə keçirilən bu referendum heç bir halda ABŞ və beynəlxalq birlik tərəfindən legitim sayıla bilməz".
B.Obama bildirib ki, Ukrayna hökuməti baş verənlərlə barışmaq niyyətində deyil və Rusiya vəziyyəti stabilləşdirməkdən ötrü problemin diplomatik yolla həllində maraqlı olmalıdır.
ABŞ prezidenti onu da qeyd edib ki, Krımdan Rusiya hərbi birləşmələri çıxmayana qədər hər hansı diplomatik danışıqların mümkünlüyündən söhbət gedə bilməz.
Dünən isə Krım parlamentinin növbədənkənar iclası keçirilib. İclasda Krımın parlamenti yarımadanın müstəqilliyini elan edib. Bu qərar martın 16-da keçirilən "referendum"un nəticələri əsasında verilib.
Artıq yarımada Krım Respublikası adlandırılacaq. Sevastopol isə xüsusi statuslu şəhər olmaqla respublikanın ərazisinə tabe ediləcək.
Politoloq Ərəstun Oruclu Krımda keçirilən referenduma Qərbin kəskin reaksiyasına münasibət bildirərkən deyib ki, Ukraynanın belə həyasızcasına işğal edilməsi biabrçılıqdır: "Düşünmürəm ki, obrazlı desək, Qərb bütün cəbhə xətti boyunca Rusiyaya müharibə elan edəcək. Ona görə ki, Qərbi qorxudan Rusiyada hərbiçilərin hakimiyyətə gəlməsi ehtimalıdır".
Ərəstun Oruclunun sözlərinə görə, Rusiya artıq Gürcüstandan sonra açıq şəkildə göstərdi ki, o məqsədinə çatmaq üçün Ukraynaya qarşı da hərbi təcavüzdən çəkinməyəcək: "Onu da bildirim ki, bu məsələdə Qərbin reaksiyaları anlaşılandır. Qərb Rusiyanı başqa keyfiyyətdə tərəfdaş kimi görmək istəyirdi, amma təəssüf ki, bu alınmadı. Elə bunun da nəticəsidir ki, artıq Avropa Birliyindən mətbuata sanksiya tətbiq ediləcək Rusiya məmurlarının siyahısı təqdim olunub".
Politoloq hesab edir ki, Qərb Rusiyanın geri çəkilməsi üçün müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışacaq: "Yox, əgər Rusiya həqiqətən də bu cür saxta referendum keçirməklə işğal siyasətinə yol verəcəksə, heç kim gözləməsin ki, Qərb bu məsələdə nikbin davranacaq. Qərbin əlində kifayət qədər hərbi resurs var".
Politoloq həmçinin onu da deyib ki, tam formalaşmamış Ukrayna hakimiyyətinin indiki durumda Rusiyaya qarşı açıq müharibə elan etməsi məğlubiyyətlə nəticələnər: "Amma onu da deyim ki, Rusiyanın Ukraynada münaqişəyə cəlb olunması və özünün də hədəfə doğru getməsi, Rusiya üçün bir tələdir. Artıq görürük ki, Rusiyanın daxilində həmin o sülh marşı deyilən etiraz aksiyasında onminlərlə Rusiya vətəndaşı qoşuldu və Putinin işğalçı siyasətinə etiraz etdi.
Bilirsiz, Ukrayna Rusiyanın ən böyük təbii müttəfiqidir və Rusiyanın Ukraynanın ərazisini belə həyasızcasına işğal eləməsi biabırçılıqdır. Onu da unutmayaq ki, Ukrayna xalqı SSRİ-nin işğalçı siyasətinə qarşı 60-cı illərə qədər partizan müharibəsi aparıb. Həmin vaxt dünyanın böyük gücləri Ukraynaya dəstək olmurdular. Amma bu gün Ukraynanın baş naziri Amerika prezidenti ilə danışıqlar aparır. Yəni mən hesab edirəm ki, Ukraynanın bu yanaşmasının arxasında çox ağıllı və səbirli siyasət dayanır".
Onu da bildirək ki, Ukrayna ordusu ölkənin şimal və cənub istiqamətlərində Rusiya qoşunları ilə qüvvələr nisbətini bərabərləşdirib. Bu barədə Ukrayna xarici işlər naziri vəzifəsini icra edən İqor Tenyux yazılb.
"Biz şimal və cənub tərəfdə qüvvələr nisbətini bərabərləşdirməyə müvəffəq olmuşuq. İndi isə şərq istiqamətində qoşunların sayını artırırıq", - deyə Tenyux bilirib. Onun sözlərinə görə, Ukrayna ilə sərhəddə rus canlı qüvvələrinin sayı 60 minə çatıb.
Yeri gəlmişkən, Krım türklərinin (tatar) son proseslərdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləmələri Rusiyanın ümidlərini puç edib və onlara qarşı münasibətin dəyişməsinə səbəb olub.
Artıq Rusiya mediasında və rusdilli sosial şəbəkələrdə Krım türklərinin bu mövqeyi sərt şəkildə tənqid olunur.
Yarımadanın separatçı rusdilli rəhbərliyi tərəfindən keçirilən "referendum"a qatılmamaları və bu aksiyanı boykot etmələri isə vəziyyəti bir qədər də gərginləşdirib.
Krım türklərinin lideri Mustafa Cəmil Krımoğlu da Putin hökumətinə yaxın media qrumlarının qəzəbinə tuş gəlib. Buna səbəb yarımadada "referendum"un keçirildiyi gün - martın 16-da Krımoğlunun Türkiyəyə səfər etməsi olub. Onun bu addımı Rusiya ictimaiyyətinə dolayısı ilə satqınlıq kimi təqdim edilib.
Martın 16-da isə Mustafa Krımoğlu gözlənilmədən Türkiyəyə səfər edib. O, İzmirdə bu ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanla görüşüb və vəziyyəti müzakirə edib.
Ərdoğan Türkiyənin tək tərəfli olaraq Krıma müdaxilə etməsinin mümkün olmadığını deyərək, Türkiyənin qərb dünyası ilə birlikdə Ukraynanın ərazi bütövlüyünün qorunmasının tərəfdarı olduğunu söyləyib.
Ukraynada isə qismən səfərbərlik elan olunub. Ukrayna prezidenti vəzifəsini icra edən, Ali Radanın spikeri Aleksandr Turçinov bununla bağlı əmr imzalayıb. "Mən Krımdakı hadisələri nəzərə alaraq səfərbərlik əmri verdim", - deyə Aleksandr Turçinov bildirib.
Əmrin qüvvəyə minməsi üçün parlament tərəfindən dəstəklənməlidir.
Rusiya Dumasının deputatı Sergey Mironov Rusiya mediasına bildirib ki, Krımın ilhaqı üzrə Moskvanın qanunverici aktları çox sürətlə qəbul olunacaq: "Krımdakı qardaşlarımız buna qətiyyən şübhə etməsinlər".
Ukrayna mərkəzi hakimiyyətinin baş naziri Arseni Yasenyuk separatçıları işarə edərək ayaqları altında torpağın yanacağını bildirib. O, Ukrayna Nazirlər Kabinetinin iclasında əmin edib ki, Rusiya ordusunun himayəsi ilə Ukraynanı parçalamaq istəyənlər gec-tez Ukrayna və beynəlxalq qanunlar əsasında mühakimə olunacaqlar.
Yaxın saatlarda isə Moskvada Krımın anneksiyasının rəsmiləşdiriləcəyi gözlənilir. Hazırda MDB-nin 2 ölkəsinin qoşunları üz-üzə dayanıb, bir-birini hərbi texnika ilə qorxutmağa çalışırlar. Ukrayna müdafiə naziri martın 21-dək sülh razılaşmasının əldə olunduğunu bildirsə də, Rusiya silahlı qüvələrinin hərbi vertolyotları artıq Krımdan kənarda da Ukrayna BTR-ləri üzərində fırlanır.