Söylə Tona, Qərib səndən keçdimi? Hadisə

Söylə Tona, Qərib səndən keçdimi?

Aşıq Qərib: "Yaman müşkül oldu işi Təbrizin"



Xalq arasında Aşıq Qərib adı ilə tanınan məşhur saz və söz ustası haqqında da çox az məlumat var. Onun həyat və yaradıcılığı barədə ən mötəbər mənbə "Aşıq Qərib" dastanıdır. Əldə olan məlumata görə Aşıq Qəribin əsil adı Rəsuldur, Təbriz şəhərində doğulub boya-başa çatıb.
Məlum olduğu kimi, Təbriz şəhərində XV əsrin sonu və XVI əsrin əvvəllərində ağqoyunluların, sonra Səfəvilərin mərkəzi kimi yüksək inkişaf mərhələsinə çatmışdı. Şah İsmayılın xalq sənətinə böyük qiymət verməsi, Azərbaycan dilinin geniş miqyasda inkişafına, incəsənətin bütün növlərinin daha da çiçəklənməsinə şərait yaradırdı. Bu dövrdə Təbrizin incəsənət ustaları arasında aşıqlar böyük nüfuza malik idilər. XVI əsrdə Təbrizdə yaşayıb-yaradan, "Aşıq Qərib" dastanının yaradıcısı və qəhrəmanı kimi tanınan və Qərib adı ilə məşhur olan (H.Araslı) Aşıq Rəsul da bu mühitdə yetişib.
Aşıq Qərib haqqında az-çox məlumatı şifahi şəkildə xalq arasında yaşayan lirik şeirlərdən, əhvalatlardan və daha çox "Aşıq Qərib" dastanından almaq olar. "Aşıq Qərib" dastanının mövzusu qədim rəvayətlərin, xüsusilə "Kitabi-Dədə Qorqud"un "Bamsı Beyrək boyu" üzərində boy atsa da, görünür, Aşıq Rəsul öz həyatı ilə bağlı olan bəzi hadisələri də dastana köçürməyə nail olub. Əsərdə aşığın ünvanı, əsil adı qeyd olunur. Göstərilir ki, onun adı Rəsul, atasının adı Sövdəgər Saleh, anasının adı Zəhra, bacısının adı Nərgiz, qardaşının adı Heydər olub.
Aşıq Rəsul Yaxın Şərqin bir sıra ölkələrini və məşhur şəhərlərini (Hələb, Diyarbəkir, Ərzurum, Şirvan, Tiflis, Qazax, Qaradağ və s.) gəzmiş, ömrünün çoxunu səyahətdə keçirdiyinə görə Qərib təxəllüsünü götürüb. O, əsatiri və mifik anlayışlara dərindən bələd olub, qədim nağılları, "Dədə Qorqud" boylarının qədim qaynaqlarını, oğuznamələri və rəvayətləri öyrənib, bu onu xalq yaradıcılığının bilicisi, ozan-aşıq və el şairi kimi şöhrətləndirib. Onun yaratdığı "Aşıq Qərib" dastanı XVI əsrdə dəbə düşən buta almış haqq aşığının səciyyəvi xüsusiyyətlərini özündə ümumiləşdirib. Bununla belə bu tipli dastanlar vasitəsilə yaradıcı aşıqlar ilk növbədə öz həyat yollarının vacib xəttini qoruyub yaşada biliblər.
Demək olar, el şairi Rəsul "Aşıq Qərib" dastanında Təbrizin, Tiflisin, Ərzurumun, Hələbin və Qaradağın bəzi əlamətlərini xatırlatmaqla həqiqətən bu yerlərdə olduğunu təsdiq edib. Qərib ailəsi ilə Tiflisə çatanda Tiflisin dağlarını belə təsvir edir:


Tiflisin uca dağları,
Görünərmi, görünməzmi?
Şahsənəmin otaqları
Görünərmi, görünməzmi?

Çağırram, şahların xası,
Silinsin könlümün tası,
Sənanın məzar qalası
Görünərmi, görünməzmi?


Şeirdə Qəribin kiçik qardaşı Heydəri körpü təmiri zamanı Borçalı ərazisindən axan Tona çayının (Dona da deyirlər. İndiki adı Debed çayıdır. Kürün qolu olan Xramçaya tökülür) aparması təsvir olunur. Eynilə Ərzurum dağlarının bəzi əlamətləri xatırlanır. Qərib Hələbdən qayıdarkən yolu Arazdan düşür, oradan Şirvana gəlir, Şirvandan Qazağa, sonra Borçalı diyarında Tona (Dona) çayından keçib Tiflisə varid olur. Qərib gəncliyində Təbrizdən Tiflisə gələndə də yolu bu yerlərdən düşmüş və Dona çayından keçmişdi. Sənəm də Qəribi arzulayanda Tona çayına müraciət edib Qəribi ondan soruşur:


Qanlı Tona, nə axırsan selabdan,
Söylə, Tona, Qərib səndən keçdimi?
Suların durulur güldən, gülabdan,
Söylə, Tona, Qərib səndən keçdimi?


Qərib səyahəti zamanı dürlü ölkələrdə neçə məclislərə düşüb, tanımadığı aşıqlarla qarşılaşmış, bu görüşlərin hamısında o, kamil bir saz-söz ustadı kimi qalib çıxıb, hazırcavablığı və dərin zəkası ilə dillərdə əzbər olub. Buna görə də Qəribin şeirləri və səfəri, başına gələn əhvalatlar Qafqazda, Orta Asiyada və Yaxın Şərqdə geniş yayılıb və müxtəlif variantı olan onlarla dastanın yaranmasına səbəb olub.
Tədqiqatçıların qeyd etdiyinə görə, hələ sağlığında Qəribin şeirlərinin belə geniş yayılmasının başlıca səbəblərindən biri də zamanın bir sıra səciyyəvi xüsusiyyətlərini dastanın ruhuna və məzmununa hopdurulması olub.
Aşıq Qəribin şeirlərində və dastanda həm öz dövrünün dəbdə olan bədii ifadələri, həm də sonralar onun şeirlərinə və dastana yazılan bənzətmələr bir-birinə qarışıb, Qərib şeirinin əsil ruhunu və üslubunu pərdələyib. Bununla belə müəllifə məxsus ifadələr, sözlər, təşbehlər, notlar qorunub yaşayıb. Qərib aşıq şeirinin qoşma və gəraylı şəkillərindən istifadə edib. Onun dilində "Dədə Qorqud" boylarından gələn söz və ifadələr aydın duyulur.
Məhəbbət dastanlarımızın zəngin məzmuna və mündəricəyə malik olan çoxversiyalı və çoxvariantlı nümunələrindən olan "Aşıq Qərib və Şahsənəm" dastanı tədricən Qafqazda və bütün Şərqdə türk, türkmən, özbək, qaraqalpaq, qaraim, uyğur, qabardin, erməni, gürcü, Dağıstan xalqları içərisində geniş yayılıb, onun müxtəlif variantları əmələ gəlib.
Tədqiqatlar göstərir ki, dastan Təbriz aşığı tərəfindən Təbriz və Tiflis mühitində yaradılıb və buradan da qonşu və qohum xalqların məişətinə keçib. Dastanın 1721-ci ildə yazıya alınmış şeir nümunələri də bu fikri doğruldur. Bu nümunələrdə də Qərib Tiflisin adını çəkir:


Bu qarşudan gülə-gülə gəlirsən,
Divanə könlümü ələ alırsan,
Tiflisdən bərgüzar qumaş gətir sən,
Söylə, qumaşın bəhanə, dilbər.


"Aşıq Qərib" dastanı və Aşıq Qəribin dastana düşməyən şeirləri XVII-XVIII əsrlərdə geniş yayılıb, cünglərə də daxil edilib. Dastan XIX əsrdən başlayaraq ayrı-ayrı xalqların dilində çap olunmağa başlayıb. "Aşıq Qərib" dastanı bir neçə aşıqdan yazıya alınıb çoxvariantlı nümunələri əldə edildikdən sonra ətraflı tədqiq olunmağa başlandı. Dastan haqqında H.Araslı, M.H.Təhmasib, M.Seyidov, İ.Abbasov, S.Yaqubova, V.Vəliyev, P.Əfəndiyev, M.Həkimov və başqa folklorçular elmi tədqiqat əsərlərində, dərsliklərində və dərs vəsaitlərində bəhs ediblər. Dastanın əsas qəhrəmanı Aşıq Qərib təbrizlidir. O, butası arxasınca Tiflisə gəlir, uzun müddət burada yaşayıb aşıqlıq edir. Hətta yeddi il Hələb şəhərində qaldıqdan sonra da Tiflisə qayıdıb Şahsənəmlə evlənir. Dastanın Orta Asiya və Qafqaz variantlarında da həmin yerlər sabit qalır. Hətta Tiflis yaxınlığında Qazağın və Tona çayının adı da xatırlanır. V.M.Jirmunski bu dastanı Homerin "Odisseya" əsərinin süjeti ilə müqayisə edib onu çox qədim dövrlərlə bağlayır.
Müxtəlif səbəblər üzündən vətəndən iraq düşüb, sevgilisinin başqasına verildiyindən xəbər tutduqda "mövladan qanad alıb" vətəninə uçmaq, toy mərasiminə gəlib öz arzusuna çatmaq qədim nağıllarımızda olduğu kimi "Bamsı Beyrək boyu"nda və Homerin "Odisseya" əsərində də var. Süjet, kompozisiya nə qədər qorunsa da, dastanın mündəricəsi, surətlərin əksəriyyəti dəyişib, yeniləşib. Dastandan və orada istifadə olunan müxtəlif üslublu şeirlərdən görünür ki, "Aşıq Qərib-Şahsənəm" dastanında, hətta divan ədəbiyyatı müəlliflərinə məxsus cəhətlər də var. M.H.Təhmasib yazır ki, "Hazırda əlimizdə olan "Aşıq Qərib" dastanı, bizcə, bu iki variantın bir-birinə qarışmasından, birləşməsindən əmələ gəlib. Dastanın əsasını daha qədim xalq variantı təşkil edir. XVI əsrdə yaşamış Qissənəvis öz qissəsini yazmaq üçün bu variantdan istifadə edib. Daha sonrakı əsrlərdə isə həmin qissədən bəzən adlar, bəzən epizodlar, bəzən də şeirlər əsil varianta qarışıb və dastanın bugünkü variantı əmələ gəlib.
Dastanın hər variantında iştirakçıların müxtəlif adlar daşıması da onun nə qədər dəyişikliyə uğradığını göstərir. Qəribin əsil adı gah Rəsul, gah da Məqsud, qızın adı gah Şahsənəm, gah da Mahul-Mehri, qızın atasının adı gah Xacə Sənan, gah da Bəhramdır. Rəqibin adı isə gah Şəhvələd, gah da Xurşud bəydir.
Dastanda Təbriz haqqında iki şeir var. Onlardan birincisi Təbrizin yüksək bir mədəni mərkəzə çevrildiyi dövrü təsvir edir, ikincisi isə 1585-ci ildə Osman paşa ordusunun Təbrizdə törətdiyi vəhşilikləri əks etdirir. Yuxarıda xatırlatdığımız qədim cünglərə, "Nəğmələr məcmuəsi"nə və H.Araslının qənaətinə əsaslanıb demək olar ki, XVI əsrdə yaşayıb, mükəmməl biliyə malik olan Qərib təxəllüslü şair qədim süjetlərdən (xüsusilə "Bamsı Beyrək boyu") istifadə etsə də, Təbrizin dağıdılmasını, dövrün çətinliklərini yerli əhalinin qürbət ellərə köçməsini və s. qədim məlum süjetlə çarpazlaşdıra bilib. Toplanmış variantları diqqətlə tutuşdurub qədim versiya yeni variantları müqayisə etsək, Qəribin Təbrizdə buta alması da əlavə kimi görünür. Belə ki, dastanın əvvəlində deyildiyi kimi, Rəsulun atası öldükdən sonra İsfahan lotuları Rəsulu aldadıb var-dövlətini aparırlar. Təbriz şəhəri də əvvəlki əzəmətini itirib, xalq yoxsullaşıb. Rəsul hara əl atırsa, münasib sənət tapa bilməyib ailəsini götürüb çox çətinliklə Tiflisə gəlir. Evsizlik və yoxsulluq burada da ortaya çıxır. Qürbətə düşən Rəsul Qərib adını qəbul edir və buradan da Hələb şəhərinə pul qazanmağa getməli olur.
Aydın görünür ki, Qəribin ailəsini götürüb Təbrizdən keçməsinin əsas səbəbi ehtiyacdır. Lakin dastan müəllifi süjeti zənginləşdirmək məqsədilə ənənəvi məhəbbət motivini ön xəttə çəkib, buna görə də qəhrəmanın qələbəsini təmin etmək üçün Xızır İlyasın hamiliyindən istifadə edib. Bu dövrdə Əli kultunun hələ geniş yayılmaması da göstərir ki, dastanın ilk orijinal variantı XVI əsrdən bir qədər də əvvəllərdə yaradılıb. Bundan sonra dastan yuxarıda deyildiyi kimi, iki istiqamətdə təzələnib. Birincidə xələflər öz sələlərinin ənənəsini davam etdirib, yəni elə XVI əsrdən başlayaraq ustad-şagird ənənəsi dastanı zaman-zaman yeniləşdirib. İkincidə isə M.H.Təhmasibin qeyd etdiyi kimi, divan ədəbiyyatı müəllifi həmin süjetdə orijinala yaxın üslubda dastanı işləyib. İkinci variant bütövlükdə əldə yoxdur, toplanmış variantlara qarışıb. Bununla belə şeirlər həm şəkilcə, həm də üslub və ifadə baxımından aydın seçilir.
Dastanın bütün variantlarında Qərib butasına qovuşmaq üçün yoxsulluğa, əzab və işgəncələrə dözür. Doğrudur, ona Qurbanidə, Abbas Tufarqanlıda olduğu kimi nə vəzirlər, nə də Şah Abbaslar mane olur. "Aşıq Qərib"də başlıca səbəb maddi ehtiyac və başlıq puludur. Dastanda sevgi xətti, ağ atlının fövqəladə köməyi nə qədər qabarıq təsvir olunsa da, yenə də Qəribin diyardan-diyara keçməsi ehtiyacın nəticəsində baş verir. Dastanda Qərib aşıq sənətini, onun keçmişini dərindən bilən kamil bir ustad kimi təsvir olunur. O, Tiflisdə də, Hələbdə də məclislərdə oxuyarkən hamını heyran edir. Buna görə də yoxsul olsa da, sənətinə, biliyinə hər yerdə hörmət edirlər.Dastanın süjeti əsasında M.Y.Lermontov hekayə yazmış, R.M.Qliyer "Şahsənəm", S.Hacıbəyov isə "Aşıq Qərib" operettalarını bəstələyiblər.

Qara Namazov
professor