Nuhla bağlı əfsanələr Hadisə

Nuhla bağlı əfsanələr

...Naxçıvan və ətraf bölgələrdə daha çox yayılıb

I yazı

Azərbaycanın dərin bədii-fəlsəfi məzmun və zərif poetik formaya malik xalq ədəbiyatı – folkloru var. Xalqın gerçəkliyə münasibətinin poetik məhsulu olan bu nümunələrdə azərbaycanlıların minilləri əhatə edən fiziki və mənəvi yaşam tarixi, etnopoetik düşüncə təcrübəsi inikas olunub. Bu folklor yaradıcılığının epik, lirik və dramatik növləri çoxsaylı nümunələrlə təmsil olunur. Onlar içərisində "Kitabi-Dədə Qorqud" və "Koroğlu" eposları (qəhrəmanlıq dastanları), "Əsli və Kərəm", "Tahir və Zöhrə", "Aşıq Qərib" və s. kimi romanik eposlar (məhəbbət dastanları) türk-oğuz kosmosunun hüdudlarını aşaraq, fərqli etnik-mədəni areallarda yayılıb və Azərbaycanı bütün dünyada tanıtmış transmilli mədəniyyət abidələridir.
Zəngin və mürəkkəb janr tərkibinə malik Azərbaycan folklorunun epik fondunda əfsanələr xüsusi çəkiyə malikdir. Maraqlı məzmuna malik olan bu mətnlərin əsas keyfiyyətlərindən biri onlarda arxaik təsəvvürlərin qorunub qalmasıdır. Əsasən dağ, daş qaya, bulaq, çay, dəniz kimi təbii-coğrafi obyektlərin, bitkilər və heyvanlar aləminin, Ay və Günəş kimi astral cisimlərin, qala, dəyirman, körpü kimi mədəni obyektlərin necə yaranmasından bəhs edən bu əfsanələr mənşəyinə görə birbaşa qədim türk kosmoqonik mifləri ilə əlaqədardır.
Maraqlıdır ki, sözügedən əfsanələr özündə təkcə Azərbaycan-türk etnosunun yaranış haqqındakı ilkin fəlsəfi-kosmoqonik konsepsiyasını yox, eyni zamanda bütün dünyanın yaranış ssenarisini əks etdirir. Bütün səmavi dinlərin və dünya mifologiyalarının universal personajları olan Nuh (Noy), Süleyman (Solomon), Davud, Xızır, İlyas (İlya) və s. kimi peyğəmbərlərlə bağlı əfsanələr Azərbaycan folklor təfəkkürünün bədii-coğrafi hüdudlarının genişliyini, tematik zənginliyini, etnokosmik universalizmini göstərməklə bərabər, qədim türk epik düşüncəsinin dünya epos yaradıcılığının bir qolu olduğunu da təsdiq edir.

Nuh peyğəmbər dünya mifoloji-epik ənənəsində

Nuh peyğəmbərin obrazı dünyanın ən müxtəlif xalqlarının miflərində, folklorunda, dini görüşlərində, o cümlədən səmavi dinlərində vahid süjet kompleksi daxilində son dərəcə geniş yayılıb. Bu mətnlərdə onunla bağlı dünya daşqını, Nuhun bu daşqında canlı aləmin bütün növlərini xilas etməsi xırda dəyişikliklərlə özünü vahid süjet şəklində qoruyur. C.C.Frezerin tədqiqatından məlum olur ki, Nuhun tufanı haqqında "Bibliya"nın ("İncil"in) qədim variantı olan "Əhdi-Ətiq"dəki ("Köhnə əhd"dəki) teokosmik məlumat qədim babillilərin, yəhudilərin, qədim yunanların, qədim hindlərin, Şərqi Asiyalıların, Malay arxipelaqı adaları sakinlərinin, Avstraliya aborigenlərinin, Yeni Qvineya və Melaneziya yerlilərinin, Polineziya və Mikroneziya xalqlarının, Cənubi Afrika aborigenlərinin, Mərkəzi Amerika və Meksika xalqlarının, Şimali Afrika xalqlarının mifoloji-dini ənənəsində də mövcuddur.
Nuh haqqındakı məlumatların fərqli qitələrdə, biri-birindən zaman və məkanca uzaqda yaşayan xalqların mifoloji-dini mətnlərində, o cümlədən səmavi dinlərin "Tövrat", "İncil", "Quran" kimi müqəddəs kitablarının yayılma areallarından tamamilə kənarda qalmış etnoqrafik qrupların, cəngəlləliklərdə yaşayan qəbilə və tayfaların folklorunda heyrətamiz dərəcədə oxşar, yaxud eyni olmasının səbəbləri haqqında alimlər müxtəlif izahlar, nəzəriyyələr irəli sürsələr də, həmin izahlar harada və hansı zamanda yaşamasından asılı olmayaraq, dünyadakı bütün insanların vahid genetik struktura malik antropoloji varlıq olması kontekstində, hələ ki, məntiqi görünmür.
M.Məmmədova görə, kosmik qəza ilə bağlı ümumi sxem qədim türk, Avesta və islamla bağlı mifoloji mətnlərdə də öz əksini tapıb. Tufan haqqında miflərdən biri Erlik və Ülgen ilə bağlıdırsa, altayların tufan ilə bağlı başqa bir əfsanəsinin əsasını müsəlman və xristian qaynaqlarından gələn "Nuh" tufanı rəvayətindəki ünsürlər təşkil edir. ...Zərdüştiliyin müqəddəs kitabı olan "Avesta"da ümumdünya daşqınına oxşar mif də mövcuddur.

Nuh peyğəmbər səmavi dinlərdə

Dünya folklorunda Nuh haqqındakı məlumatın əsas mənbəyi həm də səmavi dinlərlə bağlı kitablardır. S.S.Averinçev dünya mifoloji-dini ənənəsindəki Nuh obrazlarını araşdıraraq yazır ki, o, iudaizm və xristian rəvayətlərində dünya daşqını haqqındakı mətnlərin qəhrəmanı, daşqından xilas olmuş mömin və gəmini düzəldəndir. Şumer-Akkad ənənəsindəki Ziisudra, Atraxasis, Ut-Napişti, yunan ənənəsindəki Devkalion kimi personajlarla müqayisə olunur. Heyvanların və quşların xilaskarı, öz oğlanları Sim, Ham və Yafətdən başlanmaqla daşqınsonrası bütün bəşəriyyətin əcdadıdır.
"Quran"da bütün səmavi dinlərdə adı keçən məşhur peyğəmbərlərdən, o cümlədən Nuh peyğəmbərdən geniş bəhs olunur. Ayrıca olaraq "Hud" surəsinin 25-49-cu ayələrində, o cümlədən "Nuh" surəsində dünya daşqını təsvir olunur. "Hud" surəsində göstərilir ki, Allah təktanrılığı təbliğ etmək üçün Nuhu öz xalqına peyğəmbər olaraq göndərir. Lakin çox az adam onu eşidir. Əksəriyyət insanlar onu yalançı sayırlar. Nuh onları Allahın əzabının gələcəyi ilə xəbərdar edir. "Hud" surəsində deyilir:
"36. Nuha belə vəyh olundu: "Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə!
37. Nəzarətimiz altında və vəhyimiz üzrə (sənə öyrədəcəyimiz kimi) gəmini düzəlt, zülm edənlər barədə mənə müraciət etmə. Çünki onlar suda boğulacaqlar".
Nuh bütün canlılardan biri erkək və biri dişi olmaqla bir cüt, insanlardan və ailə üzvlərindən isə iman gətirənləri gəmiyə mindirir. Onun Kənan adlı oğlu iman gətirmədiyi üçün gəmiyə minmir və bir dağa sığınır. Bütün iman gətirməyən insanlar suda boğulub məhv olurlar. Nuh oğlunun bağışlanmasından ötrü Allaha dua etsə də, qəbul olunmur. Torpaq Allahın əmri ilə suyu udur. Su çəkiləndə Nuhun gəmisi Cudi dağının üzərinə oturur. İnsanlar da daxil olmaqla bütün bəşəriyyətin yeni başlanğıcı gəmidən enən insan və heyvanlarla başlanır.

Nuh peyğəmbər qədim oğuz-türk epik ənənəsində

Qədim oğuz eposu "Oğuznamə"nin müxtəlif variantlarında Nuh peyğəmbərin oğuz-türk milli etnik düşüncəsindəki yeri insanlığın ilahi yaradılışının universal sxemi daxilində təqdim olunur. Bu sxemlərdə Nuh peyğəmbər daşqınsonrası tarixin başlanğıcı olaraq götürülür. XIV əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Oğuznamə"sində oğuzların nəsil şəcərəsi Nuh peyğəmbərlə başlayır. Oğuz xan bu şəcərədə Yafət, Dib Yavku xan və Qara xandan sonrakı pilləni təşkil edir. XVII əsr tarixçisi Əbülqazi Bahadır xanın "Oğuznamə"sində isə ilk insan Adəm peyğəmbərdən sonra 10-cu pillədə Nuh peyğəmbər, 12-ci pillədə Türk, 19-cu pillədə Oğuz xan gəlir. Beləliklə, bu xronikalarda azərbaycanlıların ulu babaları olan Türk və Oğuz xan birbaşa Nuh peyğəmbərə bağlanır. Bu yanaşma Nuh peyğəmbərin oğuz-türk mifoloji-epik ənənəsinin üzvi struktur elementinə çevrilməsinin əsasında durur.

Nuh peyğəmbər haqqında əfsanələr

Nuh haqqında "Quran"da və digər səmavi kitablarda olan obraz və motivləri dəyişik şəkillərlə Azərbaycan əfsanələrində müşahidə edirik. M.Məmmədova görə, Azərbaycan folklorunda Nuhun tufanı haqqındakı əfsanələrin əsas mənbəyi islam dininin müqəddəs kitabı "Qurani-Kərim"dir: "Ümumiyyətlə, Azərbaycan mifologiyasında Kosmik qəza, Tufan, Ümumdünya daşqını ilə bağlı miflər İslam dininin təsiri altında formalaşıb. Türk xalqlarının mifologiyasında bu mövzuda miflərin Nuh peyğəmbərin adı ilə bağlanması qədim tarixi ənənədir".
Lakin bu əfsanələri təkcə "Quran" hekayələrinin folklorlaşmış variantı hesab etmək doğru olmaz. Çünki əfsanələrdə Nuh haqqında dini məlumatlarla qədim türk komoqonik (yaradılış) və esxatoloji (dünyanın sonu) təsəvvürlərinin sintezini açıq şəkildə müşahidə edirik. A.Babək bu fərqə diqqət çəkərək yazır ki, Nuhun tufanı haqqında məlumat "Quran"dan əvvəlki müqəddəs kitablarda da var. Lakin maraqlı olan budur ki, dini kitablarda Nuhun tufanındakı sel-su yaradıcı ünsür, yaradıcı stixiya kimi göstərilmir. Ancaq xalq arasında Nuhun tufanı haqqındakı əfsanələrdə su yaradılışla bağlıdır". Sözügedən əfsanələrin tədqiqi göstərir ki, onlarda arxaik mifoloji görüşlərlə dini görüşlər biri-birinə qarışaraq vahid poetik forma halına gəlib.

Nuh haqqında əfsanələrin yayılma sahələri

Nuh peyğəmbər haqqında əfsanələrə Azərbaycanın bütün folklor mühitlərində rast gəlinir. Lakin onlar Azərbaycanın qədim diyarı Naxçıvan və onun ətrafındakı bölgələrdə daha çox yayılıb. Naxçıvan folklor mətnlərində Nuh adı çox məşhurdur. Bölgənin yer-yurd adları, dağları, müxtəlif təbii-coğrafi obyektlərinin bir çoxu Nuhu yada salır. Nuh peyğəmbərin adı burada, ümumiyyətlə, Naxçıvan torpağının yaranması ilə əlaqələndirilir. Heç təsadüfi deyil ki, M.Cəfərli bölgənin xalq yaradıcılığını "Nuhdan və mifdən başlanan Naxçıvan folkloru" kimi səciyyələndirib.
Nuhla bağlı Azərbaycan əfsanələrini ümumiləşdirdikdə onların vahid obraz-süjet kompleksini təşkil etdiyini görürük. Əfsanələr üçün səciyyəvi olan obrazlar aşağıdakılardır:
İnsanlar: Nuh peyğəmbər, Nuhun oğlu, qızı, qarı.
Dini varlıqlar: şeytan
Heyvanlar: ilan, it, eşşək, siçan, kəsəyən.
Quşlar: qaranquş, göyəçin, qarğa, ağ quzğun, boz sərçə, toyuq.
Həşəratlar: mozalan.
Təbiət obyektləri: Ağrı dağı, Gəmiqaya, İnandağ (İlandağ) Kəmki dağı, Qısırdağ, Baladağ, Qaranquş yaylağı, Nuhdaban.
Əşyalar: gəmi, cəhrə, təndir.
Stixiyalar: sel, su, daşqın, tufan.
Sözü gedən əfsanələrin süjeti aşağıdakı motivlərdən təşkil olunur: daşqın haqqında xəbər; gəmininin düzəldilməsi; qarının yaddan çıxması; gəmidəki macəralar; torpaq axtarışı; nuhun ad verdiyi Naxçıvan dağları; yeni həyatın başlanğıcı.


Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru