Dilqəmin səhhəti pisləşib Hadisə

Dilqəmin səhhəti pisləşib

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun səhhəti pisləşib.
Bunu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib. Bir nəçə gün öncə atasından məktub aldığını deyən K.Əsgərov bildirib ki, atası məktubunda çox dəhşətli məqamlara işarə edib: "Məni əsas narahat edən atamın sağlamlığıdır. Məktubda atam bəzi ciddi məqamlara toxunub. Beynəlxalq Qızıl Xaç Komitəsinə bildirdik ki, atamın səhhətində ciddi problemləri var. Amma cavab verən olmadı. Onlar heç bir işlə məşğul olmurlar. Mən atama yazmışdım ki, səhhətində nə problemin var, o isə mənə cavab yazıb ki, başım və ürəyim hələ sağdır. Görün atam necə vəziyyətdədir ki, yazır ki, ürəyi və başı salamatdır. Görüş zamanı atama 500 manatlıq paltar alıb göndərmişdim. Atam isə yazıb ki, ay oğlul o göndərdiyin paltarın cibinə bir konfet də qoyub göndərə bilmirdin?
Mən yüz fazi bilirəm ki, atama yemək vermirlər, atam ac qalır. Məktubda atam ərzaq göndərilməsini istəyib. Ona yemək vermirlər. O yazıb ki, bu ərzaq siyahısını Beynəlxalq Qızıl Xaç Komitəsinə ver və de ki, mənə bu ərzaqları versinlər. Atama görə çox narahatıq"