“Çoxqütblü dünyaya doğru” Hadisə

“Çoxqütblü dünyaya doğru”

Qlobal Bakı Forumu öz işinə başlayıb


Dünən Bakıda Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "İnterAaction Council", Madrid Klubu, İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elmlər və Mədəniyyət Akademiyası ilə əməkdaşlıq çərçivəsində IV Qlobal Bakı Forumu öz işinə başlayıb.
"Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edilən Forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olunub.
Tədbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.
Forumun "Çoxqütblü dünyaya doğru" mövzusuna həsr edildiyini nəzərə çatdıran İsmail Serageldin Yunanıstan böhranının bazar iqtisadiyyatının da bir çox problemi ortaya çıxardığını göstərdiyini qeyd edib: "Çoxqütblü dünyaya doğru" şüarı ilə əməkdaşlıq etməyə can atan dövlətlərin sayı çoxalıb. "Əl-Qaidə" terror təşkilatı Qərbdə müsəlman əhaliyə qarşı münasibəti pisləşdirib. Bu, tək iqtisadi deyil, sosial, mədəni məsələlərdir. Ona görə də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması qərara alınıb. Biz anladıq ki, get-gedə çoxqütblü dünyaya doğru gedirik".
Həmsədr bildirib ki, Forumda Suriya mövzusu ayrıca müzakirə olunacaq: "Eyni zamanda biz İran və Əfqanıstan kimi ölkələrin özünəməxsusluğunu nəzərə almalıyıq. Başa düşməliyik ki, bu dünyada problemləri həll etmək üçün əməkdaşlıq etməliyik, demokratiyanın inkişaf etdiyi Avropa və ABŞ-da da cəmiyyətlər bölünür, demokratiya problemlərlə qarşılaşır. Ekstremizmin qarşısının alınması üçün daha çox gəncin İKT-yə cəlb olunmasına ehtiyac var. Müasir düşüncə tərzi ekstremizmin aradan qalxmasına zəmin yarada bilər. Biz demokratiyanı insanların hüquqlarını pozan amillərlə ölkələrimizdə tətbiq etməyə çalışmamalıyıq".
Daha sonra dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların mesajları çatdırılıb.
Böyük Britaniyanın baş naziriDevid Kemeron müraciətində bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında faydalı əməkdaşlıq formalaşıb. O qeyd edib ki, forum əməkdaşlıq sahəsində gözəl bir platforma yaradır: "Forumun işinə uğurlar arzulayıram".
Sonra Kanadanın baş naziri Justin Trudonun videomesajı nümayiş etdirilib. O, beynəlxalq əməkdaşlığın inkişafının zəruriliyini vurğulayıb: "Ümid edirəm ki, ruhlandırıcı şəkildə irəliyə doğru inkişaf edə biləcəyik".
UNESCO baş katibi İrina Bokova videomesajında qeyd edib ki, bəşəriyyətin ümumi dəyərləri inkişaf etdirilməlidir.
Forumunun açılışında çıxış edən Bolqarıstan prezidenti Rosen Plevneliyev deyib ki, "dünyanın bölüşdürülməsi ilə bağlı faktiki yeni Yalta konfransı ərəfəsindəyik, dünya buna imkan verməməlidir.
Bolqarıstan prezidenti bildirib ki, müharibə etmək asandır, sülh əldə etmək isə çətindir: "Güclü dövlətlər asan şəkildə nizamı poza bilər. Sərhədləri pozmaq yox, rifaha nail olmaq lazımdır. Azad, tolerant cəmiyyətlər yaradılmalıdır. Dünyada millətçiliyin artdığını nəzərə alsaq, Avropa özü mənəvi, dəyərlər münaqişəsinə cəlb olunub. İqtisadi və siyasi əməkdaşlıq zəruriyyətdir. Bu gün sərhədlərimizdə xaos, dondurulmuş münaqişələri görürük. Cinayətkar mütəşəkkil qruplar milyardlar qazanır. Miqrantlar daha yaxşı həyat səviyyəsi axtarışındadırlar. Sərhədləri təhlükəsiz saxlamaq üçün insan haqları müdafiə olunmalıdır. Balkan ölkələrini sabitlik və rifahın, dinlərin və cəmiyyətlərin tolerantlığı üçün ön cəbhəsi sayıram".
Rosen Plevneliyev bildirib ki, diplomatiya, danışıqlar, sərhədlərin bölünməzliyi əsas götürülməlidir: "2016-cı ildə biz daha qeyri-sabit dünya nizamına doğru gedirik. Diplomatiya və prinsiplər əsasında rifah dünyasının yaradılmasına çalışmalıyıq. Yeni dünya nizamına, yeni cəmiyyətlərin yaradılmasına nail olmalıyıq, əməkdaşlıq əsas götürülməlidir. Nizami Gəncəvi deyib ki, biliklər vasitəsi qapıların açıq qalmasını təmin etmək olacaq. Biz liderlərimizi öz biliklərimizlə dəstəkləməliyik".
Gürcüstan prezidenti Georgi Marqvelaşvili deyib ki, Azərbaycanda əməkdaşlıq və dostluq üçün geniş imkanlar var: "Çox şadam ki, bu cür önəmdi Forumda iştirak edirəm. Dost Azərbaycana, Bakıya gəlmək həmişə xoşdur".
Marqvelaşvili bildirib ki, Gürcüstan müxtəlif işğalçı addımlardan əziyyət çəkib, indi də çəkir: "Rusiya ərzimizin 20 faizini işğal edib, əhalimizin 15 faizi gürcü olduqları üçün öz ölkələrində köçkünə çevrilib. Biz böyük dövlətlərin təsiri altında yaşamaq istəmirik. Ötən il belə dramatik vəziyyəti dost Ukraynada gördük, Krım işğal olundu, ölkənin şərqində müharibə başladı. Qonşu ölkələr körpülərin yaradılmasına, tərəfdaşlığın formalaşdırılmasına çalışmalı, işğala yol verməməlidir. İşğaldan əziyyət çəkən ölkənin nümayəndəsi kimi qeyd etmək istəyirəm ki, Gürcüstan qlobal terrorizmə qarşı mübarizədə aktiv yer alır, Əfqanıstanda sülhyaratma missiyasında iştırak edir".
Prezident qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstan birlikdə böyük enerji və nəqliyyat layihələri həyata keçirir: "Bu təhlükəsizlik layihələri daha çox dostların qazanılmasına gətirib çıxaracaq. Cənub Qaz Dəhlizi,Bakı-Tbilisi-Qars dəmir yolu daha çox dost əldə etməyə səbəb olacaq. Gürcüstan dünya okeanına çıxışı olmayan 14 ölkəyə bu imkandan bəhrələnmək imkanı yaradır. Biz eyni layihələri Çindən, ABŞ-dan olan dostlarımızla həyata keçirməyə çalışırıq. Bizim mili maraqlarımıza təcavüz etmək olmaz. Düşünürəm ki, bu Forumda yeni imkanların tapılması üçün mühüm fikirlər səslənəcək".
Gürcüstan prezidenti onu da qeyd edib ki, Cənubi Qafqaz Şərqlə Avropanın əməkdaşlığı üçün mühüm körpü rolu oynayır.
Georgi Marqvelaşvili bildirib ki, ölkəsi Rusiya kimi böyük qonşusunun işğalı ilə üzləşib. O qeyd edib ki, Gürcüstanın müttəfiqləri regionda olan vəziyyəti ciddi şəkildə təhlil etmirlər: "Bu, bizi narahat edir. Gürcüstan dostlarının sayını artırmağa çalışır. Biz bütün qonşularımıza rasional mesajlar verməyə çalışırıq. Regionda qeyri-sabitlik heç bir ölkəyə, o cümlədən Rusiyaya xeyir gətirməyəcək. Çətin də olsa, prosesin müsbət istiqamətdə gedəcəyinə inanırıq".
Monteneqro prezidenti Filip Vujanoviç forumun yüksək səviyyədə təşkili üçün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: "Nizami Gəncəvinin humanist mesajları bütün zamanlar üçün aktualdır. Əsrlər boyunca dindən sui-istifadə edilib. Bütün dinlər insanları mərhəmətə çağırır. Ona görə də tolerantlığın inkişaf etdirilməsi vacibdir".
Makedoniya prezidenti George İvanov deyib ki, bu gün sosial şəbəkələr və digər innovasiyalar inkişaf edir: "Beynəlxalq təşkilatların tək sənədlər qəbul etməsi ilə problemlərin qarşısını almaq olmaz. Cahillik radikallığa yol açır. Biz bir-birimizi daha çox tanımağa çalışmalıyıq. Balkanlar, Orta Şərq və Qafqazda baş verən münaqişələrə baxsaq, bunu Bermud üçbucağı adlandırmaq olar".
Makedoniya prezidenti qeyd edib ki, insanların şüurunda sülh yaratmaq lazımdır.

Xatırladaq ki, forum çərçivəsində Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Fələstin Prezidenti Mahmud Abbas, Albaniya Prezidenti Buyar Nişani, Makedoniya Prezidenti Giorge İvanov, Monteneqro Prezidenti Filip Vuyanoviç, Sloveniya Prezidenti Borut Pahor və Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Mladen İvaniç Azərbaycanda səfərdədir.
Bundan başqa Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenko, Latviyanın sabiq prezidentləri Vayra Vike-Frayberqa və Valdis Zatlers, İsrailin keçmiş baş naziri Ehud Barak, Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç, Polşanın sabiq prezidentləri Aleksandr Kvasnevski və Bronislav Komorovski, İordaniya Krallığının keçmiş baş naziri Abdelsalam Al-Macalini, Serbiyanın keçmiş prezidenti Boris Tadiçi və İtaliya Senatının vitse-prezidenti Linda Lanzilotta lV Qlobal Bakı Forumunda iştirak etmək üçün paytaxt Bakıya gəlib.
Ümumilikdə isə 7 fəaliyyətdə olan prezident, 1 vitse-prezident, 27 sabiq prezident və 23 sabiq baş nazir daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlər Forumda iştirak edir.
Qeyd edək ki, "Çoxqütblü dünyaya doğru" mövzusunda Qlobal Bakı Forumu siyasi, iqtisadi və humanitar sahələrdə dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. Bundan əvvəl keçirilmiş üç forum (I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013-cü, 2014-cü və 2015-ci illərdə Bakı şəhərində keçirilmişdir) mövzuların genişliyi və aktuallığı, yüksək səviyyəli təmsilçilik və tədbirdə iştirak edən nümayəndələrin fəallığı baxımından dünya ictimaiyyətinin və beynəlxalq medianın diqqətini çəkib.
Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutub.