Ordumuzun üzüağ çıxdığı aprel sınağı Hadisə

Ordumuzun üzüağ çıxdığı aprel sınağı

Tarixi dönüş nöqtəsi, dağıdılan erməni mifi, ümummili ruh yüksəkliyi...


Aprelin 2-dən 5-dək erməni silahlı qüvvələrinin bütün cəbhəboyu hücumunun qarşısını alan ordumuz, əks həmlə ilə düşməni geri oturtmaqla yanaşı, həm də xeyli ərazimizi işğaldan azad etdi. Qeyd edək ki, həmin müddətdə Ermənistan hərbi qüvvələri Azərbaycan kəndlərini, yaşayış məntəqələrini böyük miqyaslı silahlar - top və pulemyotlardan atəşə tutub, hərbi mövqelərimizə ardıcıl zərbələr endirir, eyni zamanda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yaşadığı yaşayış məntəqələrinə də mərmi yağdırırdılar. Ermənilərin xeyli sayda canlı qüvvə və hərbi texnika itirərək qorxu içində geri çəkilməsi və işğal altında olan mövqelərin Silahlı Qüvvələrimizin nəzarəti altına keçməsi ordumuzun mühüm qələbəsi kimi dəyərləndirilib.

Peşəkar ordu

Ermənistanın təxribatçı əməllərinə və işğalçılıq siyasətinə cavab olaraq aprel ayının əvvəllində başlayan lokal döyüşlər, dünyaya ciddi mesajlar verdi. Azərbaycan Ordusu çox önəmli yüksəkliyi tutmaqla bərabər, peşəkarlıq səviyyəsini nümayiş etdirdi.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qlsa müddətdə uğurlar əldə edilib. O, deyib ki, ilk növbədə cənub istiqaməndə birləşmələrimizin yüksək səviyyəsini qeyd etmək lazımdır, onlar əla əks-əməliyyat həyata keçirib, demək olar ki, itkisiz 20 kvadratkilometrə yaxın ərazini, o cümlədən strateji Lalətəpə yüksəkliyini azad ediblər: "Əməliyyatın şimal istiqamətində isə xüsusi təyinatlılar yaxşı hərəkət edib, onlar düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirib strateji yüksəklikləri ələ keçirib...". Onun fikrincə, aprel döyüşləri xüsusi təyinatlılarımızın – sıravi heyətin və komandirlərin yüksək səviyyəsini göstərib.
Hərbi ekspert, I Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Xətai Baxışov deyib ki, ordumuz torpaqlarımızı Ermənistanın işğalından azad etməyə tam qadirdir: "İndi bizim elə texnikalarımız, silahlarımız var ki, onunla cəbhədə irəliləməyə, düşmənə qalib gəlməyə qadirik. Onsuz da Ordumuz aprel əməliyyatlarından sonra ermənilərin belini sındırıb". Polkovnikin fikrincə, induiki ordumuzla 25 il əvvəlki arasında çox böyük fərq var: "İndi bizim müasir silahlarımız, hərbi texnikalarımız, onları lazımınca istifadə etməyi bacaran peşəkar kadrlarımız var".
Rus politoloq Oleq Kuznetsovb qeyd edir ki, 4 gün ərzindəki döyüşlərdə azərbaycan ordusu təkcə hərbi-texniki gücünü deyil, həm də daha yükjsək taktiki təlimi və döyüş nizamını nümayiş etdirdi: "Bunlar Azərbaycan ordusuna imkan verdi ki, o, 20 il ərzində düşmənin hazırladığı müdafiə xəttini hücum üçün minimal itkilərlə qıra bilsin". "Bu azərbaycan ordusunun bu gün ciddi hərbi qüvvə olmasının bariz göstəricisidir. O, təkcə öz silahı ilə deyil, həm də əsgər və zabitlərin təlimi, həmçinin komandirlərin yüksək ağılı ilə seçilir. Azərbayacan zabitləri son illər ABŞ-ın Rusiya ilə İraq, Əfqanıstan, Şimali Osetiya və Suriyadakı son illər baş verən döyüş təcrübəsini yaxşı öyrənib və anlayıb ki, qarşı tərəf üzərində üstünlüyü canlı qüvvənin say çoxluğu ilə deyil, atəş gücü ilə əldə etmək olar, bu da öz nəticəsini göstərdi",- deyə Kuznetsov bildirib.
Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa qısa müddətə, başqa bir planla torpaqları azad etmək iqtidarında olduğunu deyib: "Azərbaycan öz prinsipial mövqeyini ortaya qoyaraq, müharibəyə başlamalıdır. Azərbaycan ordusu düşmənlə müharibədə qalib gəlməyə qadirdir".
Aprel döyüşləri həm də Azərbaycan xalqının saysız qəhrəmanlara malk olduğunu göstərdi. Şəhid pilot, polkovnik-leytenant Murad Mirzəyev, mayor Samit İmanov və polkovnik-leytenant Şükür Həmidovun qəhrəmanlıqları torpaqlarımızın işğalda qalmayacağına işarədir.

Beynəlxalq ictimai rəy və düşməndən məğlubiyyət etirafı

Qeyd edək ki, əvvəlki gərginliklərdən fərqli olaraq, bu dəfə Azərbaycanın mövqeyi dünyada daha ədalətli qəbul edilirdi. Baxmayaraq ki, bütün dövlətlər atəşkəs çağırışı etdilər, əvvəlki gərginliklərdən fərqli olaraq bu dəfə Azərbaycan tərəfi hərbi əməliyyatlara görə qınaq obyektinə çevrilmədi. Əksinə Qardaş Türkiyə, Pakistan, Belorusiya, Qazaxıstan, İsrail Azərbaycana açıq dəstək verdi. İran da Azərbaycan meylli mövqe sərgilədi. Bir sıra ölkələr isə üstüörtülü formada Azərbaycanın haqlı olduğunu və münaqişənin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladılar. Gürücstanın sabiq prezidenti Mixail Saakaşvilinin də açıq formada dəstək nümayiş etdirməsini qeyd etmək olar. Sarkisyan Rusiya hökumət rəhbəri Merdvedyevlə görüş zamanı Qazaxıstan və Belorusun belə mövqe nümyiş etdirməsindən şikayətlənib. Beynəlxalq təşkilatların da reaksiyası antiazərbaycan istiqamətli deyildi. Bəzi hallarda hətta rəsmi Bakının mövqeyi dəstəklənirdi.
Qeyd edək ki, təmas xəttində 2-5 aprel tarixlərindəki döyüşlər vəziyyəti kökündən dəyişdi: əvvəlki llərdən fərqli olaraq indi üstünlük Azərbaycan tərəfindədir. İndi cəbhə bölgəsinə geri qaytarılan ərazilərdən nəzarət etmək mümkündür. Bu faktı erməni hərbçilər də etiraf edirlər.
Ermənistan silahlı qüvvələrinin kapitanı Arsen Arakelyan söyləyib ki, aprelin əvvəlində gedən döyüşlərdə Azərbaycan ordusu bizim hərbi obyektləri dayanmadan vururdu: "Həmin gün pilotsuz təyyarə ilə Azərbaycan tərəfi həmin ərazidə bizim könüllülərin olduğu avtobusu vurdu. Hadisə zamanı 6 könüllü həlak oldu, yeddi nəfər yaralandı".
Ermənilərin "Şuşa" batalyonunun komandiri Jirayr Səfilyan bildirib ki, aprelin əvvəllərində 4 günlük müharibə zamanı erməni tərəfi mövqe itkiləri verib və əgər yaxın vaxtlarda bu mövqelər geri qaytarılmasa, sonradan ciddi problemlərlə üzləşəcək. Onun sözlərinə görə, təkcə təmas xəttinin şimal-şərq istiqamətində (Ağdərə-Tərtər) ərazi itkiləri 7 milyon kvadratmetrə yaxındır. Səfilyan deyib ki, itirilmiş mövqeləri geri qaytarmaq üçün çoxsaylı çağırışlara baxmayaraq, hakimiyyət buna məhəl qoymur: "Rejim bütün çağırışlara cavab olaraq deyir ki, bu mövqelərin strateji əhəmiyyəti yoxdur və söhbət cəmi 100-200 metrdən gedir. Bu yalandır, faktiki itkilər çoxdur".
Dağlıq Qarabağdakı separatçı rejimin "müdafiə nazirinin müavini", general-mayor Samvel Karapetyan da toqquşmalar zamanı çoxsaylı itkilər verdiklərini təsdiqləyib: "Demək olar ki, 4 günlük müharibə bizim üçün ciddi sınaq oldu...".
Ermənistan prezidentinin özü də bəyan edib ki, "Azərbaycan bu gün daha müasir növ silahlara sahibdir. Ermənistan isə əsasən, 1980-ci illərin silahlarından istifadə edir.

Ruh yüksəkliyi

Aprel döyüşləri Azərbaycan cəmiyyətində gözlənildiyindən daha qabarıq formada ruh yüksəkliyi yaratdı. Bəlkə də dünya tarixində ilk dəfə idi ki, xalq mühairbənin başlanmasına sevinir və döyüş yolu ilə torpaqlarımızın azad olunmasını istəyirdi. Bununla bağlı orduya dəstək mitinqləri təşkil olundu, gənclər, yaşlılar, qadınlar-ümumiyyətlə xalq bütövlükdə bir məqsəd ətrafında birləşdi. Bu da xalqımızın haqlı tərəf olmasından və erməni həyasızlığından bezməsindən doğurdu. İnsanlar Ali Baş Komandana, Hərbi Səfərbərlik Xidmətinə çoxsaylı müraciət edərək, döyüşə getmək itsdiklərini ifadə etdilər... Bunun əksinə olaraq isə, Ermənistanda təşviş yarandı, onlar Qarabağda rahat yaşaya bilməyəcəklərini daha dərindən anladılar...

Dönüş nöqtəsi

Xüsusi qeyd etməliyik ki, 2 aprel Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində yeni mərhələnin başlanğıcı oldu. Cəbhə bölgəsindəki hərbi əməliyyatlar ordu ilə xalqın birgə olduğunu göstərdi, bu isə nəticə etibarilə işğal olunan ərazilərin azad olunmasına gətirib çıxaracaq.
1993-cü ildən bəri Azərbaycan ordusu ilk dəfə ermənilərin müdafiə xəttini aşaraq düşmənə gözlənilməz ağır zərbə endirə bildi. Şübhə yoxdur ki, Moskvanın təzyiqi olmasaydı, Kreml ermənilərin köməyinə gəlməsəydi, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsinə tab gətirə bilməyəcəkdi. Lakin Kreml təkcə ermənilərin məğlubiyyətindən yox, özünün məntəqədəki nüfuzunun silinməsinə yol vermədi. Amma buna baxmayaraq erməni mifi darmadağın edildi...
Azərbaycan bundan sonra danışıqlar prosesinə üstün, diktə edən tərəf kimi qatıldı və bundan sonra da belə olacaq.
Millət vəkili Eldar Quluiyev bildirib ki, Azərbaycan öz gücünü, nizamlı orduya malik olduğunu göstərdi: "Ermənistan özü Azərbaycana müraciət edib bildirdi ki, danışıqlara hazırdır. Rusiya prezidenti Vladimir Putin bildirdi ki, danışıqlar aparılsın və bu məsələ sülh yolu ilə həll olunsun. Bu gün də gözləyirik ki, bütün bu məsələlər nə zaman həll olacaq...".
Hərbi-ekspert Emin Həsənli bildirib ki, KTMT-nin parçalanması da Azərbaycan əsgəri və dövlətinin uğurudur: "Azərbaycan ordusu status-kvonu dəyişir. Qısa bir zamanda torpaqlarımız işğaldan azad ediləcək... Sərkisyanın özü yalvarıb, danışıqlara razı olacaq".
Milli Məclisin müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc deyib ki, hərbi nöqteyi-nəzərdən Azərbaycan Silahlı Qüvvələri az miqdarda hərbi birləşmə, texnika və silah işlətməklə belə demək olarsa, "Birinci Qarabağ Müharibəsi" dövründə itirilən mövqeləri qaytara bildi. Əgər hərbi dillə söyləsək, azad olunan strateji yüksəkliklər gələcəkdə uğurlu hərbi əməliyyatların təminatıdır: " Bu halda Azərbaycan ordusu üçün əsas məsələ hərbi əməliyyat keçirərək qarşıya qoyulan tapşırığı ağır artilleriya qurğularını, raket sistemini tam çəlb etmədən, genişmiqyaslı hərbi əməliyyatlar keçirmədən yerinə yetirmək idi. Bu məsələdə bizim strateqlər yüksək peşəkarlıq nümayiş etdirdi.
Onlar əmin idilər ki, yaratdıqları müdafiə sistemini dünyanın ən güclü ordusu da keçə bilməz. Lakin 4 günlük əməliyyat tamamilə fərqli nəticə verdi. Bu gün biz azərbaycanlı əsgərlərin Füzuli və Cəbrayıl yaxılığında fotolarını görə bilirik".
Onun fikrincə, Azərbaycan xalqının haqqı var ki, torpaqların hərbi yolla qaytarılmasını tələb etsin: " Əgər 90-cı illərdə insanlar atəşin kəsilməsini istəyirdisə, indi əksinə hərbi yolla da məsələnin həllinə hazır olduqlarını bildirirlər. Hər kəs bilməlidir ki, hərbi nöqteyi nəzərdən bu gün əldə olunan atəşkəsi 1994-cü ildə olanla müqayisə etmək olmaz. İndiki halda azərbaycanın üstünlüyü aşkar görünür. Qeyd etməliyik ki, bu razılaşma ilə Azərbaycan kifaytətlənmir və əldə olunan nəticələri itirmək niyyətində deyil. Lakin ermənilər indi danışıqlar prosesini son 20 ildə mövcud olan mərhələyə, yəni status-kvonun saxlanmasına qaytarmağı imkansızdır. Bir şey aydındır, münaqişə beynəlxalq hüquq çərçivəsində azərbaycanın mövqeyi nəzərə alınmaqla həll olunmalıdır. Ermənilərin Qarabağa sərhəd rayonları saxlamaqla qondarma Dağlıq Qarabağın tanınmasına Azərbaycanı məcbur etmək cəhdləri uğursuz oldu. Münaqişənin sülh yolu ilə həlli perspektivinə gəlincə, qeyd edək ki, Rusiya XİN başçısı Sergey Lavrov RF prezidenti Vladimir Putinin adından regiona səfər edib və açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların azad edilməsi mütləqdir".

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Mətbuat Şurasının Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birlikdə "Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.