SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30

Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi kökləri vardır. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm.
Heydər ƏLİYEV,
Ümummilli lider
Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub.
Ümummilli Lider Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyev keçən əsrin 60-cı illərinin sonunda Azərbaycana rəhbərlik etməyə başladığı ilk vaxtlardan ana dilinə böyük qayğı və diqqət göstərib.
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman xüsusi yer tutur. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.
Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.
Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü də ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Ana dilin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”.
YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev qəzetimizə deyib: "Bildiyimiz kimi dil hər bir xalqın milli varlığını müəyyən edən ən böyük sərvətdir. Tarixin bütün sınaqlarından uğurla çıxan xalqımız bu sərvəti qoruyub saxlamış və bizlərə miras buraxmışdır. Milyonlarla soydaşımızın ünsiyyət vasitəsi olan dilimiz tarixən böyük inkişaf yolu keçmişdir. Tarixin müəyyən dövrlərində müxtəlif təzyiqlərlə və təhlükələrlə üz-üzə qalmasına baxmayaraq xalqımız öz milli sərvəti olan dilimizi qoruyub saxlamışdır".
S.Baxşiyev vurğulayıb ki, Ana dilinin yaşadılmasında cəmiyyətin bütün üzvlərinin, xüsusilə aparıcı qüvvə olan ziyalıların böyük rolu vardır. Bununla yanaşı tarix hər zaman sübut edib ki, dilin inkişafı müstəqillik ideyalarına sadiq olan, siyasi iradəsi və qətiyyəti ilə xalqının tarixində rol oynayan liderlərin adları ilə sıx bağlıdır.
Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda ilk dəfə Azərbaycan dilinin rəsmi dövlət dili kimi qəbul edilməsi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etmişdir. Lakin cəmi 23 ay mövcud olan Cümhuriyyətimiz Sovet işğalı nəticəsində süqut etdikdən sonra bütün milli dəyərlərimiz kimi ana dilimiz də müxtəlif təzyiqlərə məruz qaldı. Lakin 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi milli özünüdərkin formalaşması və azərbaycançılıq məfkurəsinin inkişaf etməsiylə nəticələndi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidməti isə məhz onun qətiyyəti və prinsipiallığı sayəsində 1978-ci ildə qəbul olunan Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbiti olunmasıdır: "Azərbaycan 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etdikdən sonra dövlət dilimizin inkişafı istiqamətində yeni bir səhifə açılmışdır. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə müvafiq qanunun qəbul olunması ilə nəticələndi. Belə ki, 1991-ci ilin dekabrında Azərbaycanda latın qrafikalı əlifbaya keçidlə bağlı qərar qəbul edilsə də bunun tam şəkildə icrası müxtəlif səbəblərdən illərlə uzandı. Nəhayət Ulu Öndər Heydər Əliyevin 2001-ci il 18 iyun tarixli fərmanına əsasən bu proses başa çatdı və 2001-ci ilin 1 avqustunda ölkə ərazisində tam şəkildə latın qrafikalı əlifbaya keçid oldu. Beləliklə, on ilə yaxın davam edən latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Ümummilli Liderin 2001-ci il 9 avqust tarixli fərmani ilə isə ölkəmizdə 1 avqust tarixi “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi təsis edildi. Bu, Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə idi. Sonrakı illərdə də bu siyasət uğurla davam etdirilmiş və dilimizin inkişafı, ana dilində təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.
Sevindirici haldır ki, Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev cənabları uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bunun parlaq göstəricisidir. Ümumiyyətlə, Azərbaycan xalqının Ümummilli liderinin siyasəti Azərbaycanda ana dilinin - ümumxalq dilinin tərəqqisi üçün elə bir tarixi şərait yaratdı ki, biz həmin siyasətin uzun illər uğurla davam edəcəyinə tam əminik".
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi və mədəniyyəti ilə ölçülür. Dil isə mədəniyyətin ən vacib komponenti kimi çıxış edərək, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm amildir. Dil eyni zamanda sosial hadisə olaraq hər bir xalqın formalaşmasının, keçdiyi yolun ən və mühüm göstəricisidir.
Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın I minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər.
Danılmaz faktdır ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı. Belə ki, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir.
Ümummilli Liderin layiqlı davamçısı cənab İlham Əliyev dilimizin inkişaf etdirilməsi və onun hüdudlarının genişləndirilməsi ilə əlaqədar ciddi işləri uğurla davam etdirir. Cənab İlham Əliyev: “Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Azərbaycan dilinin müxtəlif tərcümə, izahlı, terminoliji, etimolji lüğətlərinin hazırlanıb çap olunmasında müşahidə olunan nizamsızlığın aradan qaldırılması, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan azərbaycanlıların folklorunun, dialekt və ləhcələrinin öyrənilməsi kimi məsələlər də gündəmə gətirilməlidir. Azərbaycan dili və mədəniyyəti milli və bəşəri dəyərləri də ehtiva edir.”
Cavid