Yeni yaranan şuranın əhəmiyyəti nədən ibarətdir? Hadisə

Yeni yaranan şuranın əhəmiyyəti nədən ibarətdir?

Hadi Rəcəbli: "Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını təmin etməyə hesablanıb"

Vahid Əhmədov: "Şuranın fəaliyyəti ölkəmizin dayanıqlı inkişafını təmin edəcək"

Musa Quliyev: "İşlərin sistematik şəkildə həyata keçirilməsinə imkan yaranacaq"

Prezident Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamla Şuranın sədri, sədr müavini və Şuranın üzvləri müəyyən olunub. Şuranın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovdur.
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarət olacaq. Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər. Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyi yaradılıb və katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərə Şuranın müraciəti əsasında ildə bir dəfə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların Dövlət Statistika Komitəsinə, görülən işlər barədə hesabatın isə Şuraya təqdim edilməsini təmin etmələri tapşırılıb. Dövlət Statistika Komitəsi Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların işlənilməsini və onların ildə bir dəfə Şuraya təqdim olunmasını təmin edəcək. Şura Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə görülmüş tədbirlər barədə hesabatı ildə bir dəfə Prezidentə təqdim edəcək.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli yeni qurumu ölkəmizdə indiki şəraitdə Prezident İlham Əliyevin siyasi iradəsi əsasında həyata keçirilən iqtisadi, institusional və sosial islahatların tərkib hissəsi kimi səciyyələndirib: "Məlumdur ki, Prezident İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə islahatlar ili elan olunub. Yaranan yeni iqtisadi şəraitdə başlanan islahatlar ilk növbədə qeyri-neft sektorunun üstün inkişafına nail olmaqla indiki mərhələdə də Azərbaycanın davamlı sosial-iqtisadi inkişafını təmin etməyə hesablanıb. Yaranan yeni şəraitdə ölkəmizin özünün sosial siyasətə sadiqlik nümayiş etdirməsini xüsusi qeyd etmək istərdim. Hesab edirəm ki, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası hədəflənən nəticələrin əldə olunması üçün ayrı-ayrı qurumların koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsində mühüm rol oynayacaq".
Millət vəkili vurğulayıb ki, Azərbaycan sosial dövlətdir və yeni yaradılan qurumun mahiyyətində də məhz insan amilinin önə çəkildiyini görmək mümkündür. Komitə sədri ikinci vacib məqam kimi, dövlət quruculuğunun, idarəetmənin təkmilləşdirilməsini və səmərəliliyinin yüksəldilməsini nəzərə çatdırmaq istərdiyini bildirib. H.Rəcəbli sonda vurğulayıb: "Yaradılan Şurada 2030-cu ilədək qarşıda duran hədəflər və onlara çatmaq yolları, müxtəlif qurumların birgə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək. Əsas istiqamətlərdən biri insanların məşğulluğu məsələsinin diqqətdə saxlanılmasıdır. Fəaliyyət istiqamətlərində ölkədə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, turizmin, özəl bölmənin inkişafı, özünüməşğulluğun təmin olunması kimi məsələlər öz əksini tapacaq. Qeyd olunan sahələrdə uğurların əldə olunması isə sosial sferaya, məşğulluğun və əhalinin qazanc imkanlarının artırılması ilə ölkədə rifah halının yüksəlməsinə müsbət təsir göstərəcək".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ölkə başçısının sərəncamı əsasında yaradılan komissiya və şuralar ölkəmizin inkişafında böyük əhəmiyyət kəsb edir: "Dövlət rəhbərinin ötən gün imzaladığı sərəncamı əsasında yaradılacaq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası da onlardan biri olacaq". O bildirib ki, ölkə başçısının ötən günkü sərəncamı Azərbaycanda insan amilinə üstünlük verildiyinin bariz nümunəsidir: "Ümumiyyətlə, ölkəmizdə insan amilinə üstünlük verillir. Bildiyiniz kimi, BMT-nin insan amili ilə bağlı bir sıra sənədləri var ki, onlar bizdə də qəbul olunub. Ölkə başçısının ötən gün imzaladığı sərəncam əsasında yaradılan komissiyanın əsas işi də məhz insan amili ilə bir çox məsələlərin həllinə yönələcək. Sərəncamda qeyd olunur ki, Şuranın yaradılmasında məqsəd dayanıqlılığı təşkil etmək, insanların həyat şəraitini yaxşılaşdırmaq və mövcud olan problemlərin aradan qaldırılması üçün müəyyən təkliflər işləyib hazırlamaqdır. Bura yoxsulluq, işsizlik və digər məsələlər daxil olacaq. Bu baxımdan düşünürəm ki, Şuranın fəaliyyəti ölkəmizin dayanıqlı inkişafını təmin edəcək".
Milli Məclisin Sosial Siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev isə diqqətə çatdırıb ki, ölkə başçısının sərəncamı əsasında Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması, sosial problemlərin həllini tezləşdirməklə yanaşı, işlərin sistematik şəkildə həyata keçirilməsinə imkan yaradacaq. Onun sözlərinə görə, yaradılacaq komissiya Azərbaycanın sivil, hüquqi bir dövlət kimi hormonik inkişafını təmin etmək, mövcud olan sosial problemləri görüb qabartmaqla yanaşı, onların həllinə dair qabaqlayıcı tədbirlər görmək kimi məsələləri həyata keçirəcək: "Bildiyiniz kimi, ölkəmiz iqtisadiyyatın yeni dövrünə qədəm qoyub, qeyri-neft sektoru sürətlə inkişaf etməkdədir. Ümumdünya böhranı getdikcə dərinləşir, bu da ölkənin həm valyuta, həm də məhsul mübadiləsi məsələsində yeni addımların atılmasını, proqramların qəbul edilməsini zəruri edir. Regionların sosial-iqtisadi inkişafı hərtərəfli və hormonik şəkildə davam etməlidir. Əhalinin sosial vəziyyəti getdikcə daha da yüksəlməli, ölkəmiz dünya böhranı şəriaitindən ən az itkilərlə çıxmalıdır.
Bundan əlavə, Azərbaycan brendləri formalaşmalı, qeyri-neft sektoru məhsullarımız dünya bazarlarına çıxmalıdır ki, bununla həm ölkəmiz tanınmalı, həm də məhsulumuz satılmalıdır. Bütün bunların nəticəsində ölkəmizə valyutalar daxil olmalıdır".
M. Quliyev qeyd edib ki, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, məşğulluq, yoxsulluq, evsizliklə bağlı problemlərin həlli yanaşı, təhsil, səhiyyə, mədəniyyət sahələrində olan uğurları daha da artırmaq və insanlara əlçatan etmək uzun müddətə hesablanan layihələrdir ki, Yeni yaradılan Şura onların həyata keçməsini yerinə yetirəcək: "Şuraya Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədovun rəhbərlik etməsi onu göstərir ki, ölkə başçısının bu sərəncamı da əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına hesablanıb. Düşünürəm ki, sərəncamın icrasına qısa müddətdə başlanılacaq və tezliklə real nəticələri görəcəyik".

Əli