
Bu yaxınlarda Cocuq Mərcanlı kəndinə gedib təəssüratlarımı yazmağa qərar verdim. Cəbrayıl RİH-nin Cocuq Mərcanlı kəndi üzrə nümayəndəsi Xanlar Zeynalovla əlaqə saxladıq. Səfərimizi eşidən İƏD üzrə nümayəndənin müavini olmuş və hazırda təqaüddə olan Məhəmməd Misirov da bizimlə gedəcəyini dedi.
Dekabrın 24-də vədələşib görüşdük. Xanlar müəllimin həyat yoldaşı da bizimlə gedirdi: rayonumuzun Araz Maşanlı kəndindən olan Nübar Fətəliyeva idi. O da Xanlar müəllimi tək buraxmaq istəməmiş, həm də Cocuq Mərcanlının təxminən 1,5 km-liyində yerləşən Füzuli rayonunun Qazaxlar kəndinə hələ düzün düz vaxtları – əmin-amanlıq illərində gəlin köçmüş bacısı Həmayılgilə də gedib baş çəkməyi qənimət saymışdı.
Beləcə, Bakıdan yola düşdük. Hər birimizin ürəyində min cür fikir-xəyal yolboyu söhbətləşə-söhbətləşə uzaq yolu yaxın elədik. Təxminən 300 km-lik bir yol qət etdik. Maşının spidometrini qurmuşdu Xanlar müəllim. Bakıdan bir az aralaşmışdıq ki, adətim üzrə ürəyimə əvvəlcədən daman intuitiv duyğunu dolayısı ilə dilimə gətiririb, zarafatla dedim ki, üzü qaranlığa düşəcəyik. Spidometrin km. göstəricisi 300-ə çatanda maşını saxladıb düşəcəyəm, ondan 1 metr də qabağa getməyəcəyəm. Çünki "gecə qara, cücə qara" - tanımaza-bilməzə ermənilərin postuna gedib "ilişə" bilərik. Əlbəttə, bu həm də bir gülüş ovqatı doğurmaq, xoş əhval-ruhiyyə ilə yol getmək üçün səmimi şux zarafat idi. Amma əslində mən gedəcəyimiz yolun 300 km-lik bir məsafə olacağını bəri başdan bu zarafatımın arasında bir mesaj kimi vermək istəyirdim. Axı sözü həm də zarafata deyərlər. Nə isə...
Gecənin payız vədəsinin qaranlığı tez çökdüyündən və mənzil başına yaxınlaşdığımızdan, maşının məsafəölçən cihazındakı rəqəm də 280-i keçmişdi. Arabir rəqəmə işarə ilə deyirdim ki, bax ha, Xanlar müəllim, artıq 300-ü döyməyə az qalıb, işini bil. Tez ol çataq. Yoxsa getməyəcəyəm. Gecənin bu qaranlığında nə bilək ki, hara gedirik?
Horadiz qəsəbəsini, Əhmədalılar kəndini ötüb keçdik, Qazaxlar kəndinə çatdıq. Kəndin aralığı ilə gedərkən qulağımıza toy səsi gəldi. Kənddə toy məclisi var idi. Təbiətən nikbin olan xalqımızın övladları düşmən həmləsindən qorxub-çəkinmədən şənlik edirdilər. Heç elə biləsən ki, burdan 2-3 km. o yanda mənfur düşmənlərimiz səngər qurub marığa yatmayıblar. Elə bu xoş auranın ağuşunda bir də onu gördüm ki, Xanlar müəllim maşını sürdü bacanağı Mahmudoğlu Abbas kişinin həyətinə. Allah, bu qonaqpərvərlik, bu mehriban qonaqqarşılama məni 23 il qabaqkı yaşayışımıza aparıb çıxartdı. Qonaq-qarası əskik olmayan evlərimiz, kənd-kəsəkli bəxtəvər günlərimiz elə bil ki, təzədən "dirilib gəldi" gözlərimin önünə. Abbas dayı, həyat yoldaşı Həmayıl xala necə istiqanlılıqla bizi qarşıladılar. İçəri girəndən sonra bu sonsuz səmimiyyəti görüb, adətim üzrə isinmək üçün kənd peçinin yanını kəsdirib durdum, dizlərimin altına döşəkcə atıb çöməltmə oturub isti sobanı "qucaqladım" - soyuqdan özümə gələndən sonra qalxıb zəngin bəzədilmiş süfrə masasında özümə yer elədim.
Handan-hana spidometrin göstəricisinin neçədə dayandığını soruşmaq yadıma düşdü. 296 km. deyəndə bildirdim ki, mənə elə məhz təxminən bu qədər yol gələcəyimiz əvvəlcədən əyan olmuşdu deyən sizinlə belə zarafat edirdim.
Ev yiyəsi Abbas dayı 8 ay öncəki aprel döyüşlərini də xatırlatdı. Yerin-göyün lərzəyə gəlməsindən, atışmadan qulaq tutulmasından danışdı. Dedi ki, mən arvadı götürüb maşınla bir qədər aralıdakı kəndə apardım, istədim ki, o, bir müddət – aralar səngiyənə kimi orada qalsın. Qayıdıb maşına oturanda gördüm, məndən qabaq maşındadı. Dedi ki, mən səni tək buraxa bilmərəm, sən harda, mən də orda olacam. Beləcə, o ağır atışmalar zamanı biz bu evimizi tərk etmədik, birlikdə olduq.
Tomris hünərli, Həcər, Nigar qeyrətli Azərbaycan qadınları demək bu gün də yaşayır, - dedim. Ürəyimdən isə bu fikirləri keçirdim ki, Həmayıl xanım cəbhəyanı kənddə odun-alovun içərisində həyat yoldaşı Abbas İsmayılovla bir damın-daşın altında yaşayıb, onu tək qoymadığı kimi, onun bacısı Nübar xanım da heç ondan geri qalmayıb, həyat yoldaşı Xanlar müəllimi cəbhəboyu kəndlərə, o cümlədən də çoxlarının ehtiyat edib getmədiyi dağıdılıb viran edilmiş Cocuq Mərcanlı kəndinə tək buraxmaq istəməyib. Bakı şəhərindən 300 km-lik yolu bizimlə gəlib. Abbas kişinin bizdən Cocuq Mərcanlıda yaşayışın bərpa olunacağı xəbərini eşitməsi onu çox sevindirdi. Digər ərazilərimizin də, Dağtumas kəndinin də tezliklə azad olunmasını arzuladı.
Bəli, Azərbaycan qadını tarixən ləyaqət, şərəf simvolumuz olduğu kimi, həm də qəhrəmanlıq, qorxmazlıq rəmzimizdir. Düzü, səhər açılanda ani olaraq fikrimdən onu da keçirdim ki, bəlkə Nübar xanım elə cəbhəətrafı kənddə yaşayan və uzun illər görüşmədiyi bacısıgildə qonaq qalıb, bizim Cocuq Mərcanlıya gedib qayıtmağımızı gözləyəcək ki, biz gələndən sonra maşına əyləşib şəhərə qayıtsın. Ancaq belə olmadı. O, bizimlə maşına tərəf gedəndə və bacısıgillə görüşüb-sağollaşanda mən Nübar xanımdan yarızarafatla soruşdum ki, bəs qorxmursan ermənilərin hədəfinə məruz qala bilərik? O da özünəməxsus əda ilə "Nədən qorxacağam ki, heç qorxsam, buralara da gəlməzdim"- dedi. Abbas kişinin həyətindən çıxıb Qazaxlarla qonşuluqda yerləşən Mirzənağılı kəndini keçdik, kəndi çıxmamış yandırılıb yerlə-yeksan edilmiş evlərə gözüm sataşdı. Xanlar müəllimdən, Məhəmməd Misirovdan soruşmağa macal tapmamış onlar mənə izahat verdilər ki, bəs Mirzənağılı kəndi ilə Cocuq Mərcanlı kəndi demək olar, bir-birləri ilə iç-içədirlər. Mirzənağılı arxı deyilən bir su arxı bu kəndləri bir-birindən ayıran təbii sərhəd rolunu oynayır. Maşının spidometri Qazaxlardan Cocuq Mərcanlıyacan heç 2 km-lik məsafə də yazmamışdı. Deməli, bu kəndlərin ara məsafəsi piyada yolu mənzilində idi. Və Mirzənağılar kəndindən olan məktəblilərin çiyinlərində çanta Qazaxlar kəndi istiqamətinə getdiklərini müşahidə etdik. Öyrəndim ki, Qazaxlar və Mirzənağılar kəndlərinin orta məktəbləri də elə bir olub.
Cocuq Mərcanlı kəndi isə qaçqınlığa qədər 285 ailə olmaqla 195 evdən ibarət idi. Ayrıca orta məktəbi olub. İndi isə əhalinin sayı artıb 418 fərdi təsərrüfat olub. Onlardan 250 nəfərədək kənar yerdən kəndə gəlin köçüb. Yandırılmış, xarabalığa döndərilmiş Cocuq Mərcanlı kəndinin görünüşü gözlərimizi dağladı, könlümüzü cadar-cadar elədi. Kəndin girişində asılmış "Təhlükəli ərazilərə daxil olmayın!" SOS – həyəcan işarəsi olan plakatın yanında maşını saxladıq, düşüb kəndin acınacaqlı mənzərəsinə göz yaşları içərisində tamaşa etdik. Bir vaxtlar əhalimizin isti ana qucağı kimi sığındığı və özlərinə ev-eşik düzəltdikləri, ata-baba gorgahı kimi yaşadıqları kənd 24 ildir ki, yiyəsiz-sahibsiz qalmışdı. Erməni vandalları kəndi təbiəti qarışıq silib-süpürüb yox etmiş, uçurub dağıtdıqları xanəxarabalara ola bilsin də ki, mina da basdırmışdılar ki, elə buna işarə kimi plakatda bura "təhlükəli ərazilər" kimi əks olunmuşdu. Amma Vətən torpağında ölməyin özü də bir şirin ölümdür. Bu mənada biz də ölümü gözümüzün altına alıb maşınla irəliyə hərəkət etdik. Kəndin şərq sahilində bir guşədə özünə ev tikib binəgüzərlik edən Oqtay Əbil oğlu Həziyevin yaşadığı evə sarı yön aldıq. İnsan ayağı dəyən yerlər cənnətməkana dönməlidir. Evin qabağında gözə dəyən maşın və adamlar insan həniri dəyən bu yerin qonaqlı-qaralı olmasını göstərirdi. Yanılmamışdıq. Bizi çox gülərüz qarşıladılar. Oqtayın 80 yaşlı anası Minarə Hakiyeva, həyat yoldaşı Güldəstə Mirzəliyeva, oğlu Ülvi, Oqtayın qardaşı Arif, qardaşı arvadı Xuraman Həziyeva, qardaşı oğlu Əbil, qardaşı qızı Aynurə... insan ayağı dəyməyən bu Vətən torpağını qəriblikdə qoymamışdılar. Axı torpaq özü də canlıdır və onu Vətən edən vətəndaşlarından ayrı düşəndə qəriblik xiffəti çəkən torpağın "çöhrəsi saralır" - xarabazarlığa çevrilir.
Dedim axı aralıdan gələndə evdə qonaq-qara olduğunu sezdik. Biləsuvardakı köçkün qəsəbəsindən Oqtayın rəhmətə getmiş qardaşı İlqarın oğlanları İlhamla Fəhmin də, bacısı Minayə də, əmisi gəlini Tahirə Tahirova da neçə vaxt idi ki, Vətən torpağının bir guşəsində olan bu evdə qonaq idilər. Hətta Qubadlıdan olan və Sumqayıtda yaşayan Bərxudar Məmmədov da bura qonaq gəlmişdi. Özümlə "Xudafərin" qəzetinin ayrı-ayrı saylarını da gətirmişdim. Qəriblikdə hamımız üçün doğma olan və Vətənin ətrini-nəfəsini aldığımız "Xudafərin" qəzeti də bu uzun müddət ərzində ilk dəfə idi ki, Cəbrayıl torpağının bir parçası olan Cocuq Mərcanlı torpağına "ayaq açmaqla" sanki öz vətəninə qovuşurdu. Ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət zamanı məlum oldu ki, rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov vaxtaşırı olaraq buraya gəlib baş çəkir, qayğıları ilə maraqlanıb lazımi köməkliklərini edir. Daim dövlət qayğısını öz üzərlərində hiss edən ailə başçısı əkinçilik, heyvandarlıq, arıçılıqla məşğul olduqlarını bildirdi. Bir nüansı da sonda qeyd edim ki, Bakıda yaşayan öz həmkəndliləri ilə ailə quran Oqtayın qızı Sahilə də məhz buradan gəlin köçüb. İnanırıq ki, Cocuq Mərcanlıda əvvəlki həyat tərzimiz bərpa olunacaq, toy səsi də, şənlik sədaları da kəndi öz başına götürəcək.
Şakir Əlifoğlu