“1000 bələdiyyənin birləşdirilməsinə ehtiyac var” Hadisə

“1000 bələdiyyənin birləşdirilməsinə ehtiyac var”

Vüqar Tofiqli: "Məsələnin həlli siyasi iradədən asılıdır"
Abil Bayramov: "Bələdiyyələrlə bağlı qanunvericilikdə xeyli dəyişikliyə ehtiyac var"

Milli Məclisin Regional məsələlər komitəsinin son iclasında "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə qanun layihələrinin müzakirə olunub. Qanun layihəsinə əsasən, Ağcabədi, Ağsu, Bərdə, Göygöl, Neftçala, Ucar rayonları üzrə 1, Astara, Xaçmaz, Qax, Samux, Balakən rayonları üzrə 2, Fizuli rayonu üzrə 3, Goranboy, Quba, Şəmkir, Tərtər rayonları üzrə 4, Zaqatala üzrə 6, Şamaxı üzrə 8, Gədəbəy üzrə 11, Ağdaş üzrə 15, Qəbələ rayonu üzrə isə 19 bələdiyyənin birləşdirilməsi nəzərdə tutulur.
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"na təklif olunan dəyişikliklər isə "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" yeni qanun layihəsindən irəli gəlir.
Ekspert Vüqar Tofiqli bildirdi ki, bələdiyyələrin birləşdirilməsi addımıni müsbət addım kimi dəyərləndirmək olar: "Ancaq cəmi 100 bələdiyyənin birləşdirilməsi ilə heç nə alınmayacaq. Yəni sitemin problemini bu yolla həll etmək mümkün deyil. Bizim ölkədə bələdiyyələrin sayı 400-ü keçməməlidir. Sadəcə bu struktura fəlsəfi baxışı dəyişmək lazımdır. Hə qədər ki, Rayon İcra Hakimiyyətləri bələdiyyələrə seçkili orqan kimi deyil, öz əlaltısı və ya öz bölmələri kimi baxacaqlar, yerlərdə bələdiyyə sisteminin problemi qalacaq. 100 bələdiyyənin birləşdirilmsini isə ondan xəbər verir ki sistemin problemi hələ də həll edilməmiş qalacaq".
Onun fikrincə, problemi birdəfəlik həll etmək üçün konkret addım atmağın vaxtı çatıb. Qarşıdan seçki prosesinin gəldiyi bir vaxtda düşnürəm ki, 1000 bələdiyyənin birləşdirilməsinə ehtiyac var. Məsələnin həlli siyasi iradədən asılıdır. Dövlətin hökumət təmsilçiləri və qanunverici orqan siyasi iradə nümayiş etdirib, bələdiyyə sistemin problemini kompleks həll etsə bütün suallara cavab tapılacaq".
Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının koordinatoru Abil Bayramov bildirib ki, bələdiyyələrlə bağlı qanunvericilikdə xeyli dəyişikliyə ehtiyac var: "İlk növbədə bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Səlahiyyətləri təkcə artırmaqla kifayətlənməməli, həmin səlahiyyətlərin konkretliyi təmin edilməlidir". Onun sözlərinə görə, Yerli özünüidarəetmə Xartiyası da tələb edir ki, bələdiyyələrə verilən səlahiyyətlər tam müstəsna olsun: "Söhbət ondan getmir ki, bütün səlahiyyətlər birdən-birə verilsin. Bunu mərhələli şəkildə həyata keçirmək mümkündür. Hər bir mərhələdə bələdiyyələr üçün konkret səlahiyyətlər tanınmalıdır. Səlahiyyətlərin həyata keçirilməsinə hər hansı bir qurumun müdaxilə etmək imkanı olmamalıdır. Bununla yanaşı, həmin səlahiyyətlərin həyata keçirilməsini təmin edə biləcək maliyyə mənbələri verilməlidir. Hazırda bələdiyyələrin dayanıqlı maliyyə mənbələri yoxdur".
Ekspert bildirib ki, bir neçə təklif irəli sürüblər, bunlardan bir də paylı vergi sisteminin tətbiq olunmasıdır: "Biz təklif edirik ki, hər hansı bir müntəzəm daxil olan vergidən bələdiyyələr üçün pay ayrılmalıdır. Bu daha dayanıqlı mənbə rolunu oynaya bilər. Əgər bələdiyyələrin konkret yerli əhəmiyyətli məsələlərin həllində konkret səlahiyyəti və onun həyata keçirilməsini təmin edə biləcək maliyyə mənbələri olarsa, nəticədə bələdiyyələr də əhaliyə keyfiyyətli xidmət göstərə bilər. Digər tərəfdən, yerli idarəetmədə pararlellik aradan qaldırılmalıdır. Bununla yanaşı, bələdiyyə üzvləri və qulluqçularının hazırlığı mühüm əhəmiyyət kəsb edir. Əgər hazırlıqlı bələdiyyə üzvü və qulluqçusu varsa, onda daha yaxşı qərarlar qəbul olunacaq və daha yaxşı səviyyədə icrası təmin ediləcək. Bu isə xidmətin keyfiyyəinin artırılmasına təsirini göstərəcək. Əsas fundamental məslələr bunlardır".
Ekspert Leyla Quliyeva isə vurğulayıb ki, bələdiyyələrin mövcud kadr potensialı yerli özünüidarənin səmərəli təşkilini təmin etmək iqtidarında deyil. Onun fikrincə, bu, ilk növbədə bələdiyyə seçkilərinin tam azad və ədalətli keçirilməməsindən irəli gəlir, kadr potensialının zəifliyi son nəticədə əhalinin keyfiyyətli ictimai xidmətlər almaq imkanlarını aşağı sala bilər: "Yerli özünüidarəetmə hər bir demokratik quruluşun əsas institutlarından biridir. Demokratik cəhətdən inkişaf etmiş ölkələrin çoxillik təcrübəsi göstərir ki, hər bir regionun, ərazinin təbii və social-iqtisadi potensialından tam və səmərəli istifadə etmək və bu əsasda əhalinin maddi rifahını yaxşılaşdırmaq üçün təkçə dövlət idarəçilik organlarının mövcud olması kifayət deyil. İdarəçilik növləri içərisində ən mürəkkəbi və çoxsahəlisi dövlət idarəçiliyidir. Dövlətin qarşısında çoxsaylı müxtəlif problemlər durur. Dövlət bəzən bu qədər müxtəlifliyi nəzərə almaq iqtidarında olmur. Bunun üçün onun imkanları azlıq edir və düzgün paylaşdırılmır və nəticədə problemlər yaranır. Bu problemlərdən azad olunmağın ən faydalı yolu idarəçilik yükünün azaldılması və dövlət idarəetməsində idarə olunan obyektlərin bəzilərinə özünü idarəetmə imkanlarının verilməsidir". Onun fikrincə, bu gün yerli özünüidarə dünya ölkələrinin əksəriyyətində konstitutsiya quruluşunun əsası, xalq hakimiyyətinin spesifik forması əhalinin yerli əhəmiyyətli məsələlərinin müstəqil həllinə qərar verən yerli özünüidarə orqanlarını seçmək və onlara seçilmək hüququnun verilməsidir...". O, həmçinin əlavə edib ki, bələdiyyələrin formalaşdırılması, onların işinin təşkili, səlahiyyətləri, müstəqilliyinin təmin olunması məqsədilə 2 iyul 1999-cu ildə - "bələdiyyərin status haqqında", "Bələdiyyələrə seçkilərin qaydası haqqında" və 15 oktyabr 1999-cu ildə - "Bələdiyyələrin Nümunəvi Nizamnəməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunları qəbul edildi. Lakin bələdiyyələrin yaranmasından artıq illər ötməsinə baxmayaraq, onlar bu gun də bir sıra problemlərlə qarşılaşırlar. Ayrı-ayrı bələdiyyələrin fəaliyyəti qismən istisna olmaqla, bütövlükdə respublika bələdiyyələrində canlanma hiss olunmur. Bunun başlıca səbəblərindən biri isə özünü idarəetmə sisteminin inkişafında vacib olan kadr probleminin tam həllini tapmamasıdır".
Onun fikrincə, təbii sərvətlərdən və daxili potensial imkanlardan istifadə edən hər bir qurum dövlər büdcəsinin və yerli bələdiyyə büdcəsinin formalaşmasında iştirak etməlidir: "Lakin statistik faktlar göstərir ki, əksər bələdiyyələr öz büdcəsinə gəlir gətirmədiyi halda, dövlət tərəfindən ayrılan dotasiyanın böyük hissəsi bələdiyyənin və onların fəaliyyətsiz icra strukturlarının saxlanılmasına yönəldilib: "Bu tamamilə yanlış yanaşmadır. Məlumdur ki, dövlətin ayırdığı dotasiya vəsaitləri bələdiyyə üzvlərinin və qulluqçularının maaşına, yaxud digər cari xərclərə deyil, məqsədli social proqramların həllinə sərf edilməlidir. Bunlar həmin bələdiyyələrdə çalışan şəxslərin qanunları bilmədiklərini və təşkilatçılıq bacarıqlarının olmadığını göstərir. Bu problemlərin məqsədli həlli üçün peşakar və işgüzar kadr potensialına ehtiyac yaranır. Ölkədə yerli özünü idarəetmə sisteminin inkişafına manə olan səbəblərin böyük bir hissəsi davranış amili ilə əhalinin bələdiyyə idarəçiliyi prinsiplərini həyata keçirməyə kifayət qədər hazır olmaması ilə bağlıdır. Təəssüf ki, uzun illər ərzində mövcud olmuş sistem respublikamızda özünüidarəetmə ideyalarını insanların şüurundan praktik olaraq tamamilə silə bilib. Ona görə də bu gün vətəndaşların yerli özünü idarəetmə ilə bağlı səthi təsəvvürləri var. Əhali nəinki yerli özünüidarəetmənin qanunla müəyyən olunmuş imkanları haqqında, həm də yerli özünüidarəetmənin həyata keçirilməsi sahəsində öz rolunun əhəmiyyəti haqqında çox şeyi bilmir. Məhz buradan da əhalinin idarəetmədən və yerli əhəmiyyətli məsələlərin həllindən ayrı düşməsi baş verir, hakimiyyət orqanlarına və elan olunan proqramlara ümumi inamsızlıq, yerli özünüidarəetmə orqanları ilə demokratik qarşılıqlı əlaqələr sahəsindəvərdişlər yarana bilmir və yaxud dab u vərdişlər üçün faktiki təşəbbüslər yetərsizdir". O, həmçinin bildirir ki, Azərbaycanın təhsil sistemində "Dövlət və bələdiyyə idarəetməsi" ixtisası üzrə hazırlanan kadrların peşakarlıq və idarəetmə sahəsində lazımi biliklər və praktiki vərdişlərə yiyələnmələrini təmin etmək məqsədilə bələdiyyələr üçün qabaqlayıcı kadr hazırlığı proqramları işlənib hazırlanmalıdır: "Tədris planı idarəetmənin əsas funksional sahələrini, o cümlədən dövlət və bələdiyyə idarəçiliyinin xüsusiyyətlərini, beynəlxalq təcrübəni, maliyyə-iqtisadiyyatın, vergi sistemini dövlət tənzimlənməsi, dövlət və bələdiyyə qulluğunun idarə olunması, informasiya, hüquq, insan ehtiyatlarını idarə olunması və s. əhatə edilməlidir".

Əli