Vərəm xəstəliyi və onun profilaktikasına həsr edilmiş seminar Hadisə

Vərəm xəstəliyi və onun profilaktikasına həsr edilmiş seminar

Bu gün Ağciyər Xəstəlikləri İnstitutunun Laboratoriyasında Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşkilatçılığı ilə KİV nümayəndələri üçün vərəm xəstəliyi və onun profilaktikasına həsr edilmiş seminar keçirilib. Seminarda institutunun direktoru Həqiqət Qədirova bildirib ki, 2015-ci ildə dünyada 10,4 milyon insan vərəmlə xəstələnib və onlardan 5,9 milyonu kişi, 3, 5 milyonu qadın, 1 milyonu isə uşaqlar olub. Onun sözlərinə görə, 2015-ci ildə 480 min insan çoxsaylı dərmanlara davamlı vərəmlə xəstələnib: "Avropada hər 15 dəqiqədən bir 32 min insan vərəmdən ölür. BMT-nin 2030-cu ilə qədər davamlı inkişaf üzrə təyin etdiyi məqsədlərdən biri vərəmin qlobal epidemiyasının ləğv edilməsidir.
Vərəmin 2016-2035-ci illərdə ləğv edilməsi üzrə strategiyada Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilə vərəmdən ölüm hallarının sayının 2015-ci il ilə müqayisədə 90%, vərəmlə xəstələnmə göstəricisinin isə 80% azaltmağa çağırır. Dünyada vərəmlə xəstələnən insanların sayı da son illər azalır. 2000-2015-ci illər dövründə bu xəstəlikdən ölüm halları 22% azalıb. Bu illər ərzində 49 milyon insan vərəmdən müalicə alıb və həyatı xilas olub. Lakin aşkarlanma və müalicə sahəsində hələ də xeyli problemlər mövcuddur".
H.Qədirova əlavə edib ki, çoxsaylı dərmanlara davamlı (ÇDD ) vərəmin yayılması daha çox Rusiyada müşahidə olunur və bu da müəyyən qədər qonşu ölkələrdə problem yaradır. Onun sözlərinə görə, Azərbaycan vərəm xəstəliyi az yayılmış ölkələr sırasına daxildir: "Azərbaycanda ilkin yoluxma hallarında 13%, təkrar xəstələnmə hallarında isə 29% dərmanlara davamlı olur. Azərbaycanda hər 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisində son 6 ildə azalma müşahidə olunur və aktiv kontingentin sayı azalır. 2010-2016-cı illərdə ölkədə hər 100 min əhaliyə görə bu say 144 nəfərdən 99 nəfərə düşüb. 15-17 yaşlı uşaqlar arasında dinamika müşahidə olunur. Ölkədə ilkin aşkar olunan vərəm xəstələri arasında müvəqqəti müalicənin effektivliyi 83%, təkrar xəstələr arasında isə müalicənin effektivliyi 73% təşkil edir". Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Cəvahir Süleymanova isə bildirib ki, vərəmlə mübarizə profilaktikadan başlamalıdır. Onun sözlərinə görə, xəstə vaxtında həkimə müraciət edərsə, düzgün müayinə və müalicə olunarsa, vərəm tam sağalar.