

Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, kriminal aləmdə “Oleq Bakinski” ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçerin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Oleq Krapivinin vəkili Xeyransa Babayevanın verdiyi vəsatətə görə prosesin erkən vaxta çəkildiyi elan olunub.
Vəkil X.Babayeva Oleq Krapivinin səhhətindəki ciddi problemlərlə əlaqədar haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənilməsini xahiş edib. Qeyd olunub ki, təqsirləndirilən şəxs hipertoniya xəstəliyi ilə əlaqədar müalicə almalıdır.
Zərərçəkənin vəkili isə vəsatətə etiraz edib.
Dövlət ittihamçısı vəsatəti məhkəmənin mülahizəsinə buraxdığını bildirib.
Məhkəmə vəsatəti təmin edib. Oleq Krapivin məhkəmə zalından azadlığa buraxılıb.
Proses mayın 16-da davam etdiriləcək.
Qeyd edək ki, “Oleq Bakinski” ötən il Bakıda Rusiya vətəndaşına qarşı xuliqanlıq etməkdə ittiham olunaraq polis tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü ( xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Cinayət işi üzrə “Oleq Bakinski” ilə yanaşı, 2010-2011-ci illər ərzində Ukraynanın müdafiə sənayesi nazirinin aviasiya məsələləri üzrə müavini vəzifəsində çalışmış Konstantin Antonoviç Kuçer də təqsirli bilinir.
Zərərçəkən qismində "Aviazapchast" ASC, "Promyshlennye Postavki Kazakhstan" MMC və Zaxarenkov Valeriy Nikolayeviç tanınıb.