

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qəbələ şəhərində yerləşən Mərkəzi Cümə və Qəbələ şəhər məscidlərini ziyarət edib.
Məscidlərdə fəaliyyət göstərən din xadimləri ilə görüşdə Ramin Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət-din münasibətləri modelinin qurulmasında müstəsna xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və tolerantlıq ənənələrinin möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.
Komitə sədri Azərbaycanın dövlət-din münasibətləri modelini möhkəmləndirən amillər içərisində dini müxtəlifliyin və mütərəqqi dini dəyərlərin qorunmasının, dinlərarası dialoqun inkişafının mühüm yer tutduğuna diqqət çəkib. Qeyd edib ki, Azərbaycanda vicdan azadlığının təmin olunması və dini təhlükəsizliyə təhdidlərin qarşısının alınması dini sabitliyin qorunmasında əsas meyarlardandır.
Ramin Məmmədov dini icmaların sağlam mənəvi mühitin formalaşmasında oynadığı rolun vacibliyindən danışaraq din xadimlərinə dini maarifləndirmə işinin gücləndirilməsi, gənclər arasında sağlam dini dəyərlərin təbliği və dini radikalizmə qarşı mübarizə barədə tövsiyələr verib.
Daha sonra rəy və təkliflərini səsləndirən din xadimləri Azərbaycan dövlətinin tolerantlıq və multikulturalizm siyasətini dəstəklədiklərini, bu sahədə görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıblar. Ölkəmizdə tarixən formalaşmış dini-mənəvi, tolerant dəyərlərin qorunması və inkişafı prosesinə hər zaman töhfə verməyə hazır olduqlarını qeyd
ediblər.
Cavid