

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən məhkəmə prosesində qərar qəbul olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub.
Təqsirləndirilən Mahir Şirvanovun cəzası 1 il azaldılaraq 6 ildən 5 ilə endirilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən apellyasiya şikayəti və protesti verilib.
Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini qismən təmin edərək Mahir Şirvanovun cəzasını 3 ildən 6 ilə qədər artırıb. Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Eyni zamanda təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə edilməsi barədə qərar qəbul edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə AR Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.