Allahşükür Paşazadə: Ermənilər Qərbi Azərbaycan məscidlərindəki nadir Quran nüsxələrini hərraclarda satıb Hadisə

Allahşükür Paşazadə: Ermənilər Qərbi Azərbaycan məscidlərindəki nadir Quran nüsxələrini hərraclarda satıb

Azərbaycan dövlətinin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra böyük əhəmiyyət kəsb edən ümdə məsələlərdən biri də mədəni-mənəvi suverenliyimizin təmini, dini-mənəvi müstəvidə ədalətin yerini almasıdır.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib.
QMİ sədri bildirib ki, məlum olduğu kimi, tarixən dini mərkəz olan Qafqaz Müsəlmanları İdarəsinin əhatə etdiyi mənəvi məkanda – Qafqazda ənənəvi qazılıqlarımız fəaliyyət göstər: “Dini mərkəzə tabe olan qazılıqlar azərbaycanlıların tarixən yaşadığı ərazilərdə xalqımızın dini-mənəvi mənafeləri və ehtiyaclarının ödənilməsini təmin etməklə yanaşı, milli özünüdərk, özünütəsdiq və təqdimatında böyük rol oynamış, xalqımızın mənsub olduğu İslam sivilizasiyasının yüksək səviyyədə təmsilçiliyini həyata keçirib”.

O qeyd edib ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından mərhələ-mərhələ didərgin salınması, etnik təmizləmə və deportasiyalar qazılıqların fəaliyyətini məcburi dayandırmasına səbəb olub: “İrəvan-Naxçıvan qazısı olduğum müddətdə - 1978-79-cu illərdə mən indiki Ermənistan ərazisində yerləşən şəhər, kəndlərimizi, oradakı 300-dən yuxarı məscidləri, ziyarətgah və pirləri qarış-qarış gəzmiş, soydaşlarımızla ünsiyyət imkanına malik olmuşam. İndi həmin məkanlarda vəziyyət acınacaqlıdır. Xalqımızı deportasiyalara və soyqırımlara məruz qoyaraq tarixi torpaqlarımızda dövlət yaradan ermənilər həmin ərazilərdə milli-mədəni abidələrimizə qarşı vandalizm aktları törətmiş, dini-mədəni irsimizə təcavüz etmiş, dədə-baba torpaqlarımızda izimizin silinməsi məqsədilə məscidlərimizi dağıdıb, əmlaklarını mənimsəyib, qəbirstanlıqlarımızı məhv ediblər. Qərbi Azərbaycan torpaqlarındakı xalqımıza məxsus maddi-mənəvi mədəniyyət nümunələri, məscidlərə məxsus əmlaklar talan edilib, nadir Quran nüsxələri, nəfis əlyazmalar xarici ölkələrdə hərraclarda satılıb. İrəvanın azərbaycanlılar tərəfindən tikilmiş Cümə məscidinin İran iş adamlarının ziyarəti üçün təmir edilib, fars məscidi kimi təqdim olunması da erməni saxtakarlığının və vandalizminin bariz nümunəsidir. Məscid, ibadətgah binalarına həqarət edərək mənşəyinə uyğun olmayan məqsədlər üçün istifadə etmiş ermənilər bu gün də İrəvanın Təpəbaşı məhəlləsindəki məscidimizin binasında bilərəkdən alkoqol satışı həyata keçirirlər. Halbuki, biz münaqişə davam etdiyi illərdə belə paytaxtımızın ən mərkəzi hissəsində erməni kilsəsinin binasını təmir edərək tarixi-mənəvi abidə kimi qoruyub saxlamış, kitabxanasını mühafizə etmişik. Qarabağda uydurma, dırnaqarası “erməni tarixi-mədəni irsini məhv etməkdə” bizi günahlandıran erməni dairələri Azərbaycanın dini-mənəvi irsinə qarşı həyata keçirdikləri vandalizm aktlarını, barbarlıq əməllərini unudurlar. Bu həqiqətlərin beynəlxalq müstəvidə işıqlandırılması istiqamətində son illər olduqca mühüm addımlar atılır. Monoetnik Ermənistandan fərqli olaraq multukultural Azərbaycanda Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu xəttilə azad Qarabağda bütün dinlərə məxsus ibadət məkanları xüsusi diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur”.