

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri olmuş Eldəniz Qulamovun barəsində olan cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi keçirilən prosesdə zərərçəkmiş qismində tanınan Gənclər və İdman Naziriyinin hüquqi nümayəndəsinin dəyişildiyi elan olunub. Hüquqi nümayəndə dəymiş ziyanla bağlı qaldırılımış mülki iddianı müdafiə etdiyini söyləyib.
Məhkəmə yeni nümayəndəyə hazırlaşmaq və mövqe bildirmək üçün vaxt verib.
Prosesdə cinayət işi üzrə 55 şahidin olduğu qeyd edilib və bildirilib ki, həmin şahidlər gələn proseslərdə dindiriləcəklər.
Növbəti proses iyunun 18-nə təyin edilib.
Qeyd edək ki, adı çəkilən şəxslər 1 milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Naziriyi tanınıb. İbtidai istintaqda dəymiş ziyandan 100 min manatının ödənilməsi təmin edilib.