

Bakının Nəsimi rayonunda narkokuryerlikdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 52 yaşlı Toğrul Rüstəmov, tanışı 62 yaşlı İlqar Əliyev və 28 yaşlı Elmir İsmayılov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
T.Rüstəmov, İ.Əliyev və E.İsmayılovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.