MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib Hadisə

MN-dəki milyonluq mənimsəmə ilə bağlı məhkəmədə əmlaklara qoyulan həbsin götürülməsi istənilib

Müdafiə Nazirliyində milyonluq mənimsəmə işi üzrə məhkəmə

Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov müvəkkilinin əmlaklarına qoyulmuş həbslə bağlı apellyasiya şikayətini müdafiə edib.

Əmlaklara qoyulmuş həbs

O, müvəkkilinin ailə üzvlərinin əmlaklarına qoyulan həbsin götürülməsini istəyib:

“Biz bununla bağlı apellyasiya şikayəti vermişik. Təmin olunmasını istəyirik. Bakı Hərbi Məhkəməsinin qərarı əsassızdır. Sənədlər təqdim etsək də, nəzərə alınmadı. Hətta Cəlal Kazımovun qızı Aytən Niftəlizadəyə qayınanası tərəfindən alınan əmlaka həbs qoyulub. Bununla yanaşı, Cəlal Kazımovun həyat yoldaşı Nüşabə Kazımovanın, oğlu Emin Kazımzadənin əmlaklarına həbs qoyulub. Emin Kazımzadənin əmisinin ona bağışladığı əmlaka belə həbs qoyulub. Məhkəmədən şikayətin təmin olunmasını xahiş edirik”.

Məhkəmənin növbəti iclası iyunun 30-da keçiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manat hesablanıb. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, Nizami Məmmədov və Bayram Bayramov hər biri 11 il 6 ay, Cəlal Kazımov 11 il, Vüsal Əlizadə isə 10 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Dövlət büdcəsinə vurulmuş ziyanı tam ödəmədikləri üçün təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dövlətə dəymiş ziyanın tam ödənilməsinə yönləndirilməsi məqsədilə dövlət nəfinə keçirilməsi üçün müsadirə olunub.