

Xəbər verildiyi kimi, Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin göldə batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.
Bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Axtarışlar nəticəsində göldə batmış 2016-cı il təvəllüdlü Nadirli Fərdi Teymurxan oğlu, 2018-ci il təvəllüdlü Nadirli Rəvan Teymurxan oğlu və 2021-ci il təvəllüdlü Nadirli İsmayıl Nəriman oğlunun meyitləri suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, göl və digər su hövzələrindən istifadə olunmamasına çağırır.
***
19:24
Şəmkirdə göldə batan 3 azyaşlının meyiti tapılıb.
APA-nın yerli bürosu xəbər verir ki, meyiti tapılanlar 2018-ci il təvəllüdlü R. Nadirli, 2016-cı il təvəllüdlü F. Nadirli və 2021-ci il təvəllüdlü İ. Nadirlidir.
***
18:35
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Qədimqala kəndində 3 nəfərin (uşaq) göldə batması barədə məlumat daxil olub.
FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək.
***
18.04
Şəmkir rayonunda 3 nəfər göldə batıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkirçayın Təzəkənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Qədimqala kənd sakinləri -c 2018-ci il təvəllüdlü R.Nadirli, 2021-ci il təvəllüdlü N.İsmayıl və 2016-cı il təvəllüdlü F. Nadirlinin göldə batdığı ehtimal olunur.
Əraziyə FHN əməkdaşları cəlb olunub.