Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb - SƏRƏNCAM Hadisə

Sabirabadda yol tikintisinə 2,1 milyon manat ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən altmış bir min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 2,1 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalı, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.