Bakıda yeni “dəb“: Taksilər dini təbliğat vasitəsinə çevrilib Hadisə

Bakıda yeni “dəb“: Taksilər dini təbliğat vasitəsinə çevrilib

Bakıda ən çox istifadə olunan ictimai nəqliyyat avtobus və metrodur. Lakin gedəcəyimiz ünvana tələsiriksə, ilk ağlımıza gələn taksi olur. Yəni işi sərnişini ünvana təcili çatdırmaqdı. Ancaq son vaxtlar bu işin üzərinə bir "iş" də gəlib: Dini təbliğat. Bu hallara ən çox Bakıətrafı kəndlərə və Sumqayıta işləyən taksilərdə rast gəlinir.
Elə ki, maşın işə düşdü, hansısa yerli, yaxud iranlı-turanlı vaizin söhbətləri başlayır. Sürücülər üçün sənin dinləyib-dinləməmək istəyin maraqlı deyil. Bu təbliğat vasitələri haqqında dəqiq məlumatın da olmur. Bilinmir, zərərdirmi, xeyirdimi?
İstənilən halda ortaya bir sual çıxır: Taksilərdə dini təbliğatın aparılması nə dərəcədə düzgündür?
Xeyli vaxtdı avtovağzal ətrafında taksi sürücüsü kimi fəaliyyət göstərən Rasim dayı düşünür ki, müsəlman olan bunlardan sıxılmaz:
"Qızım, sənin yaşında mənim qızım var. Namaz qılır, ibadət edir. Bizim evdə həmişə dini söhbətlər aparılır. Bu əxlaq üçün vacibdir. Balıqlar yadında heç nə saxlamadığı kimi insanlar da dindən-imandan uzaqlaşdıqca insanlıqdan çıxırlar. Gərək tez-tez dini kəlamlara qulaq assınlar. Allah qorxusu yaxşı şeydi, bala. Hacı Şahinin, Seyid Talehin maraqlı söhbətləri olur".
"20 Yanvar"-Sumqayıt marşrutu üzrə işləyən taksinin sürücüsü Rüstəm isə başqa cür düşünür:
"Din adı altında insanların beynin yumaq başqadı, qardaş kimi məsləhət vermək başqa. Elə sürücülər var ki, cavan uşaqları din vasitəsilə çəkir yanına. Nə ibadəti bəllidir, nə də hansı məzhəbə qulluq etdiyi. Mən də yol boyu dini musiqilərə, söhbətlərə qulaq asıram. Amma bu kimisə narahat edirsə, söndürürəm. Daha durub ona məsləhət vermirəm, ədəb-ərkan öyrətmirəm. İnsanlar o qədər qorxur ki, çox vaxt mənim kimi üzü saqqallı cavan adamların maşınına minmir. Elə bilirlər yol boyu baş-qulaq aparanlardanam".
İlahiyyatçı Elşad Miri isə sözügedən mövzunun bu qədər genişlənməsinin səbəbini ictimai nəqliyyatda qiymətləndirmə sisteminin olmaması ilə əlaqələndirib:
"Bu elə bir mövzudur ki, bu dövrdə heç kim heç kimə məcburi şəkildə nə isə etdirə bilməz. Ola bilər ki, sürücü hər hansı dini moizəyə qulaq asır və sərnişin bundan narahat olur. Belə olan halda sürücü bilməlidir ki, sərnişin hər zaman haqlıdır. Və o ödəniş edirsə, mənzil başına rahat çatmaq onun haqqıdır. Lakin belə bir şey var ki, əks hallarda da sadə çıxış yolu var. Məsələn ictimai nəqliyyat vasitəsini dəyişə bilərsən. Hazırda ölkədə şəhərdaxili bir sıra taksi xidmətləri fəaliyyət göstərir. Onların ən üstün tərəfi sürücülərin qiymətləndirmə sisteminə uyğun seçilməsidir. Belə ki, hər dəfə istifadə edəndə xidmətin mənfi və müsbət tərəflərini qeyd edib sürücünü qiymətləndirirsən. Şirkət də buna əsasən öz kollektivində yüksək xidmət göstərən işçiləri saxlayır. Mən düşünürəm ki, bu sistem nəinki taksi xidmətlərində eləcə də, bütün ictimai nəqliyyatlara tətbiq edilməlidir".
Mövzu ilə bağlı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsilə də əlaqə saxladıq. Komitədən bildirdilər ki, məsələni araşdırmaq üçün gərək vətəndaşlar şikayət eləsin:
"Hazırda sözügedən məsələ ilə bağlı bizə heç bir şikayət daxil olmayıb. Qeyd edilən faktlar əsasında bizə şikayət daxil olarsa, təbii ki, aydiyyatı qurumlar lazımı tədbirləri həyata keçirəcək. İctimai nəqliyyatda bu kimi hallarla üzləşən sakinlər komitənin qaynar xəttinə zəng edib məlumat verə bilərlər".