

“Respublika Perinatal Mərkəzi”ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə şahidlər dindirilib.
“Respublika Perinatal Mərkəzi”ində direktor müavini, baş həkim vəzifəsində çalışmış Dilarə Şirinova da məhkəmədə ifadə verib.
Dilarə Şirinova bildirib ki, yanğının baş verməsini ona mərkəzin direktoru Mehriban Abasquliyeva deyib: “Hadisədən xəbər tutandan sonra mərkəzə gəldim. Artıq yanğın sönmüşdü. Mən mərkəzdə 2001-ci ildən çalışıram. Sonra baş həkim təyin olundum. 2023-cü ilin aprel ayından müalicə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşam. 2021-ci ildə mərkəzdə icbari tibbi sığorta tətbiq olundu. Struktur dəyişikliyi oldu. Bölmələr yarandı, şöbələrin bəziləri ləğv edildi, bəziləri birləşdirildi".
Şahid bildirib ki, mərkəzdə ciddi tibb bacısı çatışmazlığı olub: “Yanğın baş verən zaman 4 palataya 2 tibb bacısı nəzarət edirdi. Bu da tibb bacısının çatışmazlığını göstərirdi. Bununla bağlı mən mərkəzin direktoru Mehriban Abasquliyevaya şifahi şəkildə bildirmişəm. O, “çatdırmırıq sözü xoşuma gəlmir, çatdırmalıdırlar”, dedi. Kim iş çoxluğuna etiraz edirdisə, həmin işçiyə ağ vərəq göstərirdi”.
Şahid qeyd edib ki, mərkəzdə əvvəllər də yanğın baş verib: “Mərkəzin üçüncü mərtəbəsində yerləşən sanitar qovşaqda yanğın baş vermişdi. Yanğın yayılmadan qarşısı alınmışdı. Sonra bu hadisə baş verdi. Yanğından sonra mən palatalara baxdım. Orada 31 ekektrik yuvası var idi. Elektrik yuvalarının bəzilərinə uzadıcalar da qoşulmuşdu. Bəzən də “tok” vurma halları baş verirdi”.
Dilarə Şirinova bildirib ki, mərkəzin direktoru məzuniyyətdə olsa belə işlə maraqlanırmış: “Mehriban Abasquliyeva məzuniyyətdə ola-ola xəstə sayı ilə maraqlanır, kameralara nəzarət edirdi. Biz mərkəzə müraciət edən bütün xəstələri qəbul edirdik, onları geri qaytara bilmirdik. Mehriban Abasquliyeva deyirdi ki, necə edirsiniz edin, müraciət edənlər artsın, xəstə sayı çox olsun. Xəstə sayı çox olanda mərkəzin direktorundan tutmuş xadiməyə kimi hər kəsin maaşı artırdı”.
Proses 8 oktyabrda davam etdiriləcək.
Qeyd edək ki, 2024-cü il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.