BŞİH: “Sovetski”də 150-yə yaxın tarixi bina qorunub saxlanılır Hadisə

BŞİH: “Sovetski”də 150-yə yaxın tarixi bina qorunub saxlanılır

Son günlər sosial şəbəkələrdə bəzi şəxslər tərəfindən Bakının Yasamal rayonunda, “Sovetski” adlanan ərazidə guya arxitektur binaların sökülməsi ilə bağlı əsassız məlumatlar paylaşılır.

Bakı şəhər İcra Hakimiyyəti mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu cür paylaşımlar ictimaiyyəti çaşdırmaq və süni narazılıq yaratmaq məqsədi daşıyır.

Qeyd edilib ki, “Sovetski” ərazisində ümumilikdə 150-yə yaxın tarixi bina qorunub saxlanılır: "Bu işlərin gedişinə nəzarət etmək üçün bir neçə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə xüsusi Komissiya da yaradılıb. Komissiya tərəfindən ərazidəki bütün arxitektur binaların tam siyahısı hazırlanıb. Hazırda yalnız istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan tikililərin söküntüsü həyata keçirilir. Bu proses tarixi binalara zərər yetirilmədən aparılır. Qəzalı binaların söküntüsü başa çatdıqdan sonra isə ərazidə yerləşən arxitektur tikililərin bərpası, restavrasiyası və özüllərin bərkidilməsi işlərinin görülməsi planlaşdırılır.

Bir daha qeyd edirik ki, söküntü yalnız təhlükəli və yararsız vəziyyətdə olan binalara şamil olunur. Ərazidə yaşayan sakinlərə isə bazar dəyərinə uyğun kompensasiya ödənilir.

“Sovetski”də aparılan bütün proseslər qanun çərçivəsində və xüsusi Komissiyanın nəzarəti altında həyata keçirilir”.