Azərbaycan itkinlərlə bağlı yüksək təcrübəsi olan dövlətlərlə əməkdaşlıqda maraqlıdır Hadisə

Azərbaycan itkinlərlə bağlı yüksək təcrübəsi olan dövlətlərlə əməkdaşlıqda maraqlıdır

Azərbaycan itkin düşmüş şəxslər barədə yüksək təcrübəsi olan dövlətlər və təşkilatlarla əməkdaşlıqda maraqlıdır.

APA xəbər verir ki, bunu Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Qəzənfər Əhmədov “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Qəzənfər Əhmədov qeyd edib ki, silahlı münaqişənin yaratdığı humanitar problemdən əziyyət çəkən ölkə kimi itkin düşmüş şəxslər probleminin müxtəlif aspektləri, məsələn, siyasi iradənin səfərbər edilməsi, məlumat və təcrübə mübadiləsi, tövsiyələrin verilməsi vasitəsilə beynəlxalq səylərə əlavə töhfə verilməsi, ikitərəfli və beynəlxalq əməkdaşlığın gücləndirilməsi, itkin düşmüş şəxslərin ailələrinin hüquq və ehtiyaclarını qorumaq məqsədilə milli səylərin, o cümlədən praktiki tədbirlərin artırılması, qurbanlara yardımların dəstəklənməsi, itkin düşmüş şəxslərin qalıqlarının axtarılması, tapılması, şəxsiyyətlərinin müəyyən edilməsi və ailələrinə qaytarılması üzrə səylərin artırılması vacib məqsədlərdəndir.

Bildirilib ki, dünyada yeni çağırışlara, yeni səylərə, konsepsiyalara və yanaşmalara ciddi ehtiyac var: “Biz silahlı münaqişələrin tezliklə başa çatmasını, sülhün və əmin-amanlığın bərqərar olmasını, milli kimliyindən asılı olmayaraq heç bir insanın itkin düşməməsini arzulayırıq”.

Komissiya katibi deyib ki, işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin dəfn yerlərinin axtarışı, qazıntı, ekshumasiya və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu prosesdə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş İdarəsi, Baş Prokurorluq, Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, ANAMA, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, eləcə də yerli icra hakimiyyətlərinin mühüm rolu xüsusi vurğulanıb.