ADPU-nun Quba filialında “Dövlət müstəqilliyinin bərpasından Qəbələ Zirvəsinə gedən yol” mövzusunda dəyirmi masa keçirilib Hadisə

ADPU-nun Quba filialında “Dövlət müstəqilliyinin bərpasından Qəbələ Zirvəsinə gedən yol” mövzusunda dəyirmi masa keçirilib

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan və Özbəkistan təmsilçilərinin iştirakı ilə Heydər Əliyev Lektoriyasında keçirilən tədbirin girişində Azərbaycan-Özbəkistan qardaşlıq münasibətlərini tərənnüm edən filim nümayiş olunub.

Filialın əməkdaşları tərəfindən hazırlanmış filmdə iki qardaş xalqın qədim köklərə bağlı tarixindən, ortaq din, dil və dəyərlərin qorunması istiqamətində görülən işlərdən, keçmiş sovetlər birliyi dövründə Azərbaycan - Özbəkistan münasibətlərinin dinamik inkişafına təsir edən strateji səylərdən bəhs olunur.

Efir materialında ümummilli lider Heydər Əliyevin, eləcə də qardaş Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun tarixi missiyalarına ötəri nəzər salınır. Müstəqilliklərimizin bərpası dövründə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Özbəkistanın sabiq Prezidenti İslam Kərimov dövlətlərimiz və xalqlarımız arasında çoxşaxəli əlaqələrin inkişafına xüsusi diqqət göstəriblər. Bu qardaşlıq strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin liderliyində mətanətlə qorunur. Məhz məqsədyönlü strategiyanın nəticəsidir ki, hazırda Azərbaycan-Özbəkistan münasibətləri bütün sahələr üzrə dinamik inkişafın zirvə nöqtəsini fəth edib.

Filmin nümayişindən sonra ADPU-nun Quba filialın direktoru, fizika elmləri doktoru, professor Yusif Alıyev və Özbəkistan Respublikası Surxandərya Regional Pedaqoji Bacarıqlar Mərkəzinin direktoru Murot İsoqov çıxışları dinlənilib.

Xüsusi olaraq qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə, eləcə də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpa olunması TDT-nin inkişaf təşəkkülündə, eləcə də türk dövlətlərinin və xalqlarının hazırkı həmrəyliyində müstəsna əhəmiyyətə malik tarixi dövlətçilik prosesləridir.
Sonra çıxışlar ətrafında diskussiya olub.
Dəyirmi masa filialın kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şahtaxtının aparıcılığı ilə keçirilib.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-Tədris Mərkəzi və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki pedaqoji bacarıqlar mərkəzləri (Qaraqalpaqıstan Respublikası, Fərqanə vilayəti, Nəvai vilayəti, Səmərqənd vilayəti, Surxandərya vilayəti, Xorazm vilayəti, Əndijan vilayəti) oktyabrın 19-dək davam edəcək təlim-seminarların əsas tərəfdaşlarıdır.

Cavid