

Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlanılıb.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib.
Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan layihəsi
Bildirilib ki, Bakıda bu il Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan kanalizasiya kollektoru layihəsinin tikintisinə başlanılıb. Layihə çərçivəsində diametri 2000-2500 mm olan mikrotunel tipli kollektorun tikintisi nəzərdə tutulub.
Layihənin məqsədi ümumi uzunluğu 10.4 km olan kollektorun tikintisinin başa çatdırılması ilə "Şəhərkənarı" kollektorunun yükünün azaldılmasıdır. Layihənin icrası tullantı sularının daşınması və intensiv yağışlar zamanı subasma hallarının qarşısının alınmasına imkan yaradacaq. Sabunçu və Suraxanı rayonlarının bir hissəsini, Bakıxanov qəsəbəsi ərazilərini əhatə edəcək. Tikinti işlərinin 2027-ci ildə tamamlanması nəzərdə tutulub.
Lökbatan hövzəsi layihəsi
Bundan əlavə, cari ildə Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisinə başlanılıb.
Ümumi uzunluğu 23 km olan gətirici kollektorun və məhsuldarlığı 100 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə bir sıra qəsəbələrinin kanalizasiya təchizatı qurulacaq, eləcə də, bu, Bakı buxtasının və Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Layihə Səbail, Yeni Yasamal, Badamdar qəsəbəsi və Qanlı gölün ətrafı, Bayıl, Bibiheybət, 20-ci Sahə və Xocasən gölü ətrafı ərazilərini əhatə edəcək.
Layihənin tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur.
Müşfiqabad hövzəsi layihəsi
Həyata keçirilən digər bir layihə Müşfiqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun və tullantı sular üçün sutəmizləyici qurğunun tikintisi layihəsidir. Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulub.
Ümumi uzunluğu 17 km olan gətirici kollektorun və məhsuldarlığı 75 min m³/gün olan qurğunun tikintisinin yekunlaşması ilə Xırdalan şəhəri, 28 may, Müşfiqabad, Hökməli və Aşağı Güzdək qəsəbələrində formalaşan tullantı sularının idarə edilməsinə və Ceyranbatan su anbarın ekoloji vəziyyətinin yaxşılaşmasına xidmət edəcək.
Layihə Abşeron rayonu, Müşfiqabad, 28 May, Aşağı Güzdək, Hökməli qəsəbələri, Xırdalan ərazilərini əhatə edəcək.
Sahil layihəsi
Digər layihə Sahil kollektorunun yenidən qurulması üçün layihə-smeta sənədlərinin hazırlanması və tikintisi layihəsidir.
Layihənin tikintisinə 2025-ci ildə başlanılıb və 2028-ci ildə tamamlanması nəzərdə tutulub.
Tikintinin yekunlaşdırılması ilə layihə (D1600 mm-2000 mm mikrotunel L=9.4 km) Bakı şəhəri, mərkəzində formalaşan tullantı sularının idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Zığ-Hövsan layihəsi
Eyni zamanda, bu il Bakıda Zığ-Hövsan kanalizasiya kollektoru layihəsinin tikintisinə başlanılıb.
Ümumi uzunluğu 28 km olan kollektorun və yeni nasos stansiyasının inşası ilə “Şəhərkənarı” kollektorun yenilənməsi və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Layihə Bakının Xətai rayonu bir hissəsi və Suraxanı rayonunun Zığ, Hövsan, Bahar, Dədəqorqud qəsəbələrinin ərazilərini əhatə edəcək.
Tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulub.