12:30
840
Qarabağ suvarma kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırılma və layihə-smeta sənədlərinin hazırlanması üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış İşçi qrupunun onlayn formatda növbəti iclası keçirilib.
Bu barədə "APA-Economics"ə Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən bildirilib.
İclasda çıxış edən İşçi qrupun rəhbəri Rafiq Aslanov Qarabağ suvarma kanalının normal su sərfinin 113 m³/san-dən 135 m³/san-dək artırılması, eləcə də torpaq məcralı kanalın beton üzlükdə yenidən qurulması ilə təqribən 300 milyon m³ su itkinin azaldılması hesabına suvarılan əkin sahəsini 115 min hektardan 166 min hektara qədər artırılacağını, eyni zamanda, kanalın 106-cı km-dən sonra trassasının dəyişdirilməsi ilə Beyləqan və Ağcabədi rayonlarının Yeni Xanqızı kanalından suvarılan təxminən 20 min hektar ərazilərinin də su təminatının yaxşılaşdırılmasına öz töhvəsini verəcəyini bildirib.
Daha sonra, ADSEA tabeliyində olan layihə institutu və layihəyə cəlb edilmiş PROYAPI və TEMELSU şirkətlərinin mütəxəssisləri tərəfindən birgə hazırlanmış Qarabağ suvarma kanalının yenidən qurulmasının TİƏ və layihə sənədlərinin cari vəziyyəti barəsində təqdimatı keçirilib.
Təqdimatda layihənin hazırkı vəziyyəti və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barəsində İşçi qrupunun üzvlərinə ətraflı məlumat verilib.
İclas zamanı, həmçinin, işçi qrupunda təmsil olan müvafiq mərkəzi icra hakimikyyəti orqanların, eləcə də kanalın keçdiyi inzibati ərazilərin şəhər və rayon icra hakimiyyətlərinin nümayəndələri layihənin vaxtında və peşəkar formada hazırlandığını bildirərək, fikir və təkliflərini səsləndiriliblər.
Sonda işçi qrupunun rəhbəri qeyd edib ki, Qarabağ suvarma kanalının layihə-smeta sənədlərinin hazırlanması 2026-cı ilin birinci yarısında tamamlanacaq. Layihənin icrasına və tikinti işlərinə başlanılması nəticəsində kanalın xidmət göstərdiyi ərazilərdə su təminatının yaxşılaşdırılması ilə yanaşı, ətraf ərazilərin ekoloji və meliorativ vəziyyətinə də müsbət təsir göstəriləcək.
Qeyd edək ki, Qarabağ suvarma kanalının yenidən qurulması layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli, 85 nömrəli Sərəncam əsasında həyata keçirilir.