21:33
560
“Avropa Birliyi ilə Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) vasitəsilə Naxçıvana çəkiləcək dəmir yolu xətti üzrə texniki-iqtisadi qiymətləndirmənin aparılması artıq uzun müddətdir davam edir və bu proses Zəngəzur dəhlizinin “trip marşrut” formatında real şəkildə işə düşməsinə aparan mühüm addım hesab oluna bilər”.
Bunu iqtisadçı-ekspert Xalid Kərimli Xalqcebhesi.az-a açıqlaması zamanı bildirib
Onun sözlərinə görə, həm Avropa İttifaqının, həm də əsas maliyyələşdirmə institutlarından biri olan Avropa Yenidənqurma və İnkişaf Bankının bu layihəyə cəlb olunması trip marşrutunun inşasında Avropanın artıq aktiv rol almağa başladığını göstərir: “AYİB Avropada iri infrastruktur layihələrinin maliyyələşdirilməsində əsas banklardan biri hesab olunur. Bu qurumun prosesə qoşulması Avropa İttifaqının layihəyə həm siyasi, həm də iqtisadi dəstək verdiyini açıq şəkildə nümayiş etdirir.Azərbaycan üçün bu beynəlxalq logistika marşrutuna daha çox və inkişaf etmiş ölkələrin cəlb olunması strateji baxımdan son dərəcə vacibdir. Bu, təkcə layihənin uğurla həyata keçirilməsi deyil, eyni zamanda onun təhlükəsizliyi və uzunmüddətli siyasi-strateji dəstəyi baxımından da mühüm əhəmiyyət daşıyır. Dəmir yolu xətti trip marşrutunun əsas elementlərindən biridir və bu xətt vasitəsilə Mərkəzi Asiyadan Şərqdən Qərbə doğru hərəkət edən yüklər Azərbaycan və Türkiyə üzərindən Avropaya çıxış əldə edəcək. Bu isə qısa müddətdə yük axınının artmasına, uzunmüddətli perspektivdə isə daha ucuz idxal-ixrac və tranzit əməliyyatlarının formalaşmasına imkan verəcək”.
Ekspert əlavə edib ki, layihə Azərbaycanın strateji əhəmiyyətini artırmaqla yanaşı, Naxçıvanın blokadadan çıxmasına real şərait yaradacaq, ölkənin ümumi daxili məhsulunun artımına müsbət təsir göstərəcək və tranzit gəlirlərini yüksəldəcək: “Bu marşrut regionun qarşıdurma və blokada mühitindən çıxaraq əməkdaşlıq, ticarət və kommunikasiya əlaqələrinin inkişaf etdiyi bir məkana çevrilməsinə xidmət edəcək. Eyni zamanda Ermənistanın da blokadadan çıxması və dünya ticarətinə daha aktiv qoşulması üçün imkanlar yaranacaq.Avropa qurumlarının prosesə cəlb olunması xüsusi əhəmiyyət daşıyır, çünki yüklərin əsas istiqaməti və son dayanacaq nöqtəsi məhz Avropadır. “Bu layihə Azərbaycanın gələcək iqtisadi inkişafının əsas dayaqlarından birinə çevrilə bilər”.
Günel Elxan