Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşının vəziyyətini nəzarətə götürüb Hadisə

Monteneqro Ombudsmanı saxlanılan Azərbaycan vətəndaşının vəziyyətini nəzarətə götürüb

Monteneqro Respublikasının İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç Podqoritsa şəhərində Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Ombudsman Səbinə Əliyevanın məktubuna rəsmi qaydada cavab ünvanlayıb.

Bu barədə APA-ya Ombudsman Aparatının Mətbuat xidmətindən məlumat verilib.

Monteneqro Ombudsmanı məsələnin nəzarətə götürüldüyünü, bununla əlaqədar həmin ölkənin Polis İdarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.

Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan Respublikası vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Monteneqronun paytaxtı Podqoritsa şəhərində iğtişaşlar baş verib. Nəticədə, Türkiyə vətəndaşları və bir nəfər Azərbaycan vətəndaşı saxlanılıb.