Ramin Məmmədov: Azərbaycan cəmiyyəti üçün məzhəbçilik süni şəkildə yaradılan zərərli tendensiyadır Hadisə

Ramin Məmmədov: Azərbaycan cəmiyyəti üçün məzhəbçilik süni şəkildə yaradılan zərərli tendensiyadır

Azərbaycan cəmiyyəti üçün məzhəbçilik süni şəkildə yaradılan, xarici təsir mərkəzlərinin dəstəklədiyi və zaman-zaman ortaya atdığı zərərli tendensiyadır.

"Report"un Aran bürosu xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramın Məmmədov Sabirabadda təşkil olunan "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfransdakı çıxışında deyib.

Onun sözlərinə görə, dinin siyasiləşməsi cəmiyyətdəki harmoniyanı sarsıtmağa yönələn ən təhlükəli proseslərdən biridir:

"Sahib olduğumuz dövlət-din münasibətləri sistemi dinin siyasətə alət edilməsinin qarşısının alınmasına, dövlətin bütün dini konfessiyalara bərabər yanaşmasına, milli kimlik ilə dini kimliyin qarşılıqlı hörmət və harmoniyada qorunmasına xidmət edir.

Azərbaycan modeli göstərir ki, dövlət və dini qurumlar arasında qarşılıqlı hörmət və koordinasiya olmadan milli həmrəylik təmin edilə bilməz. Bizi 44 günlük Vətən müharibəsində qələbəyə aparan güc də məhz bu modelin nəticəsi olan milli həmrəylik idi.

Dinin siyasiləşməsi isə bu harmoniyanı sarsıtmağa yönələn ən təhlükəli proseslərdən biridir. Dinin siyasi məqsədlərə alət edilməsi, cəmiyyətin emosional həssaslığından sui-istifadə, gənclər arasında radikal ideoloji kontent yaradılması, xarici təsir mərkəzlərinin dini təbliğatı maliyyələşdirməsi, din və ya məzhəb kimliyinin milli kimlikdən önə çəkilməsi dövlətçilik dayaqlarını zəiflədən əsas amillərdəndir".

Komitə sədri məzhəbçiliyi Azərbaycan cəmiyyəti üçün süni şəkildə yaradılan zərərli tendensiya adlandırıb:

"Təcrübə göstərir ki, dinin siyasətə alət edilməsi yalnız sosial deyil, həm də geosiyasi risklər yaradır. Azərbaycan isə bu təhlükələri vaxtında qiymətləndirərək qabaqlayıcı və kompleks dövlət siyasəti formalaşdırıb. Bu siyasətin əsasında təhdidlərə reaktiv yanaşmaq yox, onları proaktiv şəkildə neytrallaşdırmaq dayanır. Milli həmrəyliyə qarşı yönəlmiş ideoloji diversiyalardan biri də məzhəbçilikdir. Tarixən sünni-şiə birliyini harmonik şəkildə yaşatmış Azərbaycan cəmiyyəti üçün məzhəbçilik süni şəkildə yaradılan, xarici təsir mərkəzlərinin dəstəklədiyi və zaman-zaman ortaya atdığı zərərli tendensiyadır".