Qaradağda kuryerdən 10 kiloqramdan artıq narkotik aşkarlanıb Hadisə

Qaradağda kuryerdən 10 kiloqramdan artıq narkotik aşkarlanıb

Polis əməkdaşları tərəfindən paytaxtın Qaradağ rayonunda keçirilən əməliyyatla əvvəllər məhkum olunmuş 42 yaşlı Elşən Kərimov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onun üzərindən və avtomobilindən ümumilikdə 10 kiloqram 821 qram narkotik vasitə heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə metamfetamin və 100 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və hissələrə ayıraraq satmağı planlaşdırdığını bildirib.

E.Kərimov barəsində başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən Qaradağ RPİ-nin əməkdaşları tərəfindən 155 kiloqram müxtəlif növ narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb.