Ömürlük məhkumun cəzası yüngülləşdirilib Hadisə

Ömürlük məhkumun cəzası yüngülləşdirilib

İki nəfəri öldürərək ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədovla bağlı hökmdən verilmiş kassasiya şikayəti üzrə məhkəmə keçirilib.

Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilib. Məhkəmənin hökmü ləğv edilib və cəza 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib. Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Belə ki, 2023-cü il fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

Tərtər rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir.

Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnarə Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin Baş məsləhətçisi olub. Bundan əvvəl isə G.Məmmədova rayonda fəaliyyət göstərən bankda işləyib. Onu qətlə yetirən həyat yoldaşının isə işsiz olduğu qeyd edilib.