11:52
490
Bakıda adam oğurluğunda ittiham olunan Rövşən Eyyubov, Tuncay İmanov, Famil Hacıxanov və Vəli Vəliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rövşən Eyyubov 9 il 6 ay, Tuncay İmanov 9 il 3 ay, Famil Hacıxanov və Vəli Vəliyev isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.
İttihama görə, Rövşən Eyyubov paytaxt sakini Balakərim Umudovu oğurlamaq niyyəti ilə bir qrup şəxslə qabaqcadan əlbir olaraq plan hazırlayıb.
Onlar 2023-cü il dekabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində, 19 saylı poliklinikanın qarşısına gəlib, Balakərim Umudovun iradəsinə zidd olaraq, ondan özlərinə məxsus BMW markalı avtomobilə əyləşməyi tələb ediblər.
Sonra zərərçəkəni Qobu qəsəbəsindəki kimsəsiz çöllüyə apararaq, orada döyüb, bədən xəsarətləri yetiriblər.
Təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 144.2.4-cü (adam oğurluğu, zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.