12:02
553
Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncam bütün fəaliyyətimiz üçün əsas istiqamətverici və konseptual sənəd rolunu oynayıb. Məhz bu siyasi baxış və strateji çərçivə COP29-a hazırlıq və onun icrası prosesində atdığımız addımların əsasını təşkil edib.
AZƏRTAC xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova “Diplomatiya Aləmi” jurnalının 61/2025 saylı növbəti xüsusi buraxılışının təqdimat mərasimində deyib.
O qeyd edib ki, COP29-a hazırlıq dövründə müxtəlif platformalarda, o cümlədən beynəlxalq konfranslarda, çoxtərəfli tədbirlərdə və ikitərəfli görüşlərdə Azərbaycanın yaşıl enerji keçidi, iqlim dəyişikliyi ilə mübarizə və dayanıqlı inkişaf sahəsindəki prioritetləri ardıcıl şəkildə diqqətə çatdırılıb. Bu yanaşma ölkəmizin mövqelərinin daha aydın anlaşılmasına və beynəlxalq gündəlikdə layiqli şəkildə təmsil olunmasına imkan yaradıb. “Göstərilən səylər nəticəsində isə tərəfdaş ölkələrin, beynəlxalq təşkilatların və qlobal institutların etimadını və dəstəyini qazanmağa nail olmuşuq. Bu dəstək COP29 prosesinin uğurla həyata keçirilməsində və əldə olunan nəticələrin formalaşmasında mühüm rol oynayıb”, - deyə N.Carçalova əlavə edib.