17 Dekabr 23:42
11:40
679
Ankarada türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə forumu başlayıb.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə keçirilən ikigünlük forum Türk dünyasında informasiya təhlükəsizliyinin möhkəmləndirilməsinə, dezinformasiyaya qarşı birgə yanaşmaların formalaşdırılmasına və media sahəsində əməkdaşlığın genişləndirilməsinə həsr olunub.
Forumda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasını təmsil edən nümayəndələr iştirak edirlər.
Tədbirin əsas məqsədi türk dövlətləri arasında effektiv kommunikasiya mühitinin yaradılması və dezinformasiya ilə mübarizə sahəsində institusional əməkdaşlığın gücləndirilməsidir.
Tədbirdə dövlət qurumlarının rəsmiləri, media nümayəndələri və ekspertlər iştirak edirlər. Azərbaycan tərəfini Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə İş və Kommunikasiya şöbəsinin Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev, həmin şöbənin Media ilə əlaqələr sektorunun müdiri Kamran Həsənov, Media ilə əlaqələr sektorunun baş məsləhətçisi Pərvanə İbrahimova, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin üzvü Cavid Vəliyev və APA İnformasiya Agentliyinin Beynəlxalq əlaqələr və analitika departamentinin rəhbəri Faiq Mahmudov təmsil edirlər.
Forum çərçivəsində dezinformasiyanın milli təhlükəsizliyə, ictimai rəyə və regional sabitliyə təsiri, eləcə də informasiya mühitində birgə fəaliyyət mexanizmləri müzakirə olunur. Türk Dövlətləri Təşkilatının 2025-ci il üzrə İnformasiya sahəsində Fəaliyyət Planına uyğun olaraq Forum media savadlılığının artırılması istiqamətində bilik və təcrübə mübadiləsinə, habelə informasiya təhlükəsizliyi, dezinformasiya ilə mübarizə, rəqəmsal texnologiyalardan məsuliyyətli istifadə, beynəlxalq yayım və yeni nəsil jurnalistika kimi mövzular üzrə effektiv dialoq platformasının formalaşdırılmasına töhfə verəcək.