
Dezinformasiya Türk dövlətlərinin milli təhlükəsizliyinə birbaşa təhdiddir.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumunda deyib.
Burhanettin Duran bildirib ki, Türk Dövlətləri Təşkilatı (TDT) dünyanın qeyri-müəyyənliklər, münaqişələr və qlobal qırılmalarla üzləşdiyi bir dövrdə qardaşlıq bağlarından güc alan ölkələrin bir araya gəldiyi mühüm platformaya çevrilib. Onun sözlərinə görə, təşkilat artıq 16 ildir “dildə, fikirdə, işdə birlik” şüarı ilə iqtisadi inteqrasiya, nəqliyyat dəhlizləri, müdafiə əməkdaşlığı, təhsil və mədəniyyət siyasətləri daxil olmaqla bir çox sahədə fəaliyyət göstərir və yeni hədəflər müəyyənləşdirir.
Kommunikasiya İdarəsinin rəhbəri qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın uzun illərdir səsləndirdiyi strateji yanaşmalar bu gün daha aydın şəkildə öz əhəmiyyətini göstərir.
Duran terrorizmdən qanunsuz miqrasiyaya, kiber-təhdidlərdən iqlim dəyişikliyinə qədər bir çox çağırışlara qarşı ortaq mövqe nümayiş etdirməyin mümkün olduğunu vurğulayıb. O bildirib ki, Prezidentin “öz göy qübbəmiz altında öz təhlükəsizliyimizi təmin etmək” fikri beynəlxalq informasiya və kommunikasiya ekosistemində yaranan təhdidlərə qarşı ortaq müqavimət mexanizmlərinin formalaşdırılmasının vacibliyinə işarə edir.
Onun sözlərinə görə, media və kommunikasiya mütəxəssisləri bu proseslərin mərkəzində yer alır: “Bəzi beynəlxalq dairələrin kommunikasiya sahəsində yaratdığı diskurs monopoliyası isə yalnız jurnalistlərin problemi deyil. Dezinformasiya, manipulyasiya, kiber-hücumlar, sosial platformalarda nifrət dilinin artması və informasiya xaosu birbaşa ictimai asayiş üçün risk yaradır”.
Burhanettin Duran bildirib ki, dezinformasiya mahiyyət etibarilə həqiqətə qarşı yönəlmiş təhdiddir və getdikcə beynəlxalq miqyas alan fenomenə çevrilib: “Bu sahə artıq milli təhlükəsizlik, ictimai sabitlik və beynəlxalq nüfuzla birbaşa bağlı strateji istiqamət kimi dəyərləndirilir”.
O vurğulayıb ki, dezinformasiya ilə mübarizənin Türk Dünyası 2040 Vizyon Sənədində və 2025-ci il islahat istiqamətləri üzrə fəaliyyət planında yer alması təsadüfi deyil və bu, ortaq mübarizənin alternativsiz olduğunu göstərir.
Forumda çıxışı zamanı Duran beynəlxalq sistemdə müşahidə edilən böhranların və həqiqət probleminin dərinləşməsinin əsas səbəblərindən birinin dezinformasiya olduğunu bildirib. Onun sözlərinə görə, dezinformasiya yalnız yanlış məlumat deyil, cəmiyyətləri qütbləşdirən, böhran və fəlakət dövrlərində dövlətlərin institusional imkanlarına zərər vuran ciddi təhlükədir.
O qeyd edib ki, müasir dövrdə müharibələr artıq təkcə hərbi üsullarla aparılmır, hədəf alınan ölkə və cəmiyyətlərin sabitliyinin pozulması əvvəlcə kommunikasiya müstəvisində, yəni zehni və ictimai müqavimətin zəiflədilməsi ilə başlayır. Bu baxımdan hibrid təhdidlərin mövcudluğu açıq şəkildə görünür.
Burhanettin Duran bildirib ki, bu cür təhdidlərə qarşı ən effektiv cavab ortaq və koordinasiyalı mübarizədir. Onun sözlərinə görə, qəsdən və planlı şəkildə aparılan dezinformasiya kampaniyaları artıq adi hala çevrilib və bu kampaniyalar bəzən ortaq hədəflər üzrə, bəzən isə ayrı-ayrı ölkələrə yönəlik strategiyalarla həyata keçirilir.
Xüsusilə enerji, müdafiə, nəqliyyat və ticarət dəhlizləri kimi strateji layihələrin, eləcə də Türk dövlətlərinin beynəlxalq nüfuzunun, ortaq kimlik şüurunun və regional həmrəyliyinin hədəf alındığını deyən Duran vurğulayıb ki, bu fəaliyyətlərin məqsədi informasiya vermək deyil, emosional reaksiyalar yaratmaq və ictimai rəydə etimadsızlıq formalaşdırmaqdır.
O bildirib ki, sistemli informasiya əməliyyatlarına qarşı mübarizə üç əsas istiqamətdə qurulmalıdır. Birinci istiqamət xalqların bir-birini daha yaxından tanımasıdır. Bu baxımdan TRT Avaz kanalının Türk dövlətlərinin ortaq səsi kimi mühüm rol oynadığı qeyd edilib. İkinci istiqamət Türk dünyasının beynəlxalq arenadakı narrativinin məhz özləri tərəfindən güclü şəkildə formalaşdırılmasıdır. Üçüncü istiqamət isə böhran və fəlakət dövrlərində cəmiyyətlərin dezinformasiyaya qarşı dayanıqlığının artırılması və ortaq mübarizə mexanizmlərinin yaradılmasıdır.
Burhanettin Duran vurğulayıb ki, Ankarada keçirilən Türk dövlətlərinin dezinformasiya ilə mübarizə forumu məhz bu məqsədlərə xidmət edir.