11:50
623
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Qaradağ rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
İdarədən APA-ya verilən məlumata görə, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
***
11.22
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
APA xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən APA-ya verilən məlumata görə, dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.