Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb Hadisə

Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda 2025-ci il ərzində hərbi prokurorluq orqanlarında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

APA xəbər verir ki, tədbirdən öncə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, xatirəsi dərin ehtiramla yad olunub.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev bildirib ki, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın davamlı inkişaf konsepsiyasını qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan, praqmatik, rasional təfəkkürlü, xalqını və dövlətini sevən, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı olmaqla bərabər, həm də onun ən böyük Zəfərinin Müzəffər Ali Baş Komandanıdır. Tarixin bu astanasında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsi isə cənab İlham Əliyevin tarixi missiyasının ən parlaq məqamlarından birinə çevrilib.

Çıxış zamanı 2025-ci ilin avqust ayının 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda, Ağ Evdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına da toxunan Baş prokuror bu tarixi hadisə ilə milli maraqlarımızın beynəlxalq statusda rəsmiləşdirilməsini xüsusi vurğulamaqla yanaşı, əldə edilən nailiyyətin eyni zamanda dövlət başçısının rəhbərliyi ilə həyata keçirilməkdə olan praqmatik xarici siyasətin uzaqgörənliyinin, diplomatik münasibətlərin formalaşdırılması istiqamətində sərgilənilən düzgün mövqe seçiminin bəhrəsi olaraq qiymətləndirdi.

Baş prokuror qeyd etdi ki, respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu Öndər Heydər Əliyev ideyalarına söykənməklə özünün çoxşaxəli və məzmunlu fəaliyyəti ilə məhz həqiqətlərinin dünyaya çatdırılmasına yorulmaz əmək sərf edir.

Çıxışda o da qeyd edilib ki, yola saldığımız 2025-ci il eyni zamanda tarixi və əlamətdar hadisələrlə zəngin bir il olub. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 28 dekabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı suveren ərazilərimizdə bir sıra tədbirlər keçirilib.

Baş prokuror, həmçinin, Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun illik toplantısı (Davos, 19-21 yanvar 2026-cı il) çərçivəsində çıxışı və müsahibəsini vurğulayaraq qeyd edib ki bu, Azərbaycanın davamlı inkişaf strategiyasını, regional və qlobal proseslərə məsuliyyətli yanaşmasını bir daha nümayiş etdirir. Forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və aparıcı biznes nümayəndələri ilə keçirilən görüşlərin isə ölkəmizin beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfələr verdiyini xüsusi vurğulayıb.

Daha sonra hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorun müavini-Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz Əhmədov qeyd etdi ki, tarixi Zəfərin şərtləndirdiyi ordu quruculuğunun yeni mərhələsində Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Azərbaycan Silahlı Qüvvələrində hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hərbi təsisatlarda hüquqazidd əməllərə qarşı mübarizəyə, eyni zamanda dövlətimizin qüdrətinə, milli mənafelərimizə və Silahlı Qüvvələrimizin nüfuzuna xələl gətirə biləcək nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəlmişdir.

Bildirilib ki, 2025-ci ildə hərbi prokurorluq orqanları tərəfindən qeydə alınmış cinayət hadisələrinin 99,7 %-nin açılması təmin edilmişdir.

Müsbət hal qismində vurğulanıldı ki, hesabat ilində qeydə alınmış hərbi xidmət əleyhinə cinayətlərin sayında 21.3 % azalma müşahidə edilməkdədir.

Qeyd edilib ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğu üzrə “962-Etimad xətti” yaradılmış, fəaliyyətdə olduğu 4 aylıq müddət ərzində həmin əlaqə vasitəsilə daxil olan 219 müraciətə baxılmışdır.

Bundan başqa qeyd olunub ki, 2025-ci ildə Azərbaycan Respublikası Hərbi prokurorluq orqanlarına daxil olan 1001 müraciətə müvafiq qaydada baxılıb, eləcə də 3702-si bilavasitə hərbi hissələrdə olmaqla ümumilikdə 5911 vətəndaş qəbul edilərək dinlənilib, müraciətlərinə müvafiq olaraq izahların verilməsi və onların həlli istiqamətində müvafiq tədbirlərin icrası həyata keçirilib.

Bundan əlavə hesabat dövründə Azərbaycan Respublikası hərbi prokurorluğu orqanları əməkdaşları tərəfindən qanunvericiliyin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirilib, 99 dəfə mətbuatda, 18 dəfə televiziyada, 41 dəfə internetdə, 3 dəfə radioda çıxışlar edilib.

Çıxış zamanı həmçinin vurğulanıb ki, hesabat ilində eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində də fəaliyyət uğurla davam etdirilib.

Daha sonra Azərbaycan Respublikası Hərbi prokurorunun müavinləri-ədliyyə general-mayoru Şəfahət İmranov, ədliyyə polkovniki Nihad Şıxəliyev və ədliyyə polkovniki Qasım Məmmədov, Ağdam hərbi prokuroru, ədliyyə polkovniki Elnur Kərimov və Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev hərbi prokurorluq orqanları əməkdaşlarının möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə görülən böyük işlərdə və həyata keçirilən mütərəqqi islahatlarda yaxından iştirak edəcəklərinə, dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasına, qanunun aliliyinin təmin edilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərinə, eləcə də dövlətimizin qüdrətlənməsinə xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutacaqlarına əminliyini ifadə edərək, onlara uğurlar arzu edib.

İclasdan sonra Baş prokuror Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yaradılan “962 – Etimad xətti”nin fəaliyyəti ilə yerində tanış olub və bu sahədə çalışan əməkdaşlarla görüşüb.

Tanışlıq zamanı “962 – Etimad xətti”nin fəaliyyət mexanizmi, müraciətlərin qəbulu və operativ araşdırılması qaydaları barədə məlumat verilib. Qeyd olunub ki, bu xətt hərbi qulluqçuların və vətəndaşların müraciətlərinin vaxtında, obyektiv və şəffaf şəkildə araşdırılmasına xidmət edir.

Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıbHərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb