
Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bəhreynli həmkarı Ali bin Fadhel Al Buainainin dəvəti ilə yanvarın 24-26-da Manama şəhərinə işgüzar səfərdə olub.
Bu barədə Baş Prookurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bəhreyn Dövlət Prokurorluğunda keçirilmiş görüşdə Baş prokuror Kamran Əliyev dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Bəhreyn Krallığı Azərbaycan üçün dost ölkədir və uzun illər ərzində müxtəlif beynəlxalq platformalarda ölkəmizin siyasi təşəbbüslərini, o cümlədən ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişdir. Son illərdə ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edib.
Öz növbəsində Ali bin Fadhel Al Buainainin qurumlararası tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edərək, daha öncə ölkəmizə etdiyi işgüzar səfərlərin xüsusilə yaddaqalan olmasını qeyd edib.
Görüşdə 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək cinayətkarlığın müxtəlif formalarına qarşı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin, hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çəçrivəsində genişləndirilməsi perspektivləri, eləcə də qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikir mübadiləsi aparılıb.
Daha sonra nümayəndə heyəti Bəhreyn Dövlət Prokurorluğunun fəaliyyəti ilə yaxından tanış olub, ailə və uşaq hüquqlarının qorunması, alternativ cəzaların tətbiqi və cəzaların icrası üzərində prokuror nəzarəti, mülki işlərdə dövlət maraqlarının müdafiəsində prokurorluğun rolu, həmçinin məhkumların sosial reabilitasiyası ilə bağlı Bəhreyn Dövlət Prokurorluğunun təcrübəsi barədə məlumat verilib.
Bundan sonra nümayəndə heyəti ilə Bəhreyn Krallığının Kassasiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının vitse-prezidenti Şeyx Xalid Ali Al Xalifa arasında görüş keçirilib.
Görüş zamanı ölkələrimizin hüquq sistemləri arasında intensiv və məhsuldar əməkdaşlıq əlaqələrinin qurulmasının vacibliyi qeyd edilmiş, təcrübə mübadiləsi və qarşılıqlı hüquqi dəstək imkanları müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti ilə Bəhreyn Krallığının Ədliyyə, İslam işləri və Vəqf naziri Navaf Mohamed Al Maavda arasında da ikitərəfli görüş keçirilib.
Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əlaqələrdən məmnunluq ifadə olunub, qurumlar arasında əməkdaşlığın hüquqi bazasının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin səfər çərçivəsində nümayəndə heyəti Bəhreyn Krallığının mədəni-tarixi abidələrini ziyarət edərək ölkə mədəniyyəti ilə yaxından tanış olub.
Nümayəndə heyətinin səfəri başa çatıb.