
Öz real nəticələrini paylaşmayıb süni reklam yaradan həkimlər...
İnsanlar yaxşı həkim seçimində çətinlik çəkir. Ya sosial şəbəkələrdən, ya tanış vasitəsilə, ya da ki, şişirdilmiş reklamlara aldanaraq hansı həkimə üz tutacaqlarını müəyyənləşdirirlər. Bunun da nəticəsi əksər hallarda ürəkaçan olmur. Elə ona görədir ki, sosial şəbəkələrdə, mətbuatda və s. həkim səhlənkarlığından zərərçəkən şəxslərin şikayətləri ilə qarşılaşırıq. Belə hallara ən çox cərrahi və kosmetoloji prosedurlarda rast gəlinir. Həkimlərin əksəriyyətinin sosial şəbəkə hesablarından istifadə edərək öz işlərini paylaşdığı, bununla da pasiyent cəlb etdikləri hər kəsə məlumdur. Bu, modern çağın tələbidir. Ancaq təəssüf ki, həmin həkimlərin heç də hamısı öz real nəticələrini paylaşmır, buradakı və xaricdəki həmkarlarının işlərini paylaşaraq insanları illüziya qurbanı edirlər.
Zərərçəkən: “Əl işlərinə baxanda fərqinə vardım ki, o həkimin simmetriya problemi var”
Belə qurbanlardan biri də Bakı şəhəri sakini Nərgiz Əliyevadır.
“3 ay öncə tanınmış bir lor-cərraha rinoplastika əməliyyatı etdirdim. Anesteziyadan oyananda gördüm ki, ayağımda tibbi corablar yoxdur. Sonra məni corabsız halda qaldırıb gəzdirdilər. Ancaq halsız yatırdım və ayağım ağrıyırdı. Daha sonra anidən ayağım şişdi və dərin damarın trombozu ilə əməliyyata alındım. Həqiqətən, ölümdən qayıtdım. Bundan əlavə, əməliyyatın nəticəsindən də çox narazı qaldım. Burnum əyridir, həkimə bunu bildirəndə isə dedi ki, üzdə olan assimetriyaya görədir. Halbuki burunun əyri çıxdığı açıq-aşkar görünür. Ümumiyyətlə, sonradan həkimin əl işlərinə baxanda fərqinə vardım ki, o həkimin simmetriya problemi var”, – zərərçəkən APA-ya açıqlamasında deyib.
“Əfsus ki, reklama aldanmağım maddi-mənəvi zərərə uğramağımla nəticələndi”
O, tanınmış özəl klinikalardan birində, tanınmış bir həkim tərəfindən edilən əməliyyat nəticəsində maddi-mənəvi zərərə uğradığını iddia edir.
Müsahibimiz deyib ki, burnunun estetik görüntüsü ilə yanaşı, daxilində də problem var: “Nəfəs ala bilmirəm. 4 min manat verib əməliyyat olunmuşam, indi də əməliyyatdan qalan fəsadları müalicə etmək üçün hər ay dərmanlara pul tökürəm. Heç bir quruma şikayət etmədim. Sadəcə klinika rəhbərliyinə şikayət etdim. Üzr istəyib dedilər ki, işçi cəzalandırılacaq. Problemimin həlli üçün heç bir köməklik göstərilmədi. Çox pis depressiyadayam. Stressdən 10 kilo arıqlamışam. Üstəlik, yaşadıqlarımdan sonra panik atak yaranıb. Həkim o qədər reklam edilirdi ki, elə bildim həqiqətən savadlıdır, qabiliyyətlidir. Əfsus ki, reklama aldanmağım maddi-mənəvi zərərə uğramağımla nəticələndi”.
Yaxşı həkimin reklama ehtiyacı varmı?
Bu cür problemlərin yaranmaması, insanların rahat və şəffaf seçim edə bilməsi üçün Avropada həkimlərin reytinq cədvəlini, səhlənkarlıq statistikasını, real pasiyent rəylərini özündə birləşdirən həkimlərin vahid data bazası mövcuddur. Maraqlıdır, Azərbaycan da bu beynəlxalq təcrübədən yararlana bilərmi? Ümumiyyətlə, Azərbaycandakı həkimlərin reytinq vəziyyəti necədir? Yaxşı həkimin reklama ehtiyacı varmı?
Ekspert: “Azərbaycanda həkimlərin reytinqi aşağıdır”
Mövzu ilə bağlı APA-ya danışan həkim-ekspert Rasif Bağırov deyib ki, xaricdə universitetlərdə təhsilin keyfiyyəti yüksək olduğuna görə, həkimlərin də reytinqi yüksək olur: “Asiya ölkələrində mütəxəssis yetişdirmə bazası Avropa ölkələrindəki baza ilə eyni deyil. Postsovet məkanı isə bu sahədə acınacaqlı vəziyyətdədir. Yəni Azərbaycanda həkimlərin reytinqi aşağıdır. Çünki universitetlər öz təhsil sistemlərində heç bir islahat aparmırlar. Bununla da təbii ki, tələbələrin səviyyəsi yüksək olmur. Azərbaycan Tibb Universitetində (ATU) proqramları yeniləyib sırf həmin ixtisasa uyğunlaşdırmaq lazımdır ki, keyfiyyətli həkimlərin sayı artsın.
Bundan əlavə, xaricdən gələn həkimlərin də reytinq keçmişini araşdırmaq lazımdır. Həkimin xaricdən gəlməsi mütləq peşəkar olduğu demək deyil. Öz həkimlərimizə qarşı inam azalıb. O qədər mənfi rəylər səsləndirilib ki, insanlar tanıdı-tanımadı xaricdən gələn həkimlərə üz tuturlar, bu yanlışdır. Öncə araşdırmaq lazımdır”.

Bu il ATU-da tədris proqramının yenilənməsi gözlənilir
Hazırda ATU-da hansı təhsil proqramı tətbiq edilir? Bu proqram nə zaman qəbul edilib? Bundan əlavə, universitetdə təhsil və tədrisinin keyfiyyətinin yüksəldilməsi üçün proqramların yenilənməsi nəzərdə tutulubmu? Bununla bağlı hər hansı islahatların aparılması planlaşdırılırmı?

Sorğumuzu cavablandıran ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova bildirib ki, bu il universitetdə tədris proqramının yenilənməsi gözlənilir: “Bizim hazırda tələbələr üçün istifadə etdiyimiz tədris proqramı 2020-ci il avqustun 28-də təsdiq olunub və həmin proqram tətbiq edilir. Buna baxmayaraq, tədrisin davamlı olaraq keyfiyyətini artırmaq üçün ən müasir yenilikləri innovativ üsulla klinik bacarıqların müasir formada tələbələr üçün tədris prosesinə daxil edilməsi və qiymətləndirmə meyarlarının fərdi formada aparılması tətbiq olunur. Onu da qeyd edim ki, ötən il magistratura səviyyəsində tədris proqramları bütün ixtisaslaşmalarda yenilənib. Bakalavr pilləsində də fizioterapiya ixtisasında tədris proqramı yenilənib. Yəni, beynəlxalq təcrübədə tibb təhsilindəki yenilikləri hər semestr mümkün dərəcədə tədris proqramlarına daxil edirik”.
Rasif Bağırov: Azərbaycanda yaxşı həkim tapmaq üçün əlverişli şərait yoxdur
Həkim-ekspert Rasif Bağırov onu da qeyd edib ki, həkimlər sponsor tapıb efirlərə çıxaraq özlərini reklam edirlər: “Sonra da reklama aldanıb həmin həkimin qəbuluna gedən xəstələr narazılıq etdikdə anlaşılır ki, reklam saxtadır. Hər xəstə aldanıb 1 dəfə müraciət etdikdə həkim onsuz da reklamın pulunu çıxarmış olur. Heç ikinci dəfə müraciət etmirlər”.
O hesab edir ki, Azərbaycanda yaxşı həkim tapmaq üçün əlverişli şərait yoxdur: “Ona görə də xaos yaranır. Beynəlxalq təcrübədə xaosun yaranmaması üçün həkimlərə lisenziya verirlər. Həkim çətin imtahandan keçib hansı lisenziyanı alırsa, sistemdə onun kateqoriyasını yüksək edirlər. Bu zaman xəstə də həkimin yüksək kateqoriya aldığını biləndə həqiqətən savadlı həkim olduğuna inanır. Biz də o mümkün deyil. Əslində bizim öz üzərində çalışan yaxşı, savadlı həkimlərimiz var. Peşəkar həkimin reklama ehtiyacı yoxdur. Həqiqətən peşəkar həkim çıxıb televiziyada özünü reklam etmir. Ona görə də populyarlaşa bilmir. İşbaz həkimlər isə televiziyada heç nədən çəkinmədən öz reklamı üçün hər şeyi edir. Əlqərəz, səhiyyədə kifayət qədər islahat aparılmalı sahələrimiz çoxdur”.
Verilişlərə çağırılan həkimlər hansı meyarlara görə müəyyənləşdirilir?
Doktorun da dediyi kimi, əksər hallarda bəzi həkimlər verilişlərdə iştirak edərək öz piarlarını aparırlar. İnsanlar da çox zaman kütlə psixologiyası ilə reklama aldanıb, həmin həkimə üz tuturlar. Maraqlıdır, verilişlərə çağırılan həkimlərin seçilmə qaydası varmı? Yoxsa hər həkim ödəniş qarşılığında rahatlıqla efirlərə çıxa bilərmi? Audiovizual Şura bu məsələyə nəzarət edirmi? Bunun üçün vahid norma qaydalar müəyyənləşdirilə bilərmi? Məsələnin həlli istiqamətində hər hansı tədbirlər görülə bilər?
Audiovizual Şura: “Həkimlər öz xidmət və fəaliyyətlərini reklam etdikləri təqdirdə, bununla bağlı müvafiq təsdiqedici sənədlərinin olması mütləqdir”
Audiovizual Şuradan APA-ya bildirilib ki, həkimlər, o cümlədən tibbi vasitə və xidmətlərin reklamının televiziya və radio vasitəsilə yayımlanması “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir: “Qanunun 4.3-cü maddəsinə əsasən istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan əmtəələr yalnız müvafiq təsdiqləyici sənədlər olduqda reklam edilə bilər. Bu halda reklamda lisenziyanın və ya sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir. Reklam daşıyıcısının xüsusiyyətlərinə görə, bu məlumatların göstərilməsi mümkün olmadıqda, məsələn, radio yayımında, müvafiq lisenziyanın və ya sertifikatın olması barədə məlumat verilməli və reklam istehlakçısının müvafiq məlumatla tanış olması üçün şərait yaradılmalıdır. Bu ümumi tələblərlə yanaşı, Qanunun 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yalnız resept olmadan buraxılan dərman vasitələri, istifadəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş tibb vasitəsi, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları reklam oluna bilər”.

Şuradan o da bildirilib ki, həkimlər öz xidmət və fəaliyyətlərini reklam etdikləri təqdirdə, bununla bağlı müvafiq təsdiqedici sənədlərinin – sertifikatlarının olması mütləqdir: “Həkimlərin fəaliyyəti, digər tibbi avadanlıq və vasitələrin reklamına qanunla qadağa qoyulmur, məsələ ilə bağlı proseslər Qanunun müvafiq tələblərinə uyğun tənzimlənir. Tənzimləyici qurum olaraq Audiovizual Şura televiziya və radio yayımında, o cümlədən sifarişli yayım xidmətində Qanundan irəli gələn məsələlərin tətbiqinə nəzarət edir, qanun pozuntusu baş verdiyi hallarda yayımçılara qarşı inzibati tənbeh tədbirləri (xəbərdarlıq, cərimə, yayımın dayandırılması) sanksiyaları tətbiq edir. Buna misal olaraq, "MTV" və "Dünya TV" kanallarında aşkarlanan pozuntu faktlarına görə Audiovizual Şuranın qərarı ilə kanallarının yayımı müvafiq olaraq 3 saatlıq dayandırılıb. Buna səbəb "MTV" kanalının efirində yayımlanan "Doktor Seyfəddin Əsəd Klinikası"na aid reklam çarxında həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməməsi, bununla da Qanunun 4.3-cü maddəsinin tələbləri pozulmasıdır. Həmçinin, həmin reklam materialında "Dünyada miqren xəstəliyinin müalicəsi yalnız bizdədir" ifadəsindən istifadə olunub və Qanunun 6-cı maddəsinin tələbləri pozularaq haqsız reklama yol verilib. Daha sonra "Dünya TV" kanalının efirində yayımlanan "Sabirabad Klinikası"na aid reklam çarxında da həmin tibb müəssisəsinin lisenziyasının və ya sertifikatının nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilmədiyinə görə, Qanunun 4.3-cü maddəsinin tələbi pozulub”.
AEM: Efirdə təqdim olunan məlumatların reklam xarakteri daşımasında media qurumları məsuliyyət daşıyır
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, bəzi hallarda televiziya və radio proqramlarına dəvət olunan şəxslərin müvafiq sənədləri əvvəlcədən yoxlanılmadan, qanunvericiliyin tələblərinə zidd şəkildə efirə çıxarılır və ictimaiyyətə təqdim olunur: “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, reklamın qanunvericiliyin tələblərinə uyğun hazırlanmasına və yayımlanmasına görə məsuliyyəti reklamı verən və reklamı yayımlayan subyektlər daşıyır. Bu baxımdan, efirdə təqdim olunan məlumatların reklam xarakteri daşıması və ya tamaşaçıda bu cür təsəvvür yaratması hallarında da hüquqi məsuliyyət reklamı yayımlayan media qurumlarının üzərinə düşür. Media vasitələrində yayımlanan məlumatlarla bağlı vətəndaşlardan (zərərçəkmiş şəxslərdən), habelə dövlət və ya yerli özünüidarəetmə orqanları tərəfindən müraciətlər daxil olduqda, mövcud qanunvericiliyə uyğun olaraq AEM tərəfindən müvafiq araşdırmalar aparılır. Araşdırma zamanı faktlar təsdiqləndiyi halda qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamanın başlanması üçün müvafiq prosedurlar işə salınır və nəticələr üzrə növbəti hüquqi icraat həyata keçirilir”.

“Efirə dəvət edilən şəxs ixtisasına uyğun mövzular üzrə çıxış etməlidir”
Qeyd edilib ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən hər beş ildən bir sertifikasiyadan keçməlidirlər. Sertifikasiyadan keçməyən şəxslərin praktik tibb fəaliyyəti ilə məşğul olması qanunvericiliyə ziddir: “Sertifikatın qüvvədəolma müddəti beş il təşkil edir və bu müddət başa çatdıqdan sonra həkimlərin yenidən sertifikasiyadan keçməsi tələb olunur. Bu baxımdan, televiziya və radio kanalları proqramlarına dəvət olunan şəxslərin müvafiq diplom və sertifikatlarını yoxlamalı, onların yalnız ixtisaslarına uyğun mövzular üzrə çıxış etmələrinə şərait yaratmalıdırlar. İxtisasdan kənar mövzuların müzakirəsinə yol verildiyi təqdirdə, yaranan hüquqi məsuliyyət televiziya və radio kanallarının üzərinə düşür”.
AEM-ə telekanallarda təqdim olunan həkimlərin fəaliyyəti ilə bağlı bir neçə vətəndaş müraciəti daxil olub
Mərkəzdən o da bildirilib ki, ötən il ərzində AEM-ə telekanallarda təqdim olunan həkimlərin fəaliyyəti ilə bağlı bir neçə vətəndaş müraciəti daxil olub: “Şikayətlərin əksəriyyəti vətəndaşın sağlamlığına dəyən ziyanla bağlı olduğundan, onlara məhkəmə-tibbi ekspertizasının rəyini almaq və aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub. Həmçinin, vətəndaşlara “Mülki Məcəllə”nin 1097-ci maddəsinə əsasən, sağlamlığa vurulmuş zərərin ödənilməsi məhkəmə qaydasında tələb edilə biləcəyi də xatırladılıb”.
Deputat: “Azərbaycanda xəstənin həkimin real fəaliyyətinə dair məlumat əldə etmək imkanı yoxdur”
Məsələ ilə bağlı APA-ya danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, insanların həkim seçərkən qərar verməkdə çətinlik çəkməsinin səbəbi bu prosesdə təsadüf, emosiyalar və qeyri-rəsmi mənbələrin çox zaman tibbi göstəricilərdən daha təsirli olmasıdır: “Xəstələrin əksəriyyəti qərarı ya tanış məsləhətinə, ya sosial şəbəkə təəssüratına, ya da şişirdilmiş reklama əsasən verir. Lakin tibdə belə seçimlər ağır nəticələrə səbəb ola bilər, çünki həkimin peşəkarlığı birbaşa insanın həyatı ilə bağlıdır. İnkişaf etmiş ölkələrdə həkim seçimi üçün şəffaf göstəricilərdən istifadə olunur. Bu göstəricilərə əməliyyat həcmi, fəaliyyət illəri, komplikasiya faizləri, xəstəxanaya dönüş göstəriciləri, pasiyent təhlükəsizliyi məlumatları və akkreditasiya nəticələri daxildir. Bu məlumatlar dövlət qurumları, assosiasiyalar və hospital şuraları tərəfindən doğrulanır. Belə yanaşma həm xəstəni, həm də peşəkar həkimi qoruyur”.

“Vahid data bazasının yaradılması zəruridir”
Rəşad Mahmudovun sözlərinə görə, Azərbaycanda həkim seçimi informasiyanın əldə olunması problemi ilə üz-üzədir: “Xəstənin tibbi nəticələrə, risk göstəricilərinə və həkimin real fəaliyyətinə dair məlumat əldə etmək imkanı demək olar ki, yoxdur. Buna görə də beynəlxalq təcrübədə olduğu kimi, həkimlərin peşəkar göstəricilərini, pasiyent rəylərini və təhlükəsizlik statistikasını əhatə edən vahid data bazanın yaradılması artıq zərurətə çevrilir. Belə bir sistem cəmiyyətə daha ədalətli seçim imkanı verər, səhiyyədə şəffaflığı artırar və tibbi xidmətin keyfiyyətini yüksəldər. Bundan əlavə, vicdanlı və yüksək nəticəli həkimləri də qoruyar, çünki nəticə əsaslı meyarlarla qiymətləndirmə onları üstün mövqeyə çıxarır”.
Deputat deyib ki, bəzi həkimlərin özlərini KİV və sosial şəbəkələrdə reklam etməsi etik suallar doğurur: “Tibdə reklam olmalıdırmı? Ümumiyyətlə, həkimin reklama ehtiyacı varmı? Tibdə əsas reklam vasitəsi nəticə, etibar və pasiyent məmnuniyyəti olmalıdır. Əks halda həkimlik məlumatlılıq deyil, piar yarışı halına gəlir. Beynəlxalq tənzimləmələrə görə, tibdə özünü tərif edən reklamlar, “ən yaxşı həkim”, “möcüzə nəticə”, “100 faiz sağalma” kimi ifadələr qadağandır. Çünki bu, həm xəstəni aldada bilər, həm də tibbi reallığı təhrif edir. Eyni zamanda, televiziya və digər media quruluşlarında həkimlərin çıxışı üçün də meyarlar müəyyən edilir. Efirə ekspert olaraq çıxan həkimlər ixtisası, təcrübəsi və akademik fəaliyyətinə görə seçilir. Sponsorlu çıxışlar isə ciddi tənzimlənir və bəzən tam qadağan olunur”.
Səhiyyə sistemi yalnız insanlar xəstə olanda deyil, sağlam olanda da onların yanında olmalıdır
Deputatın fikrincə, bu baxımdan Azərbaycanda da media üçün tibbi ekspert seçimi qaydalarının, reklam və piarın etik çərçivəsinin və həkimlərin fəaliyyətinə dair məlumatların vahid sistemdə toplanmasının vaxtı çatıb: “Əgər sağlıq sektoruna ictimai etibar artırılacaqsa, bunun yolu şəffaflıq, peşəkarlıq və nizamlanmış qaydalardan keçir. Belə yanaşmalar həm pasient, həm peşəkar həkim, həm də dövlət üçün qazanclıdır. Səhiyyə sistemi yalnız insanlar xəstə olanda deyil, sağlam olanda da onların yanında olmalıdır. Məlumatlı seçim isə bunun ən vacib şərtlərindən biridir”.
Həkimlərin vahid data bazası yaradıla bilərmi? – cavab yoxdur
Müsahiblərimizin də təklif etdiyi kimi, Azərbaycanda beynəlxalq təcrübədən yararlanaraq həkimlərin reytinq cədvəlini, səhlənkarlıq statistikasını, real pasiyent rəylərini özündə birləşdirən həkimlərin vahid data bazası yaradıla bilərmi? Problemin həlli istiqamətində işlər görülürmü?
Bununla bağlı, əvvəlcə, Səhiyyə Nazirliyindən məlumat almaq istədik. Daha sonra onların istiqamətləndirilməsi ilə həkimlərin fəaliyyətinə nəzarət edən qurum olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlamağımıza baxmayaraq, bildirildi ki, məsələ TƏBİB-in fəaliyyət istiqamətlərinə aid deyil.
Həmçinin Baş Prokrurorluqdan da mövzuya münasibət bildirilməyib.
Belə olanda, məsələnin həllinin mümkünlüyünün nə dərəcədə real olub-olmaması şübhə altında qalır.