Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb Hadisə

Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadılıb

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə seçilmiş qətimkan tədbirinin müddətinin uzadılması barədə istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Bu gün Bakı şəhəri Səbail Rayon Məhkəməsində Mehdiyev Ramiz Ənvər oğlu barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.

Xatırladaq ki, Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi ötən il oktyabrın 14-də Ramiz Mehdiyev barəsində açılan cinayət işi üzrə qərar qəbul edib.
Məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyevin barəsində verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bundan başqa, cinayət işi üzrə AXCP sədri Əli Kərimli, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi və Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və "Hürriyyət" qəzeti və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov həbs olunub.

Dünən məhkəmə onlar barəsində seçilən həbs qətimkan tədbirlərinin müddətini müvafiq olaraq uzadıb.

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.