İRİA: “MygovBusiness” yaxın aylarda pilot olaraq istifadəyə veriləcək Hadisə

İRİA: “MygovBusiness” yaxın aylarda pilot olaraq istifadəyə veriləcək

Azərbaycanda sahibkarlar üçün dövlət xidmətlərini vahid platformada birləşdirəcək “MygovBusiness” layihəsi yaxın aylarda pilot olaraq istifadəyə veriləcək.

“APA-Economics” xəbər verir ki, bunu "Azərbaycan – Türkiyə biznes forumu: Rəqəmsal transformasiya və texnologiya körpüsü” forumunda panel müzakirəsi zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) rəqəmsal məhsulların inkişafı departamentinin müdiri Emil Rüstəmov deyib.

O bildirib ki, platformanın əsas mandatı dövlət xidmətlərinin rəqəmsallaşdırılması olsa da, bu proses yalnız vətəndaşlarla məhdudlaşmır:

“Biz anlayırıq ki, sahibkarlar və biznes subyektləri də dövlət xidmətlərinə bir pəncərə prinsipi əsasında müraciət etməyə ehtiyac duyurlar. Artıq bir neçə aydır bu istiqamətdə fəaliyyət genişləndirilib və “MygovBusiness” platforması üzərində iş aparılır. Layihə dünyanın ən böyük İT şirkətlərindən biri olan “EPAM” ilə birgə hazırlanır".

İRİA rəsmisi qeyd edib ki, platforma ilkin mərhələdə pilot rejimdə təqdim olunacaq, daha sonra isə ilin sonuna qədər funksionallığı genişləndiriləcək:

“Vergi, gömrük, ədliyyə və digər sahibkarlara yönəlik xidmətlər vahid platforma çətiri altında daha rahat və sistemli şəkildə təqdim ediləcək. “MygovBusiness” əsasən G2B (dövlət-biznes) və B2G (biznes-dövlət) istiqamətlərini əhatə edəcək.

Sahibkarlara yönəlik rəqəmsal xidmətlərin vahid sistemdə birləşdirilməsi biznes mühitində şəffaflığın və operativliyin artırılmasına xidmət edəcək, eyni zamanda ən yeni texnoloji həllərin tətbiqinə imkan yaradacaq”.