17:58
686
Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilən şəxsin 4 milyon manatdan artıq dəyərdə qızıl qaçaqmalçılığında təqsirləndirilən dəstənin daha bir üzvü olduğu məlum olub.
APA-nın əldə etdiyi məlumata görə, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq olunan cinayət işi üzrə Səmədzadə Tural Akif oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib. O, 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilərək həbs edilib.
“Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında ekstradisiya haqqında” 20 noyabr 2006-cı il tarixli Müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Səmədzadə Tural Akif oğlunun ekstradisiyası haqqında ölkəmizin vəsatəti Birləşmiş Ərəb Əmirlikləri tərəfindən təmin edilib.
Təqsirləndirilən şəxs bu gün Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən ölkəmizə gətirilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya məlumatı təsdiqləyiblər. Bildirilib ki, Baş Prokurorluq tərəfindən cinayət işi üzrə axtarışda olan digər şəxslərin yerinin müəyyən edilməsi və onların ölkəmizə gətirilməsi istiqamətində zəruri əməliyyat-axtarış və hüquqi tədbirlərin həyata keçirilməsi davam etdirilir.