Ölkə səviyyəsində kiberhücumlara qarşı koordinasiya mərkəzi yaradılacaq Hadisə

Ölkə səviyyəsində kiberhücumlara qarşı koordinasiya mərkəzi yaradılacaq

Ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün mərkəz yaradılacaq.

Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün fəaliyyət planı”nda əksini tapıb.

Sərəncama əsasən, 2026-cı ilin dekabrına qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə ölkə səviyyəsində kiberhücumlara qarşı dayanıqlı müdafiə, onların nəticələrinin təhqiqatı və aradan qaldırılması fəaliyyətinin koordinasiyası üçün mərkəzin yaradılmasını təmin etməlidir.

Mərkəzin səlahiyyət və funksiyalarını müəyyən edən normativ hüquqi çərçivə hazırlanacaq, maddi-texniki və kadr resurslarına dair texniki-iqtisadi əsaslandırma hazırlanacaq, Elektron Təhlükəsizlik Xidmətinin nəzdində Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzinin (N-SOC), Milli Kiberinsidentlərə qarşı Mübarizə Mərkəzinin (N-CERT) və rəqəmsal sahədə təhqiqat fəaliyyəti üzrə ixtisaslaşmış mərkəz yaradılacaq, Elektron Təhlükəsizlik Xidməti tərəfindən ölkədə baş vermiş insidentlərin toplanılması və kateqoriyalar üzrə cavab reaksiyalarının verilməsi fəaliyyəti koordinasiya ediləcək.