11:17
595
Azərbaycanda 227 adda müdafiə təyinatlı məmulat istehsal edilib.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.
Qeyd edilib ki, hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 227 adda müdafiə təyinatlı məmulat istehsal edilərək aidiyyəti dövlət orqanlarına təhvil verilib, 92 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 310 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.
2025-ci ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən istehsal edilən məhsul həcmində əvvəlki illə müqayisədə 44.1% artım olub. Hesabat ilində Nazirliyin müəssisələri tərəfindən ixrac edilən məhsulların həcmi əvvəlki illə müqayisədə 57% artıb. Bununla yanaşı mərkəzi icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlarla mülki və ikili təyinatlı məmulatların istehsalına dair imzalanmış müqavilələr üzrə öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi işləri uğurla həyata keçirilib. Müdafiə Sənayesi Nazirliyinin tabeli müəssisələrində istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların və onların ehtiyat hissələrinin çeşidlərinin sayı 1000-dən artıqdır. 2025-ci ildə 64 adda mövzunu əhatə edən 69 müdafiə təyinatlı məmulat üzrə təcrübi-konstruktor işləri aparılıb. Nazirliyin Elmi-Tədqiqat İnstitutunda 2025-ci ildə müdafiə təyinatlı məmulatların yaradılması işləri istiqamətində 15 mövzu üzrə təcrübi-konstruktor və 14 mövzu üzrə elmi-tədqiqat işləri davam etdirilib.
Nəzərə çatdırılıb ki, 2025-ci ildə Azərbaycanda 15 özəl şirkətə Müdafiə Sənayesi Nazirliyi tərəfindən müvafiq lisenziyalar verilib.