“Repressiya və folklor“ mövzusunda elmi konfrans keçirilib Hadisə

“Repressiya və folklor“ mövzusunda elmi konfrans keçirilib

AMEA Folklor İnstitutunda 1937-ci il repressiyasında həlak olmuş folklorşünas alimlərin xatirəsinə həsr olunmuş "Repressiya və folklor" adlı elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açıb, təbbir məqsədi barədə danışıb: "Bu konfrans təkcə bu sahədə əmək sərf etmiş ayrı-ayrı ustadları, onların gördüyü işləri və çəkdikləri əzabları xatırlamaq üçün təşkil edilməyib. Bunlar məsələnin mənəvi tərəfidir. Məsələnin daha ciddi tarixlə, siyasətlə, elmlə bağlı tərəfləri də var. Sözügedən tarix bizə çox uzaq olmasa da, burada qaranlıq məqamlar çoxdur O, dövrün folklorşünasları həqiqətən görkəmli alimlər idilər, folklor elmimizin təməlini qoymuşdular. Hənəfi Zeynallı, Salman Mümtaz, Hümmət Əli¬zadə, Vəli Xuluflu, Yusif Vəzir Çəmənzəminli və başqaları belələrindəndir. H.Zeynallı və Y.V.Çəmən¬zəminlini xatırlamaq kifayətdir ki, o dövrdə hansı səviyyədə elmi araşdırmalar aparıldığı haqqında təsəvvürümüz yaransın. Təəssüf ki, H.Zeynallının nəzəri tədqiqatları sonrakı dövrdə davam etdirilmədi. Xeyli vaxt keçəndən sonra Məmmədhüseyn Təhmasib yetişdi. Ənənənin birdən-birə qırılması folklorşünaslığımıza ciddi mənfi təsirini göstərdi. Repressiya olunmuş insanların dustaqlıq həyatı ilə bağlı elə qaranlıq məqamlar var ki, bu gün tanınmış ziyalılar tərəfindən də yanlış şəkildə yozulur. O dövrdə siyasi proseslər necə baş verib, necə davam edib, hansı şəkildə, hansı məqsədlərə xidmət edib, bunların hamısını dərindən öyrənməyə, araşdırmağa, yenidən dəyərləndirməyə ehtiyac var".
Folklor İnstitutunun "Klassik folklor" şöbəsinin müdiri, fil.ü.f.d., dos. Rza Xəlilov "Repressiya illərində Bəhlul Behcətin folklorşünaslıq fəaliyyəti" mövzusunda məruzə edib. O, öncə B.Behcətin həyatı haqqında qısa bilgi verib. Qeyd edib ki, B.Behcət 1918-ci ildə Azərbaycanda Demokratik Cümhuriyyət qurulduqdan sonra 1920-ci ilə qədər Zəngəzurun qazısı vəzifəsində çalışıb. Azərbaycanda bolşevizm bərqərar olduqdan sonra onun həyatının ağır günləri başlayıb. Süni quraşdırılmış bir ittiham əsasında ilk dəfə 1924-cü ildə həbs edilir. 10 ildən sonra həbsdən qayıdır: 3 il ərzində əvvəlcə "Azərnəşr"də, sonra isə Elmlər Akademiyasının Azərbaycan filialının Ədəbiyyat sektorunda işləyib. Bu elm ocağı Bəhlul Bəhcətin son iş yeri olub. 1937-ci ilin avqustunda yenidən həbs olunub, 15 mart 1938-ci ildə quraşdırılmış ittihamlar əsasında güllələnib. 20 ildən sonra Azərbaycan SSR Ali Məhkəməsinin 5 noyabr 1958-ci il tarixli qərarı ilə ona bəraət verilib. Şərq ədəbiyyatı və dillərini, həmçinin Şərq tarixini gözəl bilən B.Bəhcətin bizə gəlib çatmış əsərləri onun görkəmli ədəbiyyatşünas, folklorşünas olduğunu göstərir: "Deyilənə görə, o, Əmin Abidlə birlikdə Firdovsinin "Şahnamə"sini dilimizə tərcümə edib". Həm də bir ədəbiyyatşünas kimi tanınmış B.Bəhcət 19-cu yüzilin məşhur şairlərindən olan Əbülqasim Nəbatinin ədəbi irsinin toplanmasında və araşdırılmasında böyük rol oynayıb. 1935-ci ildə bu sahədə fəaliyyətinin məntiqi nəticəsi olaraq "Nəbati" kitabını çap etdirib. B.Bəhcətin yaradıcılığında Azərbaycan folkloru, xalq ədəbiyyatı geniş yer tutub. Azadlığa çıxdıqdan sonra ədəbi yaradıcılıqla məşğul olduğu dövrdə yazdığı "Nəbati-Xan Çobanı", "Sarı Aşıq", "Aşıq" təxəllüslü bayatı şairinin tərcümeyi-halı və yaradıcılığı", "El şairi" və "El şairləri", "Aşıq Mahmud" adlı məqalə və resenziyaları ədəbiyyatın, folklorun onun yaradıcılığında mühüm yer tutduğunu, müəllifin necə məhsuldar qələm sahibi olduğunu göstərir. Onun bu dövrkü fəaliyyətində müşahidə edilən canlanma ölkədə kütləvi repressiyaların daha güclü bir dalğasının başlandığı dövrə təsadüf edir. Görünür, B.Bəhcət rejim tərəfindən ona ayrılan vaxtın daraldığını, azaldığını hiss etmiş, bu sahədə daha çox iş görmək lazım gəldiyini fitrətən dərk etmişdi".
R.Xəlilov bu dövrdə "Ədəbiyyat" qəzetində "Çoban" imzası ilə dərc olunmuş bir məqalənin onun folklorşünas olaraq bu sahədə toplayıcılıq fəaliyyətinə işıq saldığını bildirib: "Ərəbcə "sevinc", və "gözəllik" mənalarını ifadə edən "Bəhcət" təxəllüslü Bəhlul Əfəndi Azərbaycan xalq ədəbiyyatına, klassik Şərq mədəniyyətinə yaxından bağlı olub. Bəhlul Əfəndi həm dünyəvi elmlərlə, həm də siyasətlə məşğul olsa da, bütün ömrü boyu Azərbaycan xalq ədəbiyyatına qırılmaz tellərlə bağlı olub. Sarı Aşığın bayatılarını toplayıb kitab halına salıb, "Nizami və Qafqaz folkloru" mövzusunda elmi əsər yazıb. Təəssüf ki, Bəhcətin Azərbaycan tarixinə dair yazdığı əsərlərinin çoxu itib-batıb. Behcət bayatılara izah yazıb. "Azərbaycanda təriqətlər" adlı əsəri də var".
BDU-nun "Azərbaycan ədəbiyyatı tarixi" kafedrasının professoru, fil.ü.e.d. Yeganə İsmayılova "Dədə Qorqud" eposu və müasir Azərbaycan ədəbiyyatı" problemi stalinizm repressiyaları kontekstində" adlı məruzəsində bildirib ki, "Dədə Qorqud" eposu bütün ruhu ilə sovet imperiyasının ideologiyasının əksinə idi. Əmin Abid 1926-cı ildən başlayaraq "Dədə Qorqud"a dair silsilə məqalələr yazaraq mətbuatda çap etdirməklə Azərbaycan milli ziyalılarında - tədqiqatçılarda, yazıçı və şairlərdə eposa marağın yaranmasında böyük rol oynayıb. Eposun Azərbaycanda ilk nəşri Həmid Araslı tərəfindən stalinizm repressiyasının qanlı ölüm maşınının var gücü ilə işlədiyi bir vaxtda - 1939-cu ildə hayata keçirilib. Daha sonra Məmmədhüseyn Təhmasib dastandan müəyyən hissələri 1941-43-cü illərdə çap etdirib. Sonra "Dədə Qorqud" eposunun özünün, tədqiqatçılarının və ona müraciət etmiş yazıçı və şairlərin repressiyası başlanıb. Nəhayət, 1956-cı ildə stalinizm epoxasının başa çatması ilə eposun sürəkli nəşri və tədqiqinə imkan yaranıb".
Folklor İnstitutunun "Beynəlxalq əlaqələr" bölməsinin müdiri Əli Şamil "Folklorun repressiyaya uğramasının səbəbləri" məruzəsində Sovet dövrünün xalqlara gətirdiyi total əsarətdən bəhs edib, imperiyanın proletar ədəbiyyatı yaratmaqla bağlı gedişlərinin mahiyyətini açmağa çalışıb: "Bu zaman folkora ikili münasibət yarandı. Folkloru araşdıranlara qarşı hücumlar başlandı. Çünki elmi həqiqətlə sovet ideologiyası uyğun gəlmirdi".
Fil.ü.e.d., prof. Cəlal Məmmədov "Milli mənəvi dəyərlərin repressiyası" adlı məruzəsində bildirib ki, folklor milli təfəkkür hadisəsi olmaqla, eyni zamanda yaddaş hadisəsidir: "O zaman ən ciddi zərbə elə folklora dəydi. Əvvəla, folklor ona görə hədəf seçilirdi ki, milli idi. O illərin formulu belə idi: "Məzmunca sosialist, formaca milli". Folklor isə həm formaca, həm də məzmunca milli idi. Milli olduğuna görə də hədəf olmalı idi. Onu məzmunca sosialistə çevirmək lazım idi". Alim bütövlükdə repressiyaların başvermə səbəblərinə toxunub, faktlar əsasında fikrini əsaslandırıb: "Latın sözü olan "repressiya" "cəzalandırmaq" deməkdir. Sovetlər dönəmində bu söz öz funksiyasını itirdi, "məhvetmə" kimi yeni çalar qazandı".
O, repressiv aksiyaların mexanizmi haqqında danışıb: "Stalin repressiyası hər hansı bir fərdə qarşı yönəlməmişdi. Repressiyanın hədəfi birbaşa milli ideologiya idi. Milli təfəkkürü dağıtmaq, genetik kodu məhv etmək istəyirdilər. Folklor bütün dünyanın proletarlarını yox, bütün insanları birləşdirirdi. Sovet ideologiyasının tələbinə görə təfəkkür tərzi də proletarlaşmalıydı, kirilləşməliydi, kolxozlaşmalıydı, sovetləşməliydi. Məsələyə bir az qlobal yanaşmalıyıq. İlk dəfə repressiyaya kimin, harda, necə məruz qalmasından öncə haranın, necə məruz qalması sualına cavab tapmalıyıq. Repressiyanın 20-ci əsrdə ilk qurbanı və şəhidi elə Cümhuriyyətin özüdür. Bir qədər də dərinə getsək, görərik ki, repressiyanın səsi-sorağı Gülüstan, Türkmənçay müqavilələrindən qaynaqlanır. İlk şəhidi də elə Cavad xanın özü olur". Natiq 30-cu illərdəki ədəbi məhkəmələrdən, ayrı-ayrı məşhur əsərlərin obrazlarının məhkəməyə çəkilməsindən danışıb, bunun ardınca isə gerçək repressiyaların intişar tapdığını bildirib.
Konfransın sonundda məruzəçilər onlara ünvanlanan sualları cavablandırıblar. Müzakirələrdə Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, "Müasir folklor" şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat, fil.ü.f.d., dos. Nizami Muradoğlu və başqaları çıxış ediblər. Sonda konfransı yekunlaşdıran akademik Muxtar Kazımoğlu-İmanov məruzəçilərə əhatəli məruzələrinə görə təşəkkürünü bildirib, bu sahədə araşdırmaların davam etdirilməsinin gərəkliyini bildirib.

Elçin Qaliboğlu