09:47
525
WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən indiyədək təşkil olunan ən böyük forum kimi tarixə düşüb.
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax WUF13 çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında deyib.
O bildirib ki, tədbir şəhərlər və icmalar üçün həlledici dövrdə keçirilir və urbanizasiya ilə bağlı qlobal çağırışlar daha sürətli, əlaqələndirilmiş və inklüziv fəaliyyət tələb edir.
“WUF13 UN-Habitat tərəfindən indiyədək keçirilmiş ən böyük forumdur. Burada 182 ölkədən dövlət başçıları, nazirlər, merlər, BMT rəsmiləri, biznes, akademik dairələr və vətəndaş cəmiyyətinin nümayəndələri daxil olmaqla, minlərlə iştirakçı təmsil olunur”, – o vurğulayıb.
UN-Habitatın rəhbəri bildirib ki, Bakı qlobal davamlı şəhərsalma dialoqunun aparıldığı əsas platformalardan birinə çevrilib.
“Biz Azərbaycan hökumətinə bu qlobal platformaya ev sahibliyi etdiyinə və davamlı şəhər inkişafı sahəsində əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfəyə görə minnətdarıq”, – Rossbax deyib.
O qeyd edib ki, hazırda dünyada təxminən 3 milyard insan mənzil təhlükəsizliyi problemi ilə üzləşir, 1 milyarddan çox insan qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır, 300 milyondan artıq insan isə evsizlik problemi yaşayır.
“Nəzərə almalıyıq ki, bu, yalnız mənzil böhranı deyil. Bu, inklüzivlik, imkanlar, dayanıqlılıq böhranıdır”, – o çıxışında bildirib.
Qeyd olunub ki, mənzil insan hüququdur və davamlı şəhərlərin qurulması üçün əsas şərtlərdən biridir.
“Mənzil inteqrasiya olunmuş şəhər həllərinin mərkəzində dayanmalıdır. Bu yanaşma torpaq idarəçiliyi, əsas xidmətlər, iqlim fəaliyyəti, mobillik və iqtisadi imkanlarla əlaqələndirilməlidir”, – Rossbax vurğulayıb.