
“Son günlər Azərbaycanda müşahidə olunan güclü və uzunmüddətli yağışların əsas səbəbi atmosferdə müxtəlif hava kütlələrinin toqquşması və qeyri-sabit sinoptik proseslərdir. Xüsusilə may ayı keçid mövsümü olduğuna görə həm isti, həm də soyuq hava axınları tez-tez qarşılaşır. Bu da güclü buludlanma, leysan, şimşək və bəzi yerlərdə dolu ilə nəticələnir. Meteoroloqlar bildirirlər ki, şimaldan daxil olan soyuq hava kütlələri cənub və cənub-qərbdən gələn isti və rütubətli hava axınları ilə qarşılaşır, atmosfer cəbhələri yaranır və nəticədə qısa müddətdə normadan artıq yağıntı düşür”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
O qeyd edib ki, metrologiyada hər güclü yağış avtomatik olaraq təbii fəlakət kimi qiymətləndirilmir: “Lakin bu hallarda yağış hadisəsi artıq fövqəladə hidrometroloji hadisə hesab olunur: Qısa müddətdə normadan bir neçə dəfə artıq yağıntı düşürsə; Şəhər infrastrukturu (yollar, tunellər, metro, drenaj sistemləri) fəaliyyətini itirirsə; Yaşayış evlərinə və əmlaka ziyan dəyərsə. Bu hallarda hadisə artıq urban daşqın və ya hidrometroloji təbii fəlakət kimi qiymətləndirilir. Metrologiyada 24 saatda 100 mm və daha çox yağış çox vaxt “ekstrem güclü yağış”hesab olunur, saatda 50 mm-dən yağış “çox güclü” və 80 mm/saatdan yuxarı isə “ekstrem intensivlik” sayılır. Metrologiyada “norma“ anlayışı müəyyən ərazi üzrə uzun illərin (adətən 30 ilin) orta yağıntı göstəricisinə əsaslanır. Əgər ay üzrə orta norma 20 mm-dir və faktiki düşən yağıntı 80-mm olarsa, bu zaman həmin yağıntı normadan 4 dəfə artıq hesab edilir”.
İ.Həsənovanın sözlərinə görə, hazırda Xəzər dənizi üzərindən gələn yüksək rütubət də prosesi gücləndirir: “Buna görə Bakı və Abşeronda aylıq yağıntı norması bəzi ərazilərdə 200–279% artıq qeydə alınıb. Bundan başqa, iqlim dəyişikliyi də mühüm rol oynayır. Son illərdə havalar daha dəyişkən olur, yağıntılar daha intensiv və qısamüddətli şəkildə düşür, mövsümlərarası keçidlər daha sərt keçir. Hazırkı proseslərin nəticəsi olaraq çaylarda su səviyyəsi artır, bəzi dağ çaylarında sel riski yaranır, torpaq sürüşməsi və lokal subasma ehtimalı yüksəlir. Elmi müşahidələr göstərir ki, son illərdə ekstrem yağıntı hadisələrinin tezliyi artmaqdadır. Bu artım əsasən qlobal temperaturun yüksəlməsi, atmosfer rütubətinin artması və regional hava dövranının dəyişməsi ilə bağlıdır. Bu səbəbdən qısamüddətli, lakin çox intensiv yağışlar artıq nadir hadisə deyil, yeni iqlim reallığının göstəricisi hesab olunur”.
Ekoloq eləcə də bildirib ki, son illərdə Azərbaycanda da müşahidə olunan bəzi güclü və lokal intensiv yağıntılar iqlim norması ilə müqayisədə yüksək göstəricilər nümayiş etdirir: “Xüsusilə şəhər ərazilərində qısa müddətdə çox yağıntı düşməsi yolların su altında qalmasına, nəqliyyatın çətinləşməsinə və kanalizasiya sistemlərinə əlavə yük düşməsinə səbəb olur. Əgər rəsmi məlumatlarda yağıntının normadan 3-4 dəfə artıq olduğu qeyd edilirsə, bu artıq adi meteoroloji hadisə deyil, ekstrem hava hadisəsi kimi qiymətləndirilə bilər. Müasir dövrdə iri şəhərlərdə müşahidə olunan intensiv yağışlar təkcə lokal hava hadisəsi deyil, qlobal iqlim dəyişikliklərinin praktik nəticəsidir. Normadan bir neçə dəfə artıq düşən yağıntılar isə hidrometeroloji risk hesab olunur və bəzi hallarda təbii fəlakət səviyyəsinə çata bilər. Bu səbəbdən şəhərsalma planlaşdırılması, drenaj sistemlərinin yenilənməsi və iqlimə uyğun adaptasiya tədbirləri getdikcə daha böyük əhəmiyyət daşıyır”.
Röya İsrafilova