Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir Hadisə

Komitə sədri: WUF13 beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının ifadəsidir

Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etmək həm böyük məsuliyyət, həm də beynəlxalq ictimaiyyətin və UN-Habitatnın bizə göstərdiyi etimadın ifadəsidir.

“APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən rəsmi açılış mətbuat konfransındakı çıxışında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli koordinatoru Anar Quliyev deyib.

O qeyd edib ki, bu tərəfdaşlıq və WUF13-ü mümkün edən sıx əməkdaşlıq yüksək qiymətləndirilir:

“Əməkdaşlığımız dayanıqlılıq, inklüzivlik, davamlılıq və şəhərlərin ilk növbədə insanlara xidmət etməli olduğu inancı kimi ortaq dəyərlər üzərində qurulub. Azərbaycan üçün WUF13-ə ev sahibliyi sadəcə beynəlxalq tədbir deyil, bu, milli prioritetlərimizin və gələcəyə baxışımızın təzahürüdür. Ölkəmizdə biz şəhərlərin modernləşdirilməsi, yaşıl infrastrukturun genişləndirilməsi, ictimai xidmətlərin yaxşılaşdırılması, əlçatan mənzil layihələrinə investisiya, iqlim davamlılığının gücləndirilməsi və daha ağıllı, daha inklüziv icmaların qurulması istiqamətində genişmiqyaslı transformasiya işləri həyata keçiririk”.

A.Quliyev deyib ki, eyni zamanda, azad edilmiş ərazilərimizdə dövrümüzün ən böyük yenidənqurma və inkişaf layihələrindən biri icra olunur:

“Bir vaxtlar dağıdılmış şəhər və kəndlər dayanıqlılıq, ağıllı şəhərsalma, yaşıl inkişaf və insan ləyaqəti prinsipləri əsasında yenidən qurulur.

Bu, sadəcə yenidənqurma deyil, yeni şəhər inkişaf modelinin yaradılmasıdır”.